Faiq Əmirlinin üzərindən bir maddə götürüldü

Faiq Əmirlinin üzərindən bir maddə götürüldü
3 May 2017
Mətni dəyiş
“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsilə elan olunmuş ittihama xitam verilib. Bu haqda “Azadliq.info”ya Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.
Vəkil bildirib ki, mayın 2-də Kürdəxanıda 1 saylı Bakı İstintaq Təcridxanasında müstəntiq onun iştirakı ilə Faiq Əmirli ilə görüşüb, ittihamları bir daha elan edib. Məlum olub ki, Faiq Əmirlinin üzərində CM-nin iki maddəsi ilə ittiham saxlanılır – 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması).
İttiham tərəfi Faiq Əmirlini “Azadlıq” qəzetinin yayım direktoru işlədiyi dövrdə qəzetin gəlirini az göstərməklə, 39 min manat vergidən yayınmaqda və Fətullah Gülən ideyalarını “Azadlıq” qəzetində yaymaq niyyətində suçlanır. Guya Faiq Əmirli onun idarə etdiyi avtomobildən tapıldığı iddia olunan disklərdəki materialları mediada, o cümlədən “azadliq.info” saytında yaymaq istəyibmiş. Vəkil Faiq Əmirliyə qarşı ittihamların tam qanunsuz və əsassız olduğunu deyir. “Bu tip işlərdə, ittihamlarda məsələ məqsədə fokuslanmamalıdır. Əgər cinayət baş veribsə, şəxs məsuliyyətə cəlb olunmalıdır. Prokurorluq necə müəyyən edib ki, Faiqin belə bir niyyəti vardı? Yəni materialların yayılması, dərc olunması baş versəydi, bundan sonra məsuliyyətə cəlb oluna bilərdi”, – deyə Aqil Layıcov bildirib.
Qeyd edək ki, prokurorluq bu ittihamla dolayısıyla “Azadlıq”ı da Fətullah Gülən ideyalarını yaymaqda ittiham edir. “Azadlıq” qəzeti isə bəyan edib ki, prokurorluğun ittihamı tamamilə qanunsuzdur, heç bir sübuta əsaslanmır və absurddur.
Faiq Əmirli ötən il avqustun 20-də saxlanılıb. O, əvvəlcə CM-nin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
Aprelin 17-də ona yeni ittihamlar irəli sürüb: Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).
AXCP F. Əmirlinin həbsini siyasi sifariş sayır.
Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb ifadələri alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun