31 May 2017
Mətni dəyiş
"Bir insanın yoxa çıxması bizim dövlətçiliyimizə və suverenliyimizə ciddi hədədir".
Abzas.net xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Margelaşvili jurnalistlərin suallarını cavablandırarkən deyib.
Prezident jurnalistlərin azərbaycanlı jurnalistin həbsi ilə bağlı suallarına cavab verərkən bildirib ki, ölkə öz prestijini qorumalıdır. "Vəkillərin hazırladığı bəyanat bir neçə səbəbdən çox ağırdır. Hər şeydən öncə biz anlamalıyıq ki, Gürcüstanın regionda jurnalistlərin və insan hüquqlarının qorunmasındakı liderliyi bizim qürur mənbəyimiz və dövlətçilik və suverenliyimizin ayrılmaz hissəsidir".
Onun sözlərinə görə bir şəxsin yoxa çıxması dövlətçliyə və suverenliyə ciddi hədə olduğu üçün vəkillər tərəfindən hazırlanmış bəyanat tədqiq və təhlil edilməlidir.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.
Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.
“Cinayət Məcəlləsinin 315.2, 318.1 və 206.1 maddələri ilə ittiham edilir. Yəni, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq”, - deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.
Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.