Avropanın baş insan haqları təşkilatı olan Avropa Şurası qurumda səsləndirilən korrupsiya iddialarını araşdırmağa başlayıb.
BBC həmin iddialarda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin adlarının Azərbaycanın xeyrinə iş görməkdə hallandırıldığını qeyd edir.
Ancaq AŞPA-nın saytında yerləşdirilmiş informasiyada Azərbaycanın adı çəkilmir, xarici təhqiqat orqanının üç üzvünün təyin olunduğu bildirilir. Üzvləri AŞPA Bürosu mayın 29-da Praqada keçirdiyi toplantıda təyin edib. Ancaq bu qərarı AŞPA iyunun 26-da, yay sessiyası çərçivəsində ratifikasiya etməlidir.
AŞPA hələ aprel sessiyasında belə bir təhqiqatın başladılmasının təsdiqləmişdi. Məqsəd AŞPA-nın bəzi keçmiş üzvlərinə qarşı korrupsiya və lobbiçilik iddialarının müstəqil araşdırılmasıdır.
ŞÜBHƏLƏR VAR VƏ ARAŞDIRILACAQ
BBC yazır ki, 2013-cü ildə Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın AŞPA-da rədd olunması qərarına da Azərbaycan hakimiyyətinin təsir göstərməsinə dair şübhələr var.
Azərbaycan Avropa Şurasının 47 üzvündən biridir və bu qurum üzvlərin Avropa İnsan Haqları Konvensiyasına necə əməl etməsinin monitorinqini aparır.
[caption id="attachment_35922" align="alignnone" width="650"] Christoph Strässer[/caption]
2013-cü ilin yanvarında AŞPA alman deputat Christoph Strässer-in hazırladığı hesabatı rədd etdi. Həmin sənəd Azərbaycanda insan haqları pozuntularını pisləyir, hakimiyyəti siyasi məhbusları azadlığa buraxmağa çağırır.
BBC prezident İlham Əliyevin opponentlərinin vergidən yayınma, casusluq, silah saxlama ittihamlarıyla həbsə atıldığını vurğulayır.
HAKİMLƏR
AŞPA-da korrupsiya iddialarını insan haqları üzrə üç beynəlxalq səviyyəli hüquqşünas araşdıracaq və 2017-ci ilin sonunadək tapıntılarını ortaya qoyacaqlar. Onlar adı korrupsiyaya bulaşmış hər hansı AŞPA üzvünə qarşı konkret tədbir də tövsiyə edə bilərlər.
Təhqiqatçılar bunlardır:
- Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) keçmiş prezidenti, Böyük Britaniyadan Ser Nicholas Bratza
- Fransadan antiterror hakimi Jean-Louis Bruguière
- AİHM-in İsveçdən olan keçmiş hakimi Elisabet Fura.
AİHM hakimlərini də AŞPA seçir və bu hakimlərin çıxardıqları qərarların icrası Avropa Şurasının bütün üzvləri üçün məcburidir.
Təhqiqat sonucunda AŞPA davranış kodeksinə yenidən baxmağı planlayır.
[caption id="attachment_35923" align="alignnone" width="650"] Pedro Agramunt[/caption]