"Fitch" və "Moody's" Beynəlxalq Bankın reytinqinə yenidən baxıb

"Fitch" və "Moody's" Beynəlxalq Bankın reytinqinə yenidən baxıb
16 May 2017
Mətni dəyiş
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması prosesinin növbəti mərhələsində bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına (Kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) başlanıldıqdan sonra "Fitch" və "Moody’s" beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb.
Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gözlənildiyi kimi, "Fitch" bankın reytinqini "ССС" səviyyəsində elan edib. "Moody’s" isə banka "Caa3" reytinqini verib.
Beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edən ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib:
"Bu, normal praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır. ABB-nin restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir.
Bu planın həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti və gəlirliliyi güclənəcək. Tədbirlər başa çatdırıldıqdan sonra bankın kapital mövqeyi müəyyən edilmiş normativ səviyyəyə qayıdacaq. Nəticədə ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bütün bunları nəzərə alaraq, restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksələcəyi gözlənilir".
Qubad İbadoğlu: ''Güman ki, ABB ''Kapital Bank''ın aqibətini yaşayacaq''
Beynəlxalq reytinq agentliklərinin açıqlamalarını Meydan TV-yə şərh edən Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu qiymətlədirmənin gözlənilən olduğunu deyib.
Q.İbadoğlunun sözlərinə görə, Beynəlxalq Bankın indiki vəziyyətdən çıxması üçün maliyyə dəstəyinə ehtiyac var və bankın sağlamlaşdırılması üçün də məhz maliyyə təminatı olmalıdr:
“Problem ondadır ki, Beynəlxalq Bankın bundan sonra xaricdən kredit cəlb etmək imkanları daha da çətinləşəcək və həm də aldığı kreditlərin faiz dərəcələri yüksək olacaq. Bu isə bankın xərclərini bir az da artıracaq. Mən Xalid Əhədova uğurlar arzulayıram, ancaq indiki şərtlərlə və gerçəkliklə bankı ağır durumdan çıxartmaq asan deyil. Baxmayaraq ki, bankın arxasında dövlət dayanıb, bununla da iş bitmir. Çünki iqtisadiyyatın mövcud vəziyyəti bank sektorunun inkişafı üçün mövcud impulsları vermir”.
İqtisadçı düşünür ki, son olaylar bankın özəlləşməsinə hesablanıb. Çox güman ki, dövlət bütün öhdəlikləri yerinə yetirəndən sonra bank özəlləşdirməyə çıxarılacaq və “Kapitalbank”ın aqibətini yaşayacaq:
"Beynəlxalq Bank da eyni qrupun, şirkətin inhisarına keçəcək. Ancaq bank kapitalının bir əldə cəmlənməsi yolverilməzdir və bu, ölkənin təhlükəsizlik məsələsidir. Ona görə də bu məsələdə vergi ödəyicilərinin maraqları nəzərə alınmalıdır. Vergi ödəyiciləri pullarını bu cür səmərəsiz layihələrə xərclənməsinə yol verməməlidir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun