"İlham Əliyev bizlərə antimilli deməklə özünə təskinlik vermək istəyir"

"İlham Əliyev bizlərə antimilli deməklə özünə təskinlik vermək istəyir"
11 May 2017
Mətni dəyiş
"İlham Əliyevin bu çıxışda dedikləri bir neçə il öncə söylədiyi yalanların təkrarıdır. Görünür, İ.Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda və ya yayanda, onu həqiqət donuna bürümək mümkün olur".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, AXC hakimiyyəti vaxtı dövlət katibi işləmiş Əli Kərimli bunu keçmiş prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə prezident İ.Əliyevin müxalifət haqda dediklərini dəyərləndirərkən bildirib.
Azadlıq Radiosu-nun məlumatına görə, Ə.Kərimli deyib ki, İ.Əliyevin toxunduğu hadisələr yaxın dövrü əhatə edir. Həmin hadisələrin yüz minlərlə, milyonlarla şahidi var.
Keçmiş dövlət katibi vurğulayıb ki, Şuşa və Laçının Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməzdən əvvəl işğal edilib. O deyib ki, əksinə, AXC hakimiyyəti vaxtı Ağdərə rayonu işğaldan azad edilib:
"Bizim hakimiyyət zamanı yalnız Kəlbəcər işğal edilib və bu da Rusiyanın yardımı ilə olunub. Bunda məqsəd də Xalq Cəbhəsini hakimiyyətdən devirmək idi. Amma həmin çevriliş nəticəsində hakimiyyətə gələn Heydər Əliyevin vaxtında 6 rayon işğal olundu. Ağdərə yenidən itirildi. Odur ki, bu yaxın tarixdə baş verənləri saxtalaşdırmaq heç İ.Əliyevin gücündə olan məsələ deyil".
Ə.Kərimli hesab edir ki, İ.Əliyev bunu deməkdənsə 2016-cı ilin aprelində ordunun zəfər yürüşünü dayandırmasının izahını versin: "Özü çıxışlarının birində deyib ki, ermənilərin xahişini nəzərə alaraq bu yürüş dayandırılıb. Erməni tərəfinin xahişi nə zamandan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı üçün bu qədər önəmli olub?".
Ə.Kərimli İ.Əliyevin çıxışında müxalifəti "beşinci kolon", "ünsür", "antimilli qüvvə" adlandırmasını da cavablandırıb.
AXCP sədri deyib ki, İ.Əliyev bu çıxışı ilə müxalifətə radikal, hətta düşmən münasibətin haradan qaynaqlandığının üstünü açıb: "Buradan görünür ki, bu sərgilənmə hökumət mediasından, ayrı-ayrı məmurlardan, sifarişlə seçilən deputatlardan yox, birbaşa İ.Əliyevin özündən qaynaqlanır".
Ə.Kərimliyə görə, kim özündə nə yoxsa ondan danışar: "Sovet rejiminə qarşı mübarizədə, Azərbaycan dövlətçiliyinin qurulmasında, müstəqillik uğrunda mübarizədə nə İ.Əliyev, nə də komandası iştirak edib. İ.Əliyev hakimiyyətə miras olaraq yiyələnib. Odur ki, bizlərə antimilli deməklə özünə təskinlik vermək istəyir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun