20 May 2017
Mətni dəyiş
Vəkil Elçin Sadıqov nidaçı heykəl məhbusları Qiyas İbrahimov və Bayram Məmmədova çatası məktubların onlara verilmədiyi ilə bağlı məlumat yayıb.
Abzas.net xəbər verir ki, siyasi məhbuslara xarici ölkələrdən, xüsusilə Amerika Birləşmiş Ştatlarından və Avropa ölkələrindən xeyli məktublar gəlir, lakin həmin məktublar qanunsuz olaraq Qiyas İbrahimova və Bayram Məmmədova verilmir.
"Bu ona xidmət edir ki, gənclər beynəlxalq dəstəkdən xəbərsiz olsunlar və beynəlxalq təşkilatların onlar haqqında düşünmədiyini zənn etsinlər. Amma mən hər görüşümüzdə onlara olan beynəlxalq və yerli dəstəkdən danışıram, haradan məktub gəldiyini onlara deyirəm”, - deyə vəkil qeyd edib.
Eyni zamanda Elçin Sadıqov beynəlxalq təşkilatlardan gələn müraciətlər barədə də danışıb:
"Bundan əlavə beynəlxalq təşkilatlardan, xarici ölkələrin vətəndaşlarından da Prezident Adminstrasiyasına və Ali Məhkəməyə Qiyas İbrahimovun, Bayram Məmmədovun azad olunması üçün müraciətlər olunur. Məhkəmələr bütün bu müraciətləri yalnız cinayət işinə əlavə etməklə kifayətlənir".
Vəkil Qiyas və Bayrama dəstək üçün və ya dövlət orqanlarına onların azad edilməsi üçün müraciət edən hər bir beynəlxalq təşkilatlara və şəxslərə öz dərin təşəkkürlərini və eyni zamanda Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığını istəyən hər kəsdən onlara dəstək məktubu yazmalarını xahiş edib.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar.
Fəallar rəsmi olaraq qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq hər biri 10 il azadlıqdan məhrum ediliblər.
Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib.
Nida Vətəndaş Hərəkatı fəalların həbsini fəaliyyətlərinə görə və siyasi motivli həbs hesab edir.
İqtidar nümayəndələri isə onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.