“Azərbaycan çox vacib geopolitik bölgədə yerləşdiyindən böyük güclər ölkəmizi öz təsir dairələrində saxlamaq istəyir. Söhbət İran, Rusiya və Qərbdən gedir. Çünki şimaldan cənuba, qərbdən şərqə bütün yollar Azərbaycandan keçir ”.
Bunu Azərbaycanın Rusiyada keçmiş səfiri, politoloq Hikmət Hacızadə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyevin ölkəyə kənardan təhdidlər olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Ancaq Hikmət Hacızadə İranla Rusiyanın maraqlarının Qərbin maraqlarından fərqləndiyini düşünür:
“Rusiyanın maraqları aydındır, şimal dövləti maddi maraq güdür. İkinci, Rusiyadan İrana mal gedir, yaxud əksinə. Amerika Azərbaycanın hava limanları vasitəsilə Əfqanıstana silah-sursat daşıyır. Məsələ ondadır ki, Rusiya yeni texnologiya istehsal etmir, ona görə Azərbaycandan maddi maraq umur, yalnız qazanc istəyir. Qərb isə Azərbaycana öz mallarını gətirmək niyyətindədir, bura açıq bazar kimi baxır. Sivilizasiyaların fərqi bundadır ”.
“ Bizi qonşularımız, cənubdan İran, şimalda Rusiya təhdid edir ”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş (MTN) zabiti İlham İsmayıl isə bildirir ki, Mədət Quliyev açıq söyləməsə də, təhdidlərin hansı bucaqlardan gəldiyi məlumdur.
O deyib ki, Mədət Quliyev açıq danışmaya bilər, ancaq belə məzmunda fikirləri də müsbət haldır.
[caption id="attachment_33801" align="alignnone" width="1023"]
İlham İsmayıl[/caption]
İlham İsmayılın fikrincə, Azərbaycanı nə okeanın o tayından – ABŞ-dan təhdid edirlər, nə də bu tayından –Avropadan.
“Bizi qonşularımız, cənubdan İran, şimalda Rusiya təhdid edir. Hər iki dövlət öz marağını yeritmək üçün müxtəlif səviyyədə və dərəcədə təhdidlər edir. SSRİ dağılandan bu təhdidlər davam edir və onlar Azərbaycanın müstəqilliyini məcburən qəbul etsələr də, həzm edə bilmirlər ”.
İlham İsmayılın sözlərinə görə, Tehran və Moskva daxildəki adamları vasitəsilə təzyiq edirlər.
“İran dini xətti ilə və cənubda separatçılığı körükləyir, Rusiya hakimiyyət daxilindəki “beşinci kolon”u ilə təzyiq edir. İmkan düşən anda şimal regionlarımızda separatçılığı qızışdırır. Xaricdən isə ən böyük təzyiqlər Ermənistanın vasitəsilə olur. İran maddi yardım göstərirsə, Rusiya hərtərəfli dəstək verir. Rusiya-Ermənistan münasibətləri hərbi-strateji səviyyədədir, Moskva İrəvanı özünün forpostu olduğunu gizlətmir də... ”
Politoloq Hikmət Hacızadə isə Azərbaycanın daxili siyasətinin dövlətə təhdid olduğunu bildirib:
“Əsas təhdid İran və Rusiya yox, daxildə aparılan pis idarəetmə siyasətidir. Bu idarəetmə nəticəsində ölkədə sosial gərginlik, iqtisadi çətinlik və siyasi repressiya bir-birinə dəstək verir. Aparılan siyasətböyük təhdiddir ”
[caption id="attachment_15786" align="alignnone" width="644"]
Hikmət Hacızadə[/caption]
İlham İsmayılın da bəzi məqamlarda Hikmət Hacızadə ilə fikirləri üst-üstə düşür. O, qonşuların təhdidlərindən qorunmağın yollarını ölkənin demokratikləşməsində görür:
“Gürcüstan da Rusiyanın təhdidinə məruz qalıb. Moskvanın müharibə siyasəti nəticəsində ərazilərini itirib. Ancaq daxildə apardığı demokratikləşmə və Qərbə sərt inteqrasiya xətti qarşı tərəfdən dəstək alması ilə nəticələndi. Sabah Rusiya və İrandan Azərbaycan güclü təzyiq olsa, Gürcüstana olan himayədarlığı görməyəcəyik. Daxili siyasət antidemokratik olduğundan indiki şəraiti yaranıb...”.
Xatırlatma
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev bu günlər Park İNN hotelində keçirilən tədbirdə bildirib ki, Azərbaycan bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir. Kənardan Azərbaycana böyük təhdidlər var.
“Xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır”, deyən M.Quliyev vurğulayıb ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var.