17 May 2017
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrliyilə hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı konfliktoloq Arif Yunusun işi üzrə məhkəmə davam edib.
Onlar 2014-cü ilin yayında yerli və xarici QHT-lərə qarşı təqib kampaniyası çərçivəsində həbs olunublar. 2015-ci ilin avqustunda cütlük uzunmüddətli həbs cəzası alıb. Onlar iqtisadi cinayətlərdə təqsirləndirilib.
Beynəlxalq təşkilatların etirazından sonra 2015-ci ilin dekabrında real həbs müddəti şərti cəza ilə əvəzlənib və onlar həbsdən buraxılıblar.
2016-cı ilin aprelində müalicə üçün xaricə gediblər.
Leyla və Arif Yunusların Ali Məhkəmədə kassasiya şiyakətinə baxılması dəfələrlə təxirə salınıb. Nəhayət, dekabrın 27-də Ali Məhkəmə təkrar baxılmaq üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib.
İşə təkrar baxılması aprelin 19-da başlamalıydı, ancaq dövlət ittihamçısının vəsatəti ilə məhkəmə təkrar məhkəmə istintaqının aparılması barədə qərar qəbul edib. Prokuror Yunusların şəxsən iştirakına təkid edib.
Vəkil Elçin Sadıqov bugünkü məhkəmə iclasında bildirib ki, Leyla və Arif Yunuslar xaricdə uzunmüddətli müalicə alır. Vəkil onların ya skype, ya da Facebook vasitəsilə dindirilməsi barədə vəsatət qaldırıb.
Ancaq məhkəmə vəsatəti təmin etməyib və onların məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib. Növbəti iclas mayın 31-i saat 12:00-a təyin edilib.
Polisə cütlüyün gətirilməsinin təmin edilməsi tapşırılacaq. Növbəti addım isə onların barəsində beynəlxalq axtarış olacaq, vəkil bildirib. O, məcburi qaydada gətirilmə ilə bağlı qərarı qanunsuz adlandırıb.
Vəkil bildirib ki, Leyla və Arif Yunuslara qarşı apellyasiya şikayəti və ya etiraz olmayıb, təkrar məhkəmənin keçirilməsi əsassızdır.
Kassasiya şikayətini onlar özləri veriblər, odur ki, onların cəzasının ağırlaşdırılması və ya hüquqi vəziyyətinin pisləşdirilməsi yolverilməzdir, vəkil qeyd edib.
"Görünür, işin Apellyasiya Məhkəməsinə qaytarılması barədə Ali Məhkəmənin qərarında məqsəd onların barəsində beynəlxaq axtarışın elan edilməsi olub", - E.Sadıqov hesab edir.