İnqilabi rejimlərin dözümlülüyünün sirri [Demokratiya jurnalı]

İnqilabi rejimlərin dözümlülüyünün sirri [Demokratiya jurnalı]
25 May 2017
Mətni dəyiş
İnqilabi rejimlərin dözümlülüyünün sirri
Stiven Levitski Harvard Universitetində dövlət elmləri üzrə professordur.
Lukan Vey Toronto Universitetində siyasət elmi üzrə professordur. İki professor birlikdə "Rəqabətli avtoritarizm: Soyuq Müharibədən sonrakı hibrid rejimlər" (2010) kitabının müəllifidirlər. Hazırda onlar inqilabi rejimlərin dözümlülüyündən bəhs edən kitab üzərində işləyirlər.
İnqilabi rejimlər heyrətamiz dərəcədə dözümlü olurlar. Sovet İttifaqı, Çin, Kuba, Şimali Koreya və Vyetnam kimi ölkələrin nümunəsində görürürük ki, tarixən inqilabi diktaturalar intensiv xarici təzyiqə, zəif iqtisadi göstəricilərə və uzun müddətli siyasi uğursuzluqlara baxmayaraq, onilliklər boyunca davam gətirə bilirlər. Belə rejimlərin bir çoxu Qərb demokratiyalarının xarici siyasətinə ciddi və inadkar problemlər yaradıblar. Hərçənd buna baxmayaraq, siyasətşünaslar bu dözümlülüyün təbiətinə yaxşı bələd deyillər.
Samuel Hantinqtonun və Teda Skospolun əsərlərini əsas tutmaqla, biz inqilabi rejimləri - aşağıdan zorakı, ideoloji və davamlı mübarizəylə başlayıb peyda olanlar ilə; kütləvi təşkilatlanma, dövlət strukturunu və mövcud ictimai nizam qaydalarını dəyişməyə edilən əsaslı cəhdlər nəticəsində yarananlarla - xarakterizə edirik. (İnqilab sonrası rejimlər dedikdə isə biz Meksikada və 1960-larda Sovet İttifaqında olduğu kimi inqilabi mübarizədə iştirak etmiş nəslin nümayəndələrinin artıq sıradan çıxdığı bütün inqilabi rejimləri nəzərdə tuturuq). Bizim xarakteristikamız həm klassik sosial inqilabları (Rusiya, İran, Meksika, Kuba, Çin kimi) və radikal milli-azadlıq mübarizəsi nəticəsində yaranan rejimləri (Anqola, Mozambik, Vyetnam, Zimbabve kimi) əhatə edir. Bura radikal transformasiya məqsədlərinin əsas tutulmadan zorakı müstəqillik mücadiləsinin baş verdiyi nümunələr (İndoneziya), dövlət və sosial strukturun toxunulmaz qalaraq geniş miqyaslı hakimiyyət dəyişiklikyinin baş verdiyi nümunələr (1986-da Filippin, 2004-də Ukrayna, 2011-də Misir), yaxud dövlətin yuxarısında dayanan şəxslərin təşəbbüsüylə radikal dəyişikliklərin baş verdiyi nümunələr (Misirdə Camal Əbdül Nasirin, Peruda Xuan Velaskonun, Efiopiyada Mengistu Hayle Maryamın "yuxarıdan inqilabları") daxil deyil.
İstənilən halda, inqilabi rejimlərin (həmçinin inqilab sonrası) uzunmüddətli davamlılığı heyrətamizdir. Keçən əsrin ən uzun ömürlü avtoritar rejimləri Meksika (83 il) daxil olmaqla, SSRİ (74 il), Çin (63 il və hələ də davam edir), Vyetnam (59 ildir davam edir) və Kuba (54 ildir davam edir) zorakı inqilab nəticəsində doğulublar. İran körfəzindəki bir ovuc neftlə zəngin monarxiyaları saymasaq, müasir diktaturalardan çox azı uzun ömürlü olub.
Soyuq Müharibənin bitməsindən bəri, xarici himayədarların yoxa çıxması, beynəlxalq miqyasda demokratiyanın görünməmiş səviyyədə təbliği və iqtisadi böhranlar dünyadakı əksər avtoritar rejimləri sarsıdıb. 1989-cu ilin Yanvarında mövcud olan 12 inqilabi rejimdən 10-u 2013-cü iləcən mövcudluğunu qoruyub saxlaya bilib, müqayisədə dünyadakı qeyri-inqilabi avtoritar rejimlərin üçdə biri (82-dən 29-u) güclə davam gətirə bilib. Əslində, Sovet İttifaqının çökməsindən sonra inad göstərən yeganə kommunist rejimlərindən Çin, Kuba, Laos, Şimali Koreya və Vyetnam inqilabdan yaranıb. Oxşar olaraq, Berlin Divarının yıxılmasından sonrakı 24 il ərzində Saxara altı Afrikanın mövcudluğunu qoruyan avtoritar rejimləri arasında 3 dənəsi Anqola, Mozambik və Zimbabve zorakı müstəqillik mücadiləsi nəticəsində yaranıblar. Yaxın Şərq və Şimali Afrikada isə Ərəb Baharından ciddi şəkildə təsirlənməyən Əlcəzair və İran isə zorakı mücadilə nəticəsində doğulublar.
Əksər inqilabi rejimlər Post-Soyuq Müharibə dövründə qeyri-adi çağırışlara tab gətirməli oldular. Çin Kommunist rejimi 1989-dakı Tyananmen Meydanı üsyanından salamat qurtula bildi. Kuba inqilabi rejimi Sovetlərin dağılmasından sonra ÜDM-nin 40%-nin itirilməsi bahasına da olsa, mövcudluğunu saxladı və Fidel Kastro hakimiyyətdən getdi. Şimali Koreya Sovetlərin çökməsindən sonrakı kütləvi aclıqdan, həmçinin qurucu lider Kim Il Sunqun ölümündən sonra yaşadı. Anqola və Mozambik isə 1980-cı illərin sonunda Sovet himayədarlığının başa çatmasından sonra Afrikada mövcudluqlarını qoruyan ölkələr oldular. Hər iki ölkə dağıdıcı vətəndaş müharibəsindən və kəskin iqtisadi böhrandan çıxa bildilər. Zimbabve Afrika Milli-Vətənpərvər Birliyi Cəbhəsi (ZANU-PF) güclü müxalifət meydanoxumasına, beynəlxalq tədricə, ÜDM-in 40%-lik itkisinə və tarixin ən dəhşətli hiperinfilyasiya burulğanlarına rəğmən davam gətirdi. Nəhayət, İran İslam rejimi gərgin beynəlxalq təzyiqə, 2009-cu ildəki saxta seçkilərdən sonra baş qaldıran kütləvi müxalifət etirazlarına baxmayaraq, toxunulmaz qaldı. Beləliklə, bu inqilabi rejimlər təkcə yaşamadılar, həmçinin Soyuq Müharibənin bitməsindən sonra adətən yıxılan digər diktaturaların məruz qaldığı problemlərə davam gətirdilər.
İnqilabi Dözümlülüyün İzahı
İnqilabi rejimlərin belə heyrətamiz dözümlülüyünün səbəbi nədir?  Biz iddia edirik ki, inqilabdan sonra dövlət qurmaq və radikal sosial dəyişikliklərə nail olmaqdan ötrü aparılan silahlı azadlıq mücadiləsi, zorakı münaqişələr geriyə 4 miras qoymaqla avtoritar dözümlülüyü qüvvətləndirir: 1) müstəqil güc mərkəzləri dağıdılır 2) hakimiyyətə vahid partiya başılıq edir 3) güc strukturları üzərində kəskin nəzarət olur 4) güclü zorakı qurumlar yaradılır. Bu inqilabi miraslar inqilabi rejimlərə avtoritar çöküşün 3 əsas elementi olan - elitadakı dönüklükləri, hərbi çevrilişləri və kütləvi etirazları peyvəndləməyə kömək edir.
1) Müstəqil Güc Mərkəzlərinin dağıdılması: digər rejim dəyişikliklərindən fərqli olaraq, inqilablar özündə daha böyük zorakılığı ehtiva edirlər. İnqilablar hakimiyyətə təkcə zorakı vasitələrlə gəlmirlər, həmçinin inqilabı möhkəmləndirmək demək olar hər zaman hərbi münaqişələrlə müşayiət olunur. Əksər inqilabi hökumətlər silahlı əks-inqilabi hərəkatlarla toqquşmalı olurlar, bunların bəziləri vətəndaş müharibəsinəcən gedib çıxır (Rusiya və Mozambik). Bundan başqa, Stiven Voltun göstərdiyi kimi, inqilablar ölkələrarası müharibəyə səbəb olmaq ehtimalını kəskin şəkildə artırırlar (Fransada, İranda və Vyetnamda olduğu kimi).
Müharibələr inqilabi hökumətlərə əksər diktaturaların edə bilməyəcəyi şeyi etməyə imkan yaradır. Müharibə təkcə tətikdəki düşmənlərin sayını  azaltmağı (ölüm və sürgünlə) sürətləndirmir, o, həmçinin əllərində topladıqları alternativ güc institutları mərkəzləriylə, resurslarıyla və yaxud miraslarıyla müxalifəti rejimə qarşı səfərbər etmək iqtidarında olan sosial sinifləri məhv edir (yaxud kifayət qədər zəiflədir). Belə güc mərkəzlərindən biri köhnə ordudur. Əksər inqilablarda mövcud olan ordular ya diktatorun çöküşündən sonra buraxılıblar (Kuba və Nikaraqua), yaxud da vətəndaş müharibəsi nəticəsində dağıdılıblar (Çin, Meksika və Rusiya). İnqilablar həm də ənənəvi idarətetmənin və dini institutların ya kökünü kəsir, ya da zəiflədir, çünki onların "simvolik gücü" rejimə qarşı müxalifəti birləşdirə bilər. Rusiya, Vyetnam, Laos və İrandakı inqilablar mövcud monarxiya institutlarını beləcə pərən-pərən salmışdı. Oxşar şəkildə Kuba və Meksika inqilabları bu ölkələrdə Katolik Kilsəsini zəiflətmiş, onilliklər boyunca onu siyasi cəhətdən iqtidarsız qoymuşdu. Meksika, Rusiya, Çin və Vyetnamdakı aqrar inqilablar nəticəsində kəndli üsyanları və əvəzləyici torpaq islahatları qüdrətli aqrar elitaları biryolluq məhv etmiş, nəticədə isə rejimin davamlılığının artdığı ortaya çıxmışdı.
Ən sonda, inqilabdan sonrakı münaqişə inqilabi elitaya qanuni don geyindirir və gələcəkdə hakimiyyət uğrunda rəqabət apara biləcək digər siyasi təşkilatların (çox vaxt müttəfiq) məhv edilməsinə imkan verir. Məsələn, Rusiyadakı 1918-20-ci illərdəki vətəndaş müharibəsi Bolşevik hökumətinə İnqilabçı Sosialistlər (eserlər - tərc) daxil olmaqla, rəqib sosialist partiyaların kökünü qazımağa imkan verdi, o eserlərin ki, inqilabdan sonrakı seçkilərdə bütün partiyalardan daha çox dəstək almışdılar. İranda 1980-82-ci illərdə İslamçı hökumətin "Mojahedin-e-Xalq" və digər qiyamçı qruplar üzərinə qəddar yürüşü demək olar ki, bütün effektiv müxalifətin aradan qaldırılmasıyla nəticələndi. Zimbabvedə isə ZANU-PF hökuməti hakimiyyəti hədələyən 1980-cı illərin əvvəlindəki qiyamdan istifadə etməklə, rəqib Zimbabve Afrika Xalqları Birliyinə (ZAPU kimi tanınır) xüsusilə onun istehkamı olan Matabelelandda qəddarcasına divan tutdu.
Ənənəvi idarəçilərin, formalaşmış kilsələrin, mülkədar siniflərin və digər təşkilatlanmış siyasi güclərin məhv edilməsi (əksərən ancaq müharibə kontekstində mümkündür) avtoritaritarizmin davamlılığına təkcə hazırki rəqibləri deyil, həmçinin gələcək müxalifətin struktur bazasını zəiflətməklə töhvə verir. Maliyyənin, infrastukturun, qanuni mövcudluğun müstəqil mənbələrinin yoxluğu müxalifətin təşkilatı bazasının kəskin şəkildə yoxa çıxmasına rəvac verir.
Gücün alternativ mərkəzlərini dağıtmayan rejimlərin az davamlı olduğu faktdır. Meksika inqilabından fərqli olaraq, Boliviya inqilabı bizim kriteriyamıza ona görə uyğun gəlmir ki, o, zorakı mübarizədə yubanmışdı. Meksika inqilabı köhnə ordunu, aqrar elitanı dağıtmışdısa və kilsəni 60 il boyunca siyasətdən kənarda saxlamışdısa, 1952-ci ildə başlayan Boliviya "inqilabı" (Hantinqtonun müşahidə elədiyi kimi) "xeyli dinc hadisəydi", o, rəqiblərin hakimiyyət uğrundakı mübarizəsini zəiflətməyə müvəffəq olmamışdı. Yeni Boliviya hökuməti 1964-cü il hərbi çevrilişiylə devrildi. Nikaraqua bir başqa ibrətamiz nümunədir. Sandinista inqilabı Samoza rejiminin Milli Mühafizlərini məhv etmişdi etməyinə, ancaq inqilabi hökumət - güclü beynəlxalq təzyiq altında özəl sektor və Katolik Kilsə kimi qeyri-inqilabi aktyorları sistemli şəkildə dağıtmağa cəhd etmədi. Bu aktyorlar isə müxalifətin səfərbər olunmasında əsas rolu oynadılar və ən sonda Sandinistaları məğlub etdilər.
2) Güclü hakim partiyalar: müxtəlif araşdırmalar sübut edir ki, güclü partiyalar avtoritarizmin davamlılığı üçün əsas açardır. Hakim partiyalar dəstəyi səfərbər edir, səsini çatdırır və ən əsası bir qayda olaraq avtoritar çöküşlə əlaqədar olan elitadakı dönüklükləri azaldır. Dövlət qulluğundakı boşluqlara çatmaq imkanı yaratmaqla və gələcək karyera yüksəlişində fürsətlər yaratmaqla hakim partiyalar elitaların sədaqətli olması üçün təşəbbüslər yaradırlar, hətta onlar qısamüddətli fraksiya mübarizələrində uduzsalar belə.
Bununla belə, heç də bütün avtoritar partiyaların hamısı oxşar deyil. Bəzi partiyalar güclüdürlər və vahid təşkilatlar onilliklər boyunca stabil avtoritarizmin mövcudluğuna şərait yaradırlar (Məsələn, Malayziyada UNMO, Çində və Vyetnamda Kommunist Partiyası), digərləri isə post-Soyuq Müharibə ilə bağlı iqtisadi böhranlar nəticəsində dağılıb gedirlər. Bir neçə onillik öncə Hantinqton inqilabların güclü hakim partiyalar istehsal etdiyini müşahidə etmişdi. Ən uğurlu liberal partiyalar aktivistlərin böyük şəbəkələrindən ibarət güclü kütləvi təşkilatlar yaradırlar və dəstəkçilər bütövlükdə milli əraziyə yayılırlar. Ən vacibi isə hərbi mücadilə vahid təşkilatların yüksəlməsinə səbəb olur. Silahlı münaqişənin zərurətləri inqilabi təşkilatların hərbi disiplini institutlaşdırmasına -  hakimiyyətin ələ keçirilməsindən sonra çox zaman qorunub saxlanılan xarakterik cəhət -  rəvac verir. Mozambikdə məsələn, Portuqal hökmranlığına qarşı Mozambik Azadlıq Cəbhəsinin (Frelimo) başçılıq etdiyi zorakı mücadilə "hərbi əxlaq"ın yaranmasına səbəb olmuş və bu disiplin 2000-ci illərə qədər davam gətirmişdi. Zimbabvedə 1979-cu ildə gerilla mübarizəsi sona yetsə də, "hərbi komandoluq" ZANU-PF strukturlarında kök atıb qalmışdı. Laosda Fransız və ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı onilliklərlə sürən silahlı mücadilə hakim Lao Xalq İnqilabi Partiyasıyla heyratamiz dərəcədə həmrəyliklə nəticələnmişdi. Rusiyada birliyə inqilabdan sonrakı münaqişəylə nail olundu. 1917-ci ildə Bolşevik partiyasının sıralarında "anarxiya və intizamsızlıq" baş alıb gedirdi, Ağlara qarşı müharibə isə partiya üzvlərini inandırdı ki, "partiyada həqiqi polad disiplini... həyati vacib qələbə çalmaq və ölüm mücadiləsində qalib gəlmək üçün yeganə yoldur". 1921-ci ildə artıq "nizam-intizam və itaətkarlıq Bolşevik şüur və əxlaqının şüarına çevrilmişdi".
Zorakı mücadilə həmçinin  tərəfkeş kimliyini möhkəmlətməklə və tərəfkeş  sərhədlərini gücləndirməklə elita arasındakı birliyi gücləndirir.  Adrien Lebasın irəli sürdüyü kimi güclü qütbləşmə "biz-onlar" fərqliliyini gücləndirir, qrupdaxili əlaqələri gücləndirir və partiya kadrları arasında "tale birliyi" qavrayışının yaranmasını təşviq edir. Haradakı kadrlar uzun sürən zorakı mücadilədə iştirak ediblər, onlar partiya üzvlərini əxlaqi çərçivədə görməyə meyillidirlər və onlar bəsit maddi hesablamalar aparmaqdansa, əməkdaşlıq üçün seçim edir, yaxud ixtilaf anlarında sədaqəti üstün tuturlar.
İnqilabi müharibələrin doğurduğu qütbləşmə əksər hallarda post-inqilab dövründə də inadkarlıq göstərir, partiya daxilindəki potensial dönükləri "tələyə salmaqla" ifşa edir. Əgər müxalifətin tarixi düşmənlə bağlılıq ehtimalı varsa və hakim partiyanı tərk etmək sədaqətsizlik, hətta satqınlıq hesab edilirsə, o zaman dönüklüyün cəzası lap ağır ola bilər. Buna görə də 1940 və 1952-ci illərdə, 1980-cı illərin əvvəlində Nikaraquada, 1980 və 2008-ci illərdə isə Zimbabvedə ali-profilli dönüklər bir çox liderləri və aktivistləri partiyadan çıxmaqda onları izləməli olduqlarını inandıra bilməmişdilər.
Ən nəhayət, uğurlu azadlıq mücadilələri böyük legitimlikləri və sorğu-sualsız avtoritetləri olan lider nəsli yetişdirmək əzmində olur, bu liderlər isə böhran vaxtlarında partiyanı birləşdirə və disiplin tətbiq edə bilirlər. Məsələn, Çində Uzun Marş (1934-35) nəsli 1989 demokratiya uğrundakı etirazların qarşısını almaq baxımından həyati əhəmiyyətli vahid qüvvə kimi ortaya çıxdılar. Partiyada inqilab dövründən qalma bir qrup "qocaman" üzvlər sərt tədbirləri dəstəklədilər və hakimiyyətə partiyanı bu strategiya ətrafında birləşdirməyi lazım bildilər. Oxşar şəkildə Yuqoslaviyada Tito və II Dünya müharibəsində vuruşmuş partizanlar hakim Kommunistlər Liqasında hüdudsuz hakimiyyətin kefini çəkirdilər, Mozambikdə isə azadlıq liderləri (antigos combatentes) Frelimoda birləşməyi təşviq etdilər.
Qısacası, inqilabların səbəb olduğu hakimiyyət uğrundakı zorakı müstəqillik mücadilələri və qütbləşmələr hərbiləşmiş strukturları, güclü tərəfkeş kimlikləri, qrup daxili sədaqəti və qurucu lider nəslinin şəksiz legitimliyini özündə ehtiva edən qeyri-adi intizamlı hakim partiyalar istehsal edir. Öz növbəsində bu xarakteristikalar elita daxilində dönüklük hesabına daha güclənir. Əslində, Soyuq Müharibədən sonra, hədsiz böyük böhranlarla üzləşmələrinə baxmayaraq, Çində, Kubada, Mozambikdə və Zimbabvedə hakim partiyalar çox cüzi dönüklük faktlarına məruz qalmışdılar. Çində Kommunist Partiya sıraları Tyananmen Meydanı etirazlarında zərbə almadı; Mozambikdə dağıdıcı vətəndaş müharibəsinə və 1980-cı illərin ortasındakı iqtisadi çöküşə baxmayaq, Frelimoda tək-tük dönüklük hadisəsi baş verdi; Zimbabvedə  güclü müxalif hərəkata, saxta seçkilərə, güclü beynəlxalq tədricə və qeyri-adi iqtisadi çöküşə rəğmən ZANU-PF 2000-ci illərə qədər tab gətirə bildi. Bunun əksinə olaraq, haradakı qurucu partiyalar zorakı mücadilədən (və Kenyada, Seneqalda və Zambiyada olduğu kimi nəticə etibarilə himayədarlıq ətrafında ciddi təşkilatlanmışdılar), iqtisadi böhrandan, yaxud çox zaman böyük ölçüdəki dönüklüklə müşayiət olunan müxalifət meydanoxumasıyla üzləşməmişdilər, bir çox hallarda dağılıb getdilər.
3) Dövlət çevrilişlərinə dözümlülük: İnqilabi rejimlər dövlət çevrilişlərinə qarşı da inanılmaz dərəcədə davamlıdırlar. Hərbi çevrilişlər avtoritarizmin çökməsində başlıca rolu oynayırlar. Milan Svolik kimi elm adamları iddia edirlər ki, bir çox avtokratlar dilemma qarşısındadırlar: avtoritar idarəçiliyin davamlılığı üçün gərəkli olan repressiya güclü zorakı aparatın yaradılmasını tələb edir, öz növbəsində isə gücləndirilmiş zorakı aparatın özü asanlıqla rejimin özünün əleyhinə çevrilə bilər.
İnqilabi rejimlər demək olar, heç zaman çevrilişlə üzləşmirlər. Çünki inqilablar dövlətin çöküşüylə müşayiət olunurlar, dövlət elitasını yenidən formalaşdıranlar isə inqilab elitası olur. Bu ya yeni ordunun yaradılmasına, ya da mövcud olanların radikal şəkildə təmizlənib rekonstruksiya edilməsinə yol açır. Nəticədə ordu və digər təhlükəsizlik  qüvvələrinə demək olar ki, həmişə müstəqil mücadiləsinə rəhbərlik edən və inqilab ideologiyasını özündə əks etdirən liderlər başçılıq edir. Kubada məsələn, inqilabi rejim demək olar ki, bütövlükdə hakim mülki və hərbi elitalar arasında bölüşdürülmüşdü. Vyetnamda mülki və hərbi rollar inqilabi mübarizə dövründə "bulanıqlaşmışdı" və inqilabdan sonrakı ordu komandirləri "istisnasız olaraq... yüksək çinli partiya liderləriydi". Meksikada bütün ali hərbi vəzifələr 1950-ci illərə qədər inqilabi kimlikləri olan zabitlər tərəfindən tutulmuşdu. İnqilabi Nikaraquada bütün ordu rəsmiləri hakim Sandinista Milli Azadlıq Cəbhəsi dövründə aktiv olan keçmiş gerilla komandirləri idi. Və Zimbabvedə bütün təhlükəsizlik qüvvələrinə - ordu, polis və kəşfiyyat qurumları daxil olmaqla - 2000-ci illərə qədər azadlıq mücadiləsindən keçmiş veteranlar başçılıq edirdilər.
Beləliklə, inqilabi ordular hədsiz tərəfkeş və rejimə sədaqətli olurlar. Digər avtoritar rejimlərdəki (Məsələn, Misir və Tunis) öz maraqlarını hakimiyyətdəki müəyyən liderlərdən ayrı nəzərə alan hərbi rəsmilərdən fərqli olaraq, inqilabi hərbi komandirlər özlərini "inqilabi hərəkatın partnyorları" kimi görürlər və "inqilaba, onun ehkamlarına sorğu-sualsız sədaqətli" qalmağa meylli olurlar. Məsələn, Sandinista hərbi rəsmiləri "həqiqi bir missiya duyğusuna malik idilər", bu onları "inqilabi siyasi layihənin... qoruyucuları" kimi qələmə verirdi, İranda isə İnqilab Keşikçiləri özünü "İnqilabın saflığını təmin edən vacib sütun" kimi hiss edirdi. Çində inqilab müharibəsi dövründə ordunun və partiyanın qatışığı "inqilabi və milli şövqdən" ilham alan qarışıq orduları özündə ehtiva edən güclü komissar sisteminin meydana çıxmasına rəvac verdi, Vyetnamda isə ordunun inqilabi kökləri "partiyaya sədaqətin hər şeydən yüksəkdə durmasını" təmin edirdi.
Belə tərəfkeşlik təhlükəsizlik qüvvələrində disiplinin və həmrəylin güclənməsinə gətirib çıxarır. Haradakı inqilabi qüvvələr ordunu sıfırdan təşkil edir, zabit heyətini inqilab qəhrəmanlarıyla doldurur və onlara inqilab ideologiyasını təlqin edir, belə yerlərdə təhlükəsizlik qüvvələrinin intizamsılığa və üsyana cəhd etmək ehtimalı olduqca aşağıdır. İnqilabi hökumətlər demək olar heç zaman öz hərbi qüvvələri tərəfindən yıxılmırlar. 1970-lərdə Erik Nordlingerin dediyi kimi, mülki-hərbi əlaqələrdən təşkil olunmuş heç bir "nüfuz modeli" indiyəcən çevrilişlə üzləşməyib. Oxşar şəkildə, təkcə 1989-cu ildə Rumıniyada istisna olmaqla (bu rejim zorakı mübarizə nəticəsində qurulmamışdı), heç bir kommunist rejimi çevrilişlə devrilməyib. Hərbi çevrilişlərin avtoritar rejimlərin ölümündə əsas rol oynadığını nəzərə alsaq, belə qeyri-həssaslıq avtoritar rejimlərin davamlılığında həyati vacib məsələdir.
4) Gücləndirilmiş zorakılıq potensialı: Ən nəhayət, Skokpolun göstərdiyi kimi, inqilablar güclü zorakı strukturlar istehsal edir. Yuxarıda göstərildiyi kimi, inqilablar qaçılmaz olaraq, əks-inqilabi müqavimət hərəkatlarının doğulmasına rəvac verirlər, onlar isə əgər rejim hakimiyyətə iddia edirsə, mütləq dəf edilməlidir. İnqilablar həmçinin tez-tez xarici müharibələrin başlamasına gətirib çıxarırlar, əksərən inqilabi rejimdən bir təhdid duyan, yaxud zəiflik anından istifadə etmək istəyən qonşu ölkələr müharibəyə cəlb olunurlar. Belə təhdidlər inqilabi rejimlərə dövlətdə zorakı potensial inşa etmək üçün güclü səbəb olur.
İnqilablar demək olar hər zaman qaçılmaz olaraq "polis dövləti"nin yüksəlişinə gətirib çıxarır. Rusiyada məsələn, vətəndaş müharibəsi Bolşevik hökumətini kütləvi və effektiv siyasi polis, Çeka-nı (sonradan KQB-yə çevrildi) inşa etməyə sövq etdi. Kubada və Nikaraquada təhlükəsizlik qüvvələri inqilabdan sonra on qat artırıldı. Belə genişləndirilmiş təhlükəsizlik qüvvələri inqilabi mücadilədən və ardıcıl vətəndaş, yaxud xarici müharibələrdən keçmiş eks-komandirlərin hərtərəfli təcrübəsinə arxalana bilirlər. Keçmiş əsgərlər rəsmi olaraq təhlükəsizlik qüvvələriylə (məsələn, İran İnqilab Keçikçiləri) əməkdaşlıq edə və yaxud qeyri-rəsmi milis kimi (Zimbabvedə "müharibə veteranları" ZANU-da birləşdiyi kimi) təşkilatlana bilərlər.
Sayca çox olmalarından başqa, inqilabi rejimlərin mühafizə qüvvələri qeyri-inqilabi dövlətlərinkindən fərqli olaraq, daha zorakı potensiala malik olurlar. Bu, xüsusilə hədsiz gərgin zorakılıq, yaxud çox sayda insanı, tanınmış şəxsləri, yaxud vacib institutları hədəf alan aşkar repressiyalarda özünü göstərir. Qeyri-inqilabi dövlətlərdə rutin (yaxud az gərgin) repressiya formalarından (aktivistlərə nəzarət, təqib, saxlama və tənqidçilərin vergi, korrupsiya ittihamlarıyla, böhtanla  "qanuni" təqibi kimi) fərqli olaraq, kütləvi etirazların repressiyasına cəhd daha böyük risk tələb edir. Bu, təkcə beynəlxalq tənqid və cəza tədbirlərini (bəzi hallarda) tətikləmir, həmçinin təhlükəsizlik qüvvələrinin ölkədəki legitimliyini korlaya, nəticədə daxili intizamı və əxlaqı sarsıda bilər. Təqib və digər ictimai cəza tədbirlərindən ehtiyat etdiklərindən, həm təhlükəsizlik  qüvvələri, həm də yüksək çinli zabitlər represiyyaların tətbiq edilməsinə qarşı çıxa bilərlər. Bu səbəbdən, dövlətlər adətən hədsiz gərgin zorakılığa getməkdə həvəssiz olurlar və haradakı belə sərəncamlar verilir, mühafizə qüvvələri onları tətbiq etməkdən sistemli şəkildə imtina edirlər. Həqiqətən, bir çox avtoritar rejimlər, hökumətlərin etirazları ardıcıl və davamlı şəkildə repressiyaya məruz qoymaqda həvəssiz davrandıqlarına, yaxud bacarıqsız olduqlarına görə çöküş yaşayıblar. Ən sonuncu misallar 2000-də Serbiya, 2002-də və 2009-da Madaqaskar, 2003-də Gürcüstan, 2004-də Ukrayna, 2005 və 2010-da Qırğızıstan, 2011-də Misir və Tunisə aiddir.
Müstəqillik mücadiləsindən və inqilab sonrası silahlı münqaşidəsən çıxmış "polis dövlətləri" isə tam əskinə, etirazları darmadağın etmək üçün iki əlli hazır olurlar. İllər uzunu davam edən hərbi mübarizə davamlı və riskli zorakılıq təcrübəsi olan elita və kadr nəslinin yüksəlişinə gətirib çıxarır. Zorakı münaqişəylə əlaqədar olan hakim elitalar sərt ölçülərin görülməsində həmrəylik nümayiş etdirirlər, inqilabi elitalara daxil olan təhlükəsizlik rəsmiləri isə daxildən və xaricdən gələn məzəmmətlərlə üzləşsələr də, sərt repressiyaların təqib edilməsindən yana olurlar.  Dövlət və təhlükəsizlik qüvvələri arasındakı inqilabi bağlar İnqilabi Partiya İnstitutunun (PRI) 1968-ci ildə Mexikodakı tələbə hərəkatını qəddar repressiyalardan keçirməsini asanlaşdırmışdı, həmçinin Çin Kommunist Partiyası (CCR) 1989-cu ildə Tyananmen Meydanı etirazları dövlətin sərt şəkildə dağıtmasına yardımçı oldu. Zimbabvedə ZANU və təhlükəsizlik qüvvələri arasındakı yaxın əlaqələr müxalifətin 2000, 2002 və 2008-ci illərdəki etirazlarını geniş miqyaslı polis qüvvələri və yarım-hərbiyyə sayəsində repressiyalara məruz qoydu. İranda inqilab sonrası çalxalanmalar zamanı inqilab qüvvələri tərəfindən yaradılan və İraqla 8 illik müharibə zamanı gücləndirilən İnqilab Keşikçiləri və Bəsic kimi təşkilatlar 2009-cu ildə Yaşıl Hərəkat etirazlarını ardıcıl və qəddar şəkildə yatırtmaq əmrlərini canla-başla yerinə yetirdilər. Bu, Misir və Tunisdəki hadisələrlə daban-dabana zidd idi, bu ölkələrdə daha çox müstəqilliyi olan ordular repressiya göstərişinə əməl etməkdən imtina etdilər və ən sonda dövləti geniş miqyaslı xalq etirazları ilə təkbaşına qoydular.
İnqilablar beləliklə, adətən avtoritar idarəçiliyin dözümlülüyünə rəvac verən hadisələr zənciri yaradırlar. Misallar müxtəlif cürdür, ancaq əksər uğurlu inqilablar, silahlı mücadilələr zorakı hakim partiyalar istehsal edirlər, bu partiyalar hakimiyyəti ələ keçirir, rekonstruksiya edir və zorakı aparata hər tərəfli nüfuz edirlər. Belə partiya-ordu qatışığı hərbi çevrilişlərin baş verməsi ehtimalını kəskin şəkildə azaldır. Bundan başqa, radikal sosial dəyişikliklər gətirtmək cəhdləri qaçılmaz şəkildə mövcud olan sosial maraqları və institutları təhdid edir, əks-inqilabi hərəkatları, vətəndaş və hətta ölkələrarası müharibəni tətikləyir. Bəzi inqilabi rejimlər (Kamboca və Nikaraqua) belə münaqişələrə tab gətirə bilmirlər, amma haradakı tab gətirirlər, o zaman inqilab sonrası zorakılıq müstəqil güc mərkəzlərinin dağıdılmasını gücləndirir və daha geniş, daha güclü zorakı qurumların yüksəlişinə səbəb olur. Bu cür gedişat müxalifətin potensialını məhdudlaşdıra və onun səfərbəyliyini on illərlə geriyə ata bilər. İnqilab sonrası zorakılıq həmçinin qütbləşməni gücləndirir və partiya daxili həmrəyliyi gücləndirir ki, bu da nəticə etibarilə rejimi təhdid edən dönüklük ehtimalını azaldır. Nəticədə, inqilabi rejimlər müasir dünyanın ən dözümlü və uzun ömürlü avtoritar rejimləri arasında qalmaqdadırlar.
Ancaq Sovet İttifaqının çöküşü də göstərdi ki, inqilabi miraslar əbədi deyil. İnqilabi mirasın bəzi elementləri, hakim partiya və güclü, sədaqətlı zorakı aparatlar institutları kifayət qədər dözümlü olsalar da, digərləri, zaman ərzində deqradasiyaya məruz qalırlar, xüsusilə inqilabi nəsil (inqilabi mücadilədə birbaşa iştirak edənlər və ona rəhbərlik edən fərdlər) yox olub gedəndən sonra. Əksər inqilabi partiyaları xarakterizə edən qeyri-adi həmrəylik nəsil dəyişikliyindən sonra tənəzzülə uğrayır. Tərəfkeşlik identikliyi zəifləyəndən, ideoloji bağlılıq tədricən aradan qalxandan və qurucu nəsil sıradan çıxandan sonra, inqilabi partiyalar hakim partiya "maşınlarına" doğru tədricən "normallaşırlar". Əksər oturuşmuş partiya maşınlarında korrupsiya və kiçik parçalanmalar daha açıq və geniş miyas alır. Bu cür nəsil dəyişiklikləri 1960-lardan etibarən Meksikada və Sovet İttifaqında açıq şəkildə baş verdi, Çində və Vyetnamda bu 1990-larda baş verdi, tezliklə isə Kubada baş verəcək.
Nə zamankı ambisiya və patronajlıq elitar həmrəyliyin sütununu təşkil edən ümumi identikliyi və ideologiyanı əvəz edir, inqilabi partiyaların müdafiə mexanizmləri daha da həssaslaşır. Məsələn, Meksikada hədsiz vahid partiya olan PRİ 1940 və 1980-ların ortaları arasında bir neçə əhəmiyyətli qopma yaşadı, 1988-də sarsıdıcı təfriqəylə üzləşdi, 2000-ci ildə hakimiyyəti itirməzdən əvvəl isə növbəti dezertirlik halları baş verdi. Oxşar şəkildə Tayvanda Kuomintanq intizamlı yarım-leninist partiyadan klientelist bir maşına transformasiya olundu və nəticədə 1990-lardakı sarsıdıcı təfriqələr nəticəsinə tələyə düşdü.
İnqilabi nəslin yox olması həmçinin rejimlərin zorakılıq potensialına,  xüsusən onları sarsıdıcı repressiyalar tətbiq etmək qabiliyyətinə də təsir edir. Sonrakı nəsillər böhran zamanlarında bir qayda olaraq həmrəylik yaratmaq legitimliyindən məhrum olurlar, onlarda həmçinin sərt repressiya aparmaq üçün təcrübə, özünə-inam və ideoloji bağlılıq əskik olur. Sovet İttifaqında inqilabi zorakılığın aşınması göz qabağında idi, 1960-ların əvvəlindən etibarən sərt repressiyalar böyük ölçüdə yoxa çıxırdı, 1990-ların əvvəlində isə bunu tətbiq etməyin çox çətin olduğu özünü sübut etmiş oldu. Oxşar şəkildə, müasir Çin dövlətinin böyük bir təhdid olacağı təqdirdə, sərt repressiyalara əl atacağı aydın deyil, halbuki  Den Xiaopinq və digər inqilabi fiqurların hələ səhnədə olduğu 1989-cu illərdə sərt repressiyalara gedilmişdi.
Stabillik axtarışı
İnqilibi nəslin sıradan çıxmasından sonra, inqilabi rejimlər stabillik üçün yeni alternativlər tapmağa məcburdurlar. Bu keçidin mərkəzində liderlik vərəsəliyi mexanizmlərinin institutlaşmasının təşəkkül tapmasıdır. Bu, Meksikada özünü tapmışdı (ən azından 1990-larda) və indi ola bilsin, Çində, Vyetnamda və Mozambikdə baş tutacaq. (Kuba inqilabi bu presesə 2000-lərdə başlayıb, ancaq nəticənin necə olacağı qeyri-müəyyəndir.) Bunun əksinə, Zimbabvedəki rejim liderlik vərəsəliyini institutlaşdırmayıb, Muqabenin siyasi səhnədən yaxınlaşan gedişi rejimin stabilliyinə açıq bir təhdiddir.
İnqilab sonrası rejimin stabilliyinin digər əsas sütunu iqtisadi artımdır. Nə zamanki qurucu nəsil mövcuddur, bir çox inqilabi rejimlər olduqca pis və hətta bəzi hallarda faciəvi iqtisadi göstəricilərə tab gətirirlər. Nəsil dəyişdikdə, iqtisadi göstəricilər həyati əhəmiyyət daşımağa başlayır. Sovet ittifaqında 1960-larda inqilab sonrası nəslin liderlərləri istehlak mallarını təchiz etməyə kökləndilər. Oxşar şəkildə, davamlı inkişaf 1990-lar və 2000-lərdə Çində və Vyetnamda stabilliyə səbəb oldu, oxşar hal Laosda baş verə bilər. Meksikada PRİ 1980-lar və 1990-larda eyni cür iqtisadi uğurlara müvvəffəq ola bilmədi. İqtisadi artım Kastro sonrası Kubada və Muqabe sonrası Zimbabvedə əsas çağırışlar olacaq.
Birlik üçün digər alternativ - və olduqca riskli - yenilənən münaqişədir. Soyuq Müharibə sonrasında ABŞ-la davam edən münaqişə demək olar ki, birmənalı şəkildə Kubada və İranda rejim daxilindəki həmrəyliyi  gücləndirdi. Eyni cür, Şimali Koreyanın 1990-larda və 2000-lərdə aqressiv nüvə güc göstərişi, rejimin qurucu nəslinin yox olmasıyla münaqişə atmosferi mühiti yaratmaq cəhdi kimi izah oluna bilər. Konflikt yaratmaq (yaxud qızışdırmaq) cəhdləri faciəvi nəticələrə də gətirib çıxara bilər. Zimbabvedə misal üçün, 2000-lərdəki gərgin qütbləşmə və münaqişə - ZANU hökuməti bunu ağdərli mühacirlərə və Britaniya müstəmləkəçiliyinə qarşı mücadilə adlandırırdı - ola bilsin elita arasında birliyi gücləndirdi, ancaq bu geniş miqyaslı zorakılıqlara və iqtisadi fəlakətə gətirib çıxardı. Yuqoslaviyada Partizanlar etnik partikularizmə üstün gəlmək və Stalinlə qarşıdurmada ayaqüstə qalmaq üçün olduqca vahid partiya yaratmışdılar, lakin inqilabi birlik mənbələrindən məhrum olan ikinci nəsil liderləri millətçi münaqişəni körükləməklə hakimiyyəti saxladılar, ancaq son nəticə faciəvi oldu.
İnqilablar böyük zorakılıqlarla və bir çox hallarda müharibələrlə müşayiət olunan nadir hadisələrdir. İnqilabi zorakılıq insan həyatlarını dağıtmaq mənasında çox fəlakətli olsalar da, onlar heyratamiz dərəcədə sağlam rejim institutları yaradırlar. Bu institutlar inqilabi rejimlərə bir çox problemlərə  - iqtisadi böhranlara, geniş miqyaslı müxalif etirazlara, xarici himayəçinin qəfil aradan çıxmasına - sinə gərə bilirlər, halbuki bu problemlər bir çox avtoritar rejimlərin axırına çıxır.
Əgər düzdürsə, bizim arqumentimizin çox əhəmiyyətli nəzəri və siyasi mənaları var. Birincisi, bizim tapıntılarımız göstərir ki, heç də bütün avtoritar institutlar oxşar deyillər. Onlar bir-birinə bənzər görünsələr də, inqilabi münaqişədən çıxan hakim partiyalar digərlərindən fərqli fəaliyyət göstərirlər. Endryu Consun Şərqi Avropa kommunist rejimləri haqqında yazdığı kimi "Partiya sadəcə olaraq bədəndir, "ürək" isə həmrəyliyin, məqsədlərin və şəxsiyyətlərin birləşmə yeridir. Bu ürək olmadan bədən rollardan, prisiplərdən və təşkilati xəritələrdən ibarət boş bir qutu olar". Avtoritar təsisatları elitanın seçimi, yaxud strategiyası kimi göstərən diktatorluqlar barədəki müasir bir çox nəzəriyyələrdən fərqli olaraq, inqilabi rejimin davamlılığının sütunu olan institutlar - vahid hakim partiyalar, təhlükəsizlik qüvvələrində cəm olmuş tərəfkeşlik, intizamlı və effektiv vahid strukturlar - mövcud ambisiyalı avtokratları iradəsinə tabe ola bilməz. Uğurlu avtokratlar belə institutları ya miras alırlar, yaxud mövcud şərtlər altında (dövlətin yıxılması və uzun sürən zorakı münaqişə kimi) onları inşa edirlər və onların bu institutlar üzərində nəzarəti məhdud zamanı əhatə edir. İnkişaf etməkdə olan ölkələrdəki Leninist hakim partiyalar üçün yuxarıdan aşağıya idarəçilik modelinə çevrilən Leninin bolşevik partiyası belə yalnız uzun çəkən zorakı münaqişə nəticəsində nizam-intizamlı "Leninist" partiyaya çevrilmişdi.
Siyasi kurs məsələsinə gəldikdə, Kuba, İran, Şimali Koreya və Vyetnamdakı inqilabi rejimlər 20-ci əsrin sonlarında və 21-ci əsrin əvvəllərində ABŞ və onun müttəfiqlərinin xarici siyasəti üçün ən davamlı problemlər kimi gözə batdılar. Bu rejimlərin dördü də onilliklərlə çəkən təcridetmə və sarsıtma siyasətinə qeyri-adi şəkildə tab gətirdilər. İnqilabi rejimlərin niyə bu qədər dözümlü olduqlarını dərk etmək, siyasətçilərə bu rejimlərlə münasibətdə daha məhsuldar yanaşmalar tətbiq etməyə imkan verə bilər. Ən vacibi, bizim tapıntılarımız onu göstərir ki,  gərgin toqquşma strategiyaları qütbləşməni gücləndirmək və beləliklə inqilabi həmrəyliyə rəvac vermək - inqilabi və inqilab sonrası rejimlərin elə məhz mövcud olmaq üçün ehtiyac duyduqları şeylərdir.
Demokratiya Jurnalı 24:3 (2013), 5-17. © Məqalə Johns Hopkins University Press-in icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək Meydan.tv saytında yayımlanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun