İran sərhəddindəki sorğu-sual - Gündüz Ağayev

İran sərhəddindəki sorğu-sual - Gündüz Ağayev
30 May 2017
Mətni dəyiş
Gündüz Ağayev
Bir müddət əvvəl sağlamlığımda problem yaşadım. Büdcəmi və bizim səhiyyənin vəziyyətini nəzərə alaraq üz tutdum qonşu ölkə İrana. Sərhəddə çoxlu insanlarla qarşılaşdım. Onların demək olar ki, hamısı azərbaycanlılardan ibarət idi. Növbəyə riayət etməyən insanları bizim öz sərhədçilərimiz təhqir edir, olmazın söyüşlər yağdırır, qışqırırdılar. Onlar da bunu zarafata çevirib gülür, təhqirləri ərkyana kimi qəbul edirdilər.
İran sərhədində məni növbədənkənar qəbul edib, pasportumu yoxladılar. Görəndə ki, mən də Azərbaycan vətəndaşıyam, aralarında nəsə danışdılar. Digər mülki geyimli İran məmuru məni öz otağına dəvət elədi. Sorğu-sual başladı, nə başladı. Səhər, günorta, axşam nə yediyimdən tutmuş, sənətimə qədər, Azərbaycan-İran münasibətlərindən tutmuş, dünya siyasətinə qədər hər şeyi soruşdu. Bir də ayıldım ki, adamla Maydan hadisələrini müzakirə edirik.
İran məmuru istəyirdi ki, deyim Maydan hadisələri Amerikanın işidir. Tez-tez də Amerika sözünü Şeytan sözü ilə əvəzləyirdi. Mən başa düşürdüm, hansı ölkənin ərazisindəyəm. Onun üçün məmurun hər şey o şeytanın əməlləridir, siz bununla razısınızmı? - sualına rəssamlığıma salıb, təkrar edirdim ki, mən rəssamam, siyasətə qarışmıram, deyə bilmərəm kimin işidir, amma onu deyə bilərəm ki, müharibəyə, insan qanının axıdılmasına qarşıyam.
İran təhlükəsizlik işçisi nə qədər eyni sualı verdisə, məndən eyni cavabı aldı. Sonda rəssamlıqdan bir-iki sual verdi. Terminlərlə danışıb, bunu da həll edəndən sonra nəhayət, sərbəst buraxıldım. Növbədən kənar pasportumun yoxlanılması səbəbi, sən demə, rəngli geyimim, saqqalım imiş. Bunu sonradan məmur özü mənə açıqladı.
Ərdəbildəki xəstəxanaların birində də eyni mənzərə ilə qarşılaşdım. Həkim növbəsi gözləyən xəstə insanlar biləndə ki, azərbaycanlıyam, başladılar "sizin Amerika ilə münasibətləriniz necədir, bütün müharibələrin səbəbkarı o şeytandır, siz bununla razısınızmı?" tipli suallar yağdırmağa. Anlayırdım ki, öz hüquqlarını tələb edə bilməyən, hər addım-başı əzilən, təhqir olunan cəmiyyət, qəzəbini, kinini ona illuziya kimi göstərilən ilğım düşmənə yönəldib. Onların əlində ancaq bu var. Və ilğıma olan nifrət onlar üçün bir təsəllidir.
Tarix boyu total cəmiyyətlər hər zaman itaətkar olub. Avtoritar nə əmr etdisə, o da olmalıdır. Beyin birtərəfli işləyir. Sahibinin ağzından çıxan əmri gözləyir ki, kiməsə nifrət etsin. Heç vaxt ona verilən əmr haqqında düşünməz, öz fikri olmaz, bəlkə bu səhv addımdır deyə əmrdən imtina etməz. Və kimsə çıxıb, ay millət, ay xalq, bəlkə bir az yavaşlayaq, oturub düşünək, bəlkə bu əmr bizim ziyanımıza işləyəcək desə, itaətkar toplum o adamı da çəkinmədən düşmənlərinin sırasına qatacaq. Çünki əmr belədir. Total cəmiyyətdə alternativ fikirə, fərqli dünyagörüşə, onlardan seçilən, onlara yad düşüncə sahibinə yer olmur.
Belə cəmiyyətlərdə "Nifrət etmək" ən funksional metoddur. Hər bir totalitar xalqın düşməni və ya düşmənləri olur. Rusiyada da, Şimali Koreyada da bu belədir. Özü də sizə deyim ki, düşmənə olan bu nifrətdə toplum heç vaxt səmimi olmur. Düşmən bir gecədə dost ola bilər. Yuxarıdan düyməni basandan asılıdır. Məsələn, çox uzağa getməyək götürək elə İranı. Dəqiq bilirəm ki, indi İranda xalq Amerikanı düşmən siyahısndan çıxardıb və bu yer də boş qalmayıb. İndi allah bilir, hansı bədbəxt ölkəni şeytan edib, öz aralarında onun qiybətini qırırlar. Bəs düşmən necə yaranır, onun yaranma səbəbləri nədir? Səbəblər çoxdur. Tapdalanmış, əzilmiş, təhqir olunmuş insanın içində təbii yaranan nifrətini hansı istiqamətəsə yönəltmək lazımdır, ya yox?
Tarixə nəzər salaq. 1792-ci ildə Fransada inqilab gözlənilir. Vəziyyət olduqca gərgindir. Fransa Millət Məclisində Kral ittifaqına qarşı savaş açılması və ya barışın seçilməsi mövzusu müzakirə olunur. Kral 16-cı Lüdovik qərarsızdır. Və nəticədə Fransa Kralı tamam başqa bir qərar verir. Bu qərar Avstriya və Prussiyaya qarşı müharibə elanı idi. Təbii ki, müharibə kralın öz taxtında qalmasına hesablanmışdır.
Totalitar cəmiyyətin nifrətetmə xüsusiyyətini dünya ədəbiyyatında Corc Orruel "1984" romanında çox gözəl təsvir etmişdir. Romanda "Nifrət ikidəqiqəliyi" sözü tez-tez işlədilir. “Nifrət ikidəqiqəliyi”ndə hamı bir nəfər kimi “Vətən xaini”, varlığı belə məlum olmayan Qoldsteynə və ya harada yerləşdiyini bilməyən düşmən ölkəyə qarşı nifrət yağdırmalı, var gücləri ilə onları rədd etməlidilər.
İndi keçək bizim Odlar Yurdumuza. Başqa total cəmiyyətlərin düşməni olduğu kimi azərbaycanlıların da əzəli düşməni var. Səmimiyyət məsələsinə gələndə isə şəxsən mən öz fikrimdə qalıram. Münaqişə uzaq keçmiş olmasa belə yenə də səmimiyyətlərinə inanmıram. Hətta o qədər səmimi deyillər ki, bu problemin həllində indiki hakimiyyət bircə dənə uğur belə qazanmayıbsa, azərbaycanlılar da düşmənlərinə qarşı nifrəti uğursuz lokal çərçivədə olaraq qalır. Düşməninizə nifrətdə səmimi olsaydınınız, olimpiya oyunlarına etiraz edərdiz, Rövnəq müəllimin erməni kilsəsinə pulsuz təbii qazın verilməsi açıqlamasından sonra "Socar"ı vətən xaini çıxardardız. Yeni binasının qarşısında mitinq edərdiz. Hə bax, onda demək olardı ki, nifrətinizdə səmimisiniz. Yoxsa ki, özünüzü aldatmaqla heç nəyə nail ola bilməyəcəksiniz.
Görmüşük insan cəmiyyətdə böyüyər, fikirləri həyata baxışı formalaşar. Amma azərbaycanlının iyirmi altı il əvvəl düşməninə qarşı "hava yaman soyuqdu, ermənilər toyuqdu" münasibəti hələ də dəyişilməz olaraq qalmaqdadır. Müasir sivil dünyada bu münasibətlə çox uzaq gedə bilməzsiz. Ən uzağı kafenin adını "Şuşa" qoymağı sizə heç kim qadağan etməyəcək.
Ancaq yenə də sizi başa düşürəm. Çox gözəl başa düşürəm. Haqqınız tapdanır, səsiniz alınır, hüquqlarınızı qorumaqda çətinlik çəkirsiniz. Əlbəttə, bu qədər zərbə alan insanda qəzəbin, kin-küdurətin yaranması təbiidir. Bu enerjini kiməsə yönəltmək lazımdır. Yoxsa vallah adamın ürəyi partlayar. Amma çox da şey eləməyin…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun