ABŞ Müəllimlərin Həmkarlar İttifaqı İlham Əliyevə müraciət edib
12 May 2017
Mətni dəyiş
Amerika Müəllimlər Federasiyası (AFT) Azərbaycanda müəllimlərin siyasi baxışlarına görə təqib olunmasını pisləyib.
"Amerika Müəllimlər Federasiyasının 1,6 milyon üzvü adından yazıram ki, siyasi partiya mənsubiyyətinə görə hədələrə məruz qalan, sonra isə işdən azad edilən Azərbaycan müəllimləri haqqında eşitdikdə yaşadığımız sarsıntını ifadə edim", deyə AFT-nin katibi Loretta Conson Azərbaycan prezidenti İlham Əliyevə müraciətində yazır, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.
Azərbaycanda müəllimlər bir çox fəallarla birlikdə repressiyaların mərkəzindədirlər və bir neçə müəllim aprelin 8-də Bakıda müxalifətin mitinqində iştiraka görə işdən çıxarılıb.
"Bu, onlarla fəalın, jurnalistin və siyasi rəqiblərin həbslərindən ibarət narahatlıq doğuran modelin elementlərindən biridir. Baş verənlər hüquq müdafiəçilərini ölkənizdə vətəndaş cəmiyyətinin iflic və mühasirə vəziyyətində olduğunu təsvir etməyə məcbur edib", deyə Loretta Conson yazır.
Yerli KİV-in məlumatına görə, aprelin 27-də Xalq Cəbhəsi Partiyasının üzvü Əflatun Əhmədli fizika müəllimi işlədiyi Neftçala rayonunun Mayak kəndinin 1 nömrəli məktəbində işdən azad edilib.
Onun həyat yoldaşı, yenə AXCP üzvü Ülkər Əhmədli 3 nömrəli məktəbdə rus dili müəllimi vəzifəsindən azad edilib.
Ötən həftə başqa bir müəllim, AXCP fəalı Cəlil İmanov da kənd məktəbində tarix müəllimi vəzifəsindən azad edilib.
Azərbaycan hökuməti təxminən 25 il əvvəl vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta qoşulub, vətəndaşların hüquqlarına, o cümlədən söz azadlığına, toplaşmaq azadlığına və seçki hüququna hörmət etmək öhdəliyi götürüb.
"Hökumətinizin növbəti addımları Azərbaycanda vətəndaş hüquqları və siyasi hüquqlar üçün əhəmiyyətli olacaq.
AFT insan hüquqlarının müdafiəsinə, şəffaflığa və düzgün idarəetməyə çağıran bütün Azərbaycanlıların işlərini dəstəkləyir", deyə Conson məktubunda bildirir.
Amerika Müəllimlər Federasiyası tələbələr, onların ailələri və icmalar üçün ədaləti, demokratiyanı, iqtisadi imkanları və yüksək keyfiyyətli ictimai təhsili, səhiyyə və ictimai xidmətləri təmin edən həmkarlar ittifaqıdır.