31 May 2017
Mətni dəyiş
“Bu gün təməli qoyulan müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun bu nəcib işə töhfəsidir. Hesab edirəm çox gözəl bir haldır ki, dövlətlə yanaşı, iş adamları, sahibkarlar da bu məsələyə dəstəyini verməyə hazırdırlar”.
Mayın 30-da Qaradağ rayonundakı Qobu qəsəbəsində məcburi köçkün ailələrindən ötrü yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış edən birinci vitse-prezident Mehriban Əliyeva belə deyib.
AzadlıqRadiosunun məlumatına görə, o, 20 ildən çoxdur ki, doğma yurdundan didərgin düşmüş 1 milyona yaxın azərbaycanlının üzləşdiyi problemlərdən danışıb.
“Həm çadır şəhərciklərinin ləğvində, həm humanitar faciənin qarşısının alınmasında Azərbaycan dövlətinin təcrübəsi, nadir bir təcrübədir və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Görülən bütün tədbirlərə baxmayaraq, bu sahədə öz həllini tapmayan problemlər mövcuddur”, deyən vitse-prezident Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda, hələ də minlərlə insanın yaşadığını qeyd edib.
Mehriban Əliyeva “Paşa İnşaat” şirkətinin qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində təşəbbüsünü alqışlayıb. O, Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, sahibkarları da təşəbbüsü dəstəkləməyə dəvət edib.
Daha sonra Mehriban Əliyeva kompleksin təməlini qoyub.
1988-ci ildə Qarabağ münaqişəsi Azərbaycana özü ilə qaçqın və məcburi köçkün problemi gətirib.
1988-ci ildə 300 minə yaxın azərbaycanlının Ermənistandan deportasiya edildiyi bildirilir. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Bu zaman isə 600 mindən çox insanın köçkün düşdüyü bildirilir. Bakıda və Azərbaycanın digər işğal edilməyən ərazilərində yaşayan ermənilər də münaqişə dövründə deportasiya edilib. Bu deportasiyanın da bir neçə yüz mini əhatə etdiyi söylənir.