Ermənistanda Azərbaycan almaları ilə bağlı cinayət işi açılıb
4 May 2017
Mətni dəyiş
Ermənistanın dövlət gəlirləri komitəsində Azərbaycan almalarının sərhəddən keçirilməsi zamanı gömrük əməkdaşlarına rüşvət verilməsi faktı üzrə cinayət işi qaldırılıb.
Ölkənin milli təhlükəsizlik xidməti isə artıq bir neçə gündür ki, insidentlə əlaqəsi olanların aşkarlanmasından ötrü tədbirlər görür. Rəsmi sənədlərsə Ermənistanla Azərbaycan arasında ticarətin artıq çoxdan mövcud olduğunu göstərir.
300 DOLLARLIQ İXRAC
Ermənistanın Milli Statistika Xidmətinin verdiyi məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin əldə olunduğu 1994-cü ildən sonra, yəni 1995 – 2016-cı illərdə iki qonşu ölkə 68,3 min dollarlıq ticarət edib. Özü də bütün bu müddətdə Ermənistanın Azərbaycana ixracatı cəmi 300 dollar olub. Məbləğin qalan hissəsi Azərbaycandan idxal edilmiş malların payına düşür.
Bundan başqa, ötən illər ərzində Ermənistan Azərbaycan istehsalı olan malları təkcə onun özündən deyil, üçüncü ölkələrdən də idxal edib. Milli Statistika Xidmətinin məlumatında deyilir ki, başqa ölkələrdən 24,5 min dollarlıq Azərbaycan malı idxal edilib.
Qida məhsullarının təhlükəsizliyi üzrə ekspert David Pipoyan AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində bildirib ki, əslində, Ermənistanla Azərbaycanın ticarət dövriyyəsi rəsmi statistikada göstərildiyindən artıqdır. Xatırladaq ki, Azərbaycan almalarının idxalı məsələsi məhz Pipoyan-ın Facebook postundan sonra gündəmə gəlib.
GƏNCƏ VƏ TÜRKİYƏ NARI
"Məgər görünmür ki, bu partiya səs-küy nəticəsində aşkarlanmasaydı, onu heç kim görməyəcəkdi? İndi bizdəki reallıq başqadır və təbii ki, rəsmi statistika da başqadır. Nəticədə bizim rəsmi rəqəmlərin təhlili diletant fəaliyyətini xatırladır. Çünki hamı yaxşı anlayır ki, bu rəqəmlərin reallıqla heç bir əlaqəsi yoxdur. Məsələn, bazarlarda hamı danışır ki, uzun illər ərzində nar həmişə Gəncədən gətirilib. Gəncədən başqa, Ermənistanda Türkiyə narının da satıldığı haqda dəqiq məlumat var, özümüz görmüşük və aşkarlamışıq. İndi mən kimə inanım, rəsmi rəqəmlərə, yoxsa öz gözlərimə?" – ekspert deyib.
Onun sözlərinə görə, alma və narla iş bitmir, başqa örnəklər də var: "Ermənistanın topdansatış bazarlarında idxalla məşğul olan adamlar var. Onlar özlərini İran pasportu ilə təqdim edirlər, çünki İran vətəndaşlıqları var. Bundan başqa bir neçə il öncə Ermənistan bazarında Azərbaycan sarımsağı və şokoladı da peyda olmuşdu".
İKİ CİNAYƏT İŞİ AÇILIB
Məsələ ilə bağlı KİV və sosial şəbəkələrdə 10 gündür ki, ara verməyən müzakirələr fonunda mayın 2-də dövlət gəlirləri komitəsi məlumat yayaraq Azərbaycan almalarının idxalı ilə bağlı iki cinayət işinin açıldığını bildirib. Onlardan biri "Baqrataşen" sərhəd keçid məntəqəsində gömrük işçilərinin rüşvətlə "satın alınması", digəri isə bir sıra vətəndaşların "qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması" üzrə açılıb.
Dövlət gəlirləri komitəsinə paralel olaraq, Ermənistanın Milli təhlükəsizlik xidməti də bu məsələ ilə məşğul olur. Qurumun verdiyi məlumata görə, artıq Azərbaycandan alma idxalını gerçəkləşdirməkdə şübhəli bilinən bir qrup şəxs və idxalın üsulu müəyyən edilib. İlkin məlumatlar idxalın qanunsuz yolla həyata keçirildiyini göstərir.
Ötən gün ölkənin Qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti də məlumat yayaraq bildirib ki, Yerevan və bir sıra vilayətlərin ticarət məntəqələrində ötən həftə ərzində aparılmış yoxlamalar nəticəsində Azərbaycandan gətirilmiş yarım tondan çox almanın satışı əngəllənib. Təhlükəsizliyi təsdiqləyən sanitar sənədləri olmadığından, məhsulun məhv edildiyi bildirilir. Dövlət komitəsi məhsulun nüsxələrini ekspertizaya göndərdiyini də qeyd edib. Qurumun məlumatında deyilir ki, Azərbaycan almalarında qida məhsullarının təhlükəsizliyi ilə bağlı "hər hansı pozuntu" aşkarlanmayıb.