Berlində siyasi məhbuslara dəstək aksiyası keçirilib - [Foto-video]
10 May 2017
Mətni dəyiş
Bu gün Almaniyanın paytaxtı Berlində mühacirlər Azərbaycan səfirliyinin qarşısında siyasi məhbuslara dəstək aksiyası keçiriblər.
Abzas.net-in xəbərinə görə, aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Qul bayramınız mübarək" şüarları səsləndiriblər. Aksiya iştirakçıları bloqqer Mehman Hüseynova, AXCP fəalı Fuad Əhmədliyə, REAL sədri İlqar Məmmədova da azadlıq tələb ediblər. Həmçinin Bakıda istintaq təcridxanasında vəfat etmiş bloqqer Mehman Qələndərovun ölümündə təqsirli şəxslərin cəzalanmasını tələb ediblər.
Aksiya heykəl məhbusları Bayram Məmmədov və Qiyas İbrahimovun həbs edilməsinin 1-ci ildönümünə həsr edilib.
NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı ilin mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarı yazdıqdan sonra “narkotik saxlamaq” ittihamı ilə 10 il müddətində azadlıqdan məhrum ediliblər.
Hər iki gənc və NİDA Vətəndaş Hərəkatı ittihamla razılaşmır, həbslərin siyasi sifariş olduğunu bildiriblər.
Bayram Məmmədov və Qiyas İbrahimov "Amnesty İnternational" Təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik maddə ittihamı saxtalaşdırılıb. “Yeganə məqsəd gəncləri siyasi fəaliyyətə görə cəzalandırmaq olub”,- Amnesty İnternational hesab edir.
Hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.