23 May 2017
Mətni dəyiş
Mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası olub.
Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində F. Əhmədlinin dostu Vüsal Kazımov ifadə verib. O bildirib ki, nişanlısının istifadəsində olan nömrəyə tanımadıqları nömrədən zəng gəlib. Həmin şəxs Samir Xəlilov olduğunu və səhv düşdüyünü deyib:
"Mən Fuaddan həmin şəxsin mesajlarına baxmağı xahiş etdim. Lakin o, bunun mümkün olmadığını dedi. Lakin abunəçinin adını və soyadını dedi".
İclasda şahid qismində ifadə verən Səbuhi İmanov isə bildirib ki, Fuadla bərbərxanada tanış olublar:
"Tanımadığım nömrədən mənə mesaj gəlirdi. Mən də Fuaddan həmin nömrənin kimə məxsus olmasını öyənməyi xahiş etdim. Fuad da dedi. Bildim ki tanışlardan biri zarafat üçün yazırmış".
F. Əhmədlinin vəkili Əsabəli Mustafayev həmin məsələnin istintaq dövründə necə yadına düşdüyünü soruşub. Şahid deyib ki, həmin hadisənin üstündən bir neçə il keçdiyindən istintaq vaxtı xatırlamayıb: "Orada məndən bu haqda soruşdular. Mənim də yadıma düşdü".
F. Əhmədli isə deyib ki, Səbuhi İmanova mesaj yazan şəxs onların ortaq tanışı olub və həmin şəxsin nömrəsi telefonunda olub: "Həmin vaxt işdə deyildim. Telefona baxıb dedim. Həmin şəxsin nömrəsi məndə var idi".
İclasda şahid qismində ifadə verən Elvin Qurbanov isə deyib ki, Fuad Əhmədli onun həyat yoldaşının iş yoldaşı olub: "Aynur Əliyeva adlı xanımla münasibətim var idi. Mən ona zəng edəndə şübhələndim ki, balansında kontur yoxdur. Fuaddan soruşdum, o da yoxlayıb bildirdi ki, balansında kontur yoxdur. Aynur utandığı üçün mənə konturu olmadığını deməmişdi".
Şahid deyib ki, A. Əliyevanın şəxsi məlumatlarını əvvəldən bilib.
Şahid qismində ifadə verən Şahin Əfəndiyev isə Fuad Əhmədlinin iş yoldaşı olduğunu deyib. O, operatorların heç bir məxfi məlumatlara malik olmadığını, rəhbər şəxs olmadıqlarını, ancaq zəngləri qəbul edib, cavablandırmaq səlahiyyətlərinin olduğunu söyləyib.
Daha sonra iclasda hakim bildirib ki, zərərçəkmiş şəxslərdən Aynur Əliyevaya məhkəməyə ərizə ilə müraciət edib. O, Türkiyədə olduğu üçün iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edib, hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Hakim onun istintaq zamanı verdiyi ifadənin elan edilməsi məsələsini müzakirə edib. Vəkil Ə. Mustafayev deyib ki, özü gəlmədiyi üçün ifadəsi elan edilə bilməz:
"Burada çəkişmə prinsipi olmadığı üçün ifadəsi elan edilməsin".
Prokuror isə ifadənin elan edilməsini istəyib. Hakim A. Əliyevanın istintaq dövründə verdiyi ifadəni elan edib. A. Əliyeva ifadəsində Fuad Əhmədlini tanımadığını, onun şəxsi məlumatlarının tanışı Elvin Qurbanova göndərilməsindən istintaqa çağırılanda xəbər tutduğunu və sarsıntı keçirdiyini bildirib. O, mənəvi zərərçəkmiş kimi tanınmasını istəyib.
Daha sonra hakim bildirib ki, zərərçəkmiş şəxslər Samir Xəlilov və Məhəmməd Quliyev də ərizə ilə müraciət edərək, şikayətlərinin olmadığını bildiriblər və məhkəmənin onların iştirakı olmadan keçirilməsini xahiş ediblər.
Vəkil Əsabəli Mustafayev isə Aynur Əliyevanın ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş edib. Bildirib ki, özü gəlmir, suallara cavab vermirsə, ifadəsi sübut kimi qiymətləndirilə bilməz, çünki çəkişmə prinsipi pozulur. F. Əhmədli isə A. Əliyevanın iclasa gətirilməsini istəyib.
Vəkil Samir Xəlilovun da zərərçəkmiş statusuna xitam verilməsini istəyib. Bildirib ki, ittihama görə, o, mənəvi zərər çəkib. Lakin mənəvi zərəri yalnız həmin şəxs qiymətləndirə bilər. Həmin şəxs isə iclasda iştirak etmədiyi üçün onun zərərçəkmiş statusuna xitam verilməlidir. Vəkil zərərçəkmiş Məhəmməd Quliyevin isə yalan ifadə verdiyini deyib. Bildirib ki, həmin şəxs axtarışda olub və polislər tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və ifadəsi alınıb:
"Lakin o, məhkəmədə bu faktı təsdiq etmədi. Deyir, Fuad Əhmədlinin onun barəsində olan məlumatları kiməsə ötürməsindən az qalıb infarkt olsun. Axtarışda olan, dələduzluqda ittiham olunan bir şəxsin bundan həyacan keçirməsi qeyri - mümkündür. Məhkəmə buna qiymət versin".
Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.
Proses iyunun 6-da davam edəcək.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Fuad Əhmədli ittihamları rədd edir. AXCP onun həbsini siyasi motivli hesab edir.