ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfər tarixi açıqlanıb

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfər tarixi açıqlanıb
31 May 2017
Mətni dəyiş
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində iyunun 19-da Bakıda olacaqlar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu ilə davam etdirilməsinə hazırdır.
H.Hacıyev vurğulayıb ki, Ermənistan xarici işlər naziri E.Nalbandyanın ATƏT-in baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri bir daha onu göstərir ki, Ermənistanın siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir: "Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinin işğalına öz müqəddaratını təyin etmə donu geyindirməyə çalışması cəhdləri yalnız faşist Almaniyası tərəfindən 1938-ci ildə keçmiş Çexoslovakiyanın Sudet əyalətinin işğalı ilə müqayisə oluna bilər.
Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.
Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun