"Fuad Əhmədlinin telefonuna qanunsuz müdaxilə edilib"

"Fuad Əhmədlinin telefonuna qanunsuz müdaxilə edilib"
2 May 2017
Mətni dəyiş
Mayın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində F.Əhmədlinin işi üzrə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edərkən bəlli olub ki, cəbhəçi gənc operator işlədiyi "Azerfon" (Nar Mobile) şirkətində müştərilərə aid məlumatları başqa adamlara ötürməkdə suçlanır.
"Bir var, sarsıntı, bir də var, təəccüb. Məni Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları məhəlləmizdən başıma torba keçirib oğurlayanda, başımda torba məhkəməyə çıxaranda, sarsıntı keçirmişdim. Amma "Azərbaycan" qəzetinin 24 avqust 2016-cı il tarixli sayında evimizdən guya Fethullah Gülen-in portretinin, kitablarının, az qala, Gülen-in özünün tapıldığını oxuyanda təəccüblənmişdim", – AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Fuad Əhmədlinin sözləridir.
F.Əhmədli özünü təqsirli bilməyib.
"BU, CİNAYƏTDİR"
Ardından gənc fəalın vəkili Əsabəli Mustafayev məhkəmə iclaslarının audio- və videoyazı ilə aparılması, "Azerfon"un baş icraçı direktoru Kent McNeley-nin məhkəmədə dindirilməsi, bu şirkətdən DTX-ya ünvanlanmış məktubun araşdırılması məqsədilə sorğuların göndərilməsi haqda vəsatətlər qaldırıb.
"İş materiallarında "Azerfon"dan DTX-ya göndərilmiş məktubun tarixi 15 avqust 2016-cı il göstərilib. Hesab edirik ki, əslində, həmin məktub DTX-nın əməliyyatına qanuni don geyindirmək üçün sonradan tərtib olunub, sadəcə, əvvəlki tarix yazılıb. İlkin istintaq dövründə də o məktubla bağlı araşdırma aparılmayıb. Ona görə də, şirkətə sorğu göndərilib məktubların qeydiyyat jurnalından çıxarış alınmasını istəyirik. Məktubda yazılıb ki, Fuad Əhmədlinin şəxsi telefonuna baxış keçirilərkən müəyyən məlumatlar tapılıb. Bununla da Fuadın gizli məlumatları başqasına ötürdüyü müəyyənləşdirilib. Bu məktubla şirkət rəhbərliyi etiraf edir ki, F.Əhmədlinin telefonuna heç bir məhkəmə qərarı olmadan, qanunsuz müdaxilə edilib. Bu, cinayətdir. Qanunsuz yolla əldə olunan məlumat isə mötəbər sübut sayıla bilməz", – vəkil vəsatətlərini əsaslandırarkən deyib.
Məhkəmənin video- və audioyazısı haqda vəsatət təmin olunmayıb, o biri məsələlər isə baxılmamış saxlanılıb.
İKİ ZƏRƏRÇƏKƏN
Bu cinayət işində üç nəfər zərərçəkən qismində tanınıb, iddia olunur ki, F.Əhmədli onlar haqda məlumatı yayıb. Onlardan ikisi – Məhəmməd Quliyev və Samir Xəlilov məhkəmədə iştirak edib və dindirilib.
M.Quliyev deyib ki, Fuadı ilk dəfədir görür, amma onun əmisi oğlu Əliağanı tanıyır. Çünki Əliağanın dostu Elşənin icarə əsasında idarə etdiyi obyektdə aşpaz işləyib:"O vaxt maaşla əlaqədar sıxıntı yaranmışdı, telefonu söndürdüm, Qəbələyə getdim. Əliağa əmisi oğlu vasitəsilə axtarış verib ki, mənim yerimi öyrənsinlər".
Dindirmə zamanı məlum olub ki, F.Əhmədli əmisi oğlunun bu haqda mesajına cavab olaraq, bu adamın ya ucqar kənddə, ya da ümumiyyətlə, ölkədən kənarda olduğunu yazıb. Halbuki, həmin vaxt M.Quliyev Qəbələnin Vəndam kəndində olub, o ərazi də mobil operatorun əhatə dairəsinə düşür.
"ELƏ ÖZÜMDƏN ONA MESAJ YAZDIM Kİ..."
F.Əhmədli əmisi oğluna başqasının yeri haqda məlumat verməsi məsələsinə belə aydınlıq gətirib:"Əvvəla, prokurorluğun, məhkəmə-hüquq sisteminin bu adamı belə vəziyyətə salmasına görə şəxsən öz adımdan üzr istəyirəm. Məlumatın yayılmasına gəlincə, hamı bilir ki, Əliağa yeyib-içən oğlandır. Bir neçə dəfə mənə belə şey üçün müraciət eləmişdi. O bilirdi ki, mənim üçün müqəddəs and cəbhəçi şərəfidir. Ona and içmişdim ki, mümkün deyil. Həmin gün yenə içkili idi, məndən mesaj yazıb bu məlumatı istədi. Əliağanın əl çəkməyəcəyini bildiyimə görə heç bir araşdırma aparmadan, sistemə baxmadan, elə özümdən ona mesaj yazdım ki, "ya ucqar yerdədir, ya da ölkədən kənardadır". Məhəmməd Quliyevin həmin vaxt Qəbələdə olması, yəni ucqar yerdə olmaması da mənim ona cavabı həqiqətən özümdən yazdığımı sübut edir".
Vəkilin "sizə necə ziyan dəyib" sualına isə zərərçəkən Quliyev belə cavab verib: "Əsəbiləşmişəm, mənəvi baxımdan sarsılmışam ki, məni niyə axtarışa versinlər".
Bununla belə, zərərçəkən Quliyev F.Əhmədlidən heç bir şikayət və tələbinin olmadığını söyləyib.
"QIZIN NİŞANLISINA MƏLUMAT ÖTÜRÜBLƏR"
Digər zərərçəkən Samir Xəlilov deyir ki, təsadüfən bir xanımın nömrəsinə zəng edib. Həmin xanımın nişanlısı bundan xəbər tutub ondan şübhələnib: "Yanvarda məni istintaqa çağıranda xəbər tutdum ki, qızın nişanlısına mənimlə bağlı məlumatları ötürüblər".
F.Əhmədli bu zərərçəkənlə bağlı ittihamı da qəbul etməyib.
S.Xəlilov da ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Mayın 11-də keçiriləcək növbəti məhkəmə iclasında F.Əhmədli özü ifadə verəcək.
F.Əhmədlinin anası Qənimət Əhmədova deyir ki, oğlunun heç bir günahı yoxdur, onu siyasi baxışlarına görə həbs ediblər: "Gözgörəsi komik, absurd bir vəziyyət yaranıb. İnsanların boynuna onların eləmədiyi hərəkəti qoymaqla heç nəyə nail ola bilməzlər. Fuadın 27 yaşı var, mən indiyə qədər heç kimdən onun haqqında artıq-əskik söz eşitməmişəm. Mən fəxr edirəm ki, Fuad kimi övladım var. Hər məhkəmə iclası da onun günahsız olduğunu sübut edir".
XATIRLATMA
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.
F.Əhmədli isə bütün bunların yalan olduğunu bildirir.
Türkiyə hökuməti F.Gülen-in ötənilki iyul çevriliş cəhdi arxasında durduğunu deyir, ABŞ-dan onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun