İnzibati məhkəmə Əliyevin Abutalıbova qarşı iddiası üzrə məhkəmə iclasını pozub
16 May 2017
Mətni dəyiş
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin direktoru Mehman Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı iddiasına baxılmasını demək olar ki, pozub.
İşə baxan hakim Elçin Məmmədov məhkəmə iclasının mayın 12-də keçiriləcəyi barədə xəbərdarlığı gec göndərib. Üstəlik, martın 31-də keçirilən məhkəmə iclasında məlumat verilib ki, Turan agentliyinin direktoru sözügedən vaxtda xarici ezamiyyətdə olacaq.
Qeyd etmək lazımdır ki, bildirişdə tarix 1 may göstərlilir. Ancaq zərfin üzərindəki möhürdən məlum olur ki, 14 saylı poçt şöbəsi bildirişi M.Əliyevə mayın 9-də göndərib və 10 saylı poçt şöbəsinə mayın 10-da daxil olub. Məktub agentliyə mayın 12-də iclas günü çatdırılıb.
Martın 31-də cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməyiblər və bu barədə məhkəməni xəbərdar etməyiblər.
Məhkəmə zamanı İ.Əliyev bildirib ki, mayın 9-12-də xaricdə ezamiyyətdə olacaq və bunun nəzərə alınmasını xahiş edib. İclas mayın 1-nə təyin edilib və bu barədə agentlik oxucu auditoriyasına martın 31-də məlumatverib.
Hakim E.Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərəcəyini bildirib ki, meriya növbəti məhkəmə iclasına qədər informasiya sorğusuna cavab göndərsin. Ancaq heç bir cavab gəlməyib.
İddia ərizəsinin predmeti "İnformasiya azadlığı haqqında" qanunun Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən pozulmasıdır, konkret olaraq informasiya sorğusuna cavab verilməməsidir.
Bakı Şəhər İcra Hakimiyyəti informasiya sorğusuna cavab vermir
Sorğu bu il yanvarın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adına göndərilib, iddia isə fevralın 23-də məhkəməyə təqdim edilib.
Bakı meriyasına informasiya sorğusu Buzovna qəsəbəsi, Sübhi küçəsi, 2 ünvandakı binanın 8 və 9-cu mərtəbəsindəki iki mənzillə bağlıdır. Belə ki, 2016-cı il dekabrın 18-də baş vermiş yanğın zamanı həmin mənzillərə ziyan dəyib. Bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin tabeliyindədir.
Qeyd etmək lazımdır ki, agentliyin və bina sakinlərinin öz hüquqları uğrunda birgə mübarizəsi sayəsində İH təmir işləri aparıb, balkonlardakı pəncərələri bərpa edib, binanın fasadını təmir edib. Ancaq bu işdə məhkəmənin rolu olmayıb.
Jurnalistlərin dövlət qurumlarına informasiya sorğusu göndərməsilə bağlı praktika və məhkəmələrin hərəkəti Azərbaycanda durumun acınacaqlı və "İnormasiya azadlığı haqqında" qanunun iflic vəziyyətdə olduğunu göstərir.