Ailə-uşaq komitəsinin yalanları - Rövşən Hacıbəyli

Ailə-uşaq komitəsinin yalanları - Rövşən Hacıbəyli
17 May 2017
Mətni dəyiş
Rövşən Hacıbəyli
15 may – ailə gününə sözardı
AzTV-dən öyrəndim bunu, bu günlə bağlı geniş reportaj verdilər. Sumqayıtda yığıncaqdı. Ailədən, ailə dəyərlərindən, hakimiyyətin ailələrə diqqətindən gen-bol danışdılar. Yenə tolerantlıq-filan fontan vururdu. Sən demə, bütün dünya Azərbaycan ailə modelinə həsəd aparırmış. Bu model də elə-belə, öz-özünə yaranmayıbmış. Əsası yapçıların “ulu öndər”i tərəfindən qoyulan siyasəti İlham Əliyev uğurla davam etdirir. Uğurun sirrinin nədə olduğunu demək çətindir, heç natiqlər də çıxışlarında bu sirrin üstünü açmadılar, ancaq biz bəzi statistik rəqəmlərlə bu “uğura” işıq salmağa çalışaq.
“Ər arvadını baltaladı”, “Ər marşrut avtobusda sərnişinlərin gözü qarşısında arvadını qətlə yetirdi”, Nəvə nənəsini öldürdü”, “Arvad ərinin başını kəsdi”, “Qısqanc ər arvadını qətlə yetirdi” kimi başlıqlar artıq neçə illərdir mətbuatın gündəmindən düşmür. Həm də o qədər adiləşib ki, heç şoka-filana düşən də yoxdur. Saysız qətl hadisələrinin də kökündə ailə-məişət məsələləri, maddi problemlər dayanır. Ailəsinin təhsil haqqını verməyə gücü çatmaması səbəbindən neçə-neçə tələbəninin intihara əl atdığını da bura əlavə edə bilərik. Necə uğurlu siyasətdir ki, dolanışıq ucbatından hər il minlərlə ailə dağılır. Yoxsa bu siyasət elə ailələrin dağılmasına, intihar hallarının artmasına yönəlib?!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 fevral 2006-cı ildə yaradılıb. Bu komitəyə qədər də Azərbaycanda ailələr qurulub, boşanma halları da olub. Komitənin yaradılmasında məqsəd ailə, qadın, uşaq problemlərilə məşğul olmaq, vəzifəsisə “dövlətin ailə siyasətini həyata keçirmək”dir. Bu siyasətin necə həyata keçirildiyini Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləriylə göstərək.
Qabaqca Komitə yaranandan sonrakı dövrdə ölkə ərazisində boşanma sayı ilə bağlı rəqəmlərilə tanış olun:
2006-cı il – 7817 2007 – 8340 2008 – 7933 2009 – 7784 2010 – 9061 2011 – 10747 2012 – 11087 2013 – 11730 2014 – 12088 2015 – 12764
2016-cı ildə boşanma sayı 13 min 100 olub. Bu isə o deməkdir ki, hər ay təxminən 1091 ailə dağılıb, yəni gündə 36 boşanma qeydə alınıb.
Bu ilin ilk 2 ayında 2422 boşanma olub.
Əsasnamədə “Komitənin hüquqları” bölməsində yazılır: “…gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq” . Yuxarıdakı statistik rəqəmlər Komitənin sistemli işinin nəticəsini tam çılpaqlığıyla göstərir.
Müqayisə üçün Komitə yaranmazdan qabaqkı dövrə qayıdaq.
2003- 6671 2004 – 6914 2005- 8895.
Rəqəmlər artan xətlə gedir. Komitənin yaranmasıyla bu tendensiyanın qarşısını almaq düşünülübsə, məqsədə çatılmayıb, onda belə bir quruma ehtiyac olmadığını başa düşüb büdcə vəsaitini mənasız xərcləməyə son qoyulmalıydı.
Komitənin Əsasnaməsində yazılır: “…öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq”. Komitə rəsmilərindən hansınınsa insan haqlarıyla bağlı açıqlamasına, çıxışına, müsahibəsinə kimsə rast gəlibmi? Azərbaycanda hər gün, hər yerdə addımbaşı insan hüquqları tapdanır, çiçəyi burnunda gənclər şərlənərək türmələrə doldurulur. İllərdir büdcə pullarını yeyən komitə sədrinin, onun müavinlərinin ölkədəki haqsızlıqlara qarşı etiraz səsini eşidən olubmu?
Ailələrin dağılmasının getdikcə artmasının başlıca səsəblərindən biri ölkədə aparılan antimilli siyasətdir. Sosial problemlərin çoxluğudur, işsizlikdir, yoxsulluqdur, hüquqsuzluqdur, ölkə sərvətlərini bir qrup ailənin mənimsəməsidir.
Ailə gününün, əslində, bu qrupa dəxli var; zənginlik, sosial problemsizlik, mənzil-məişət qayğısının olmaması onlara imkan verir ki, bu günü ürəkləri istədiyi kimi qutlasınlar… Ancaq, nə yazıq ki, boşanma bu zəngin ailələrdən də yan keçməyib.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun