1 May 2017
Mətni dəyiş
"Bizim ali məktəblərimizdə tədris prosesi təkmilləşir. Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Mənim təşəbbüsümlə minlərlə gənc Dövlət Neft Fondunun xətti ilə xaricə göndərildi. Həmçinin SOCAR da bu layihəyə qoşularaq gəncləri xaricə göndərdi. Biz bu məqsədlər üçün bəlkə də 100 milyonlarla dollar vəsait xərclədik”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında deyib.
O qeyd edib ki, bu, insan kapitalına qoyulan vəsaitdir: “Ancaq sonra mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə həm Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur, eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun”.
Dövlət başçısı vurğulayıb k, son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb təmir olunub, tikilib: “Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bundan yuxarı nəticə ola bilməz”.