54 ölkədən 3 min idmançı iqtisadi böhran keçirən ölkədə

54 ölkədən 3 min idmançı iqtisadi böhran keçirən ölkədə
13 May 2017
Mətni dəyiş
Dünyanın 54 ölkəsindən 3 minə yaxın idmançı İslam Oyunlarında mübarizə aparmaq üçün Bakıya gəlib. Bu gün - mayın 12-də "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının açılışdır. Hökumət deyir ki, bütün dünyanın diqqəti Azərbaycanda olacaq.
İqtisadçı Zöhrab İsmayıl isə düşünür ki, bu yarışlarda hökumətin əsas məqsədi pul qazanmaq yox, islam ölkələri arasında nüfuz artırmaqdır:
“Dövlətimizə azı 180,5 milyon manata başa gələn İslam Oyunlarında hökumətin məqsədi gəlir əldə etmək deyil. Əsas məqsəd İslam ölkələri sırasında nüfuz qazanmaq və pul xərcləməkdir. Bəli, pul qazanmaq yox, pul xərcləmək”.
Zöhrab İsmayıl 2017-ci ilin dövlət büdcəsində, özəlliklə, sosial istiqamətlərdə xərclərin azalmasını, əhalinin güzəranın pisləşməsini yada salır.
İdman şərhçisi Şəfi Şəfiyev isə hesab edir ki, bu yarışlar dünyada elə də tanınmır:
“Adından göründüyü kimi yalnız islam ölkələrinin qatıldığı yarışdır. Və bu da bir başa ayrıseçkilikdir. İslam ölkələrinə bizim islam ölkəsi olduğumuzu göstərmək istəyirlər.."
21 idman növü üzrə yarışlarda 57 ölkənin iştirakı nəzərdə tutulurdu. Amma 3 ölkə - Sudan, Liviya və Küveyt yarışlara qoşulmaqdan imtina edib. Gənclər və İdman naziri Azad Rəhimov deyir ki, imtinanın səbəbi onlara bəlli deyil:
“3-4 gün öncə bizə məlumat daxil oldu ki, bu 3 ölkə yarışlara qatılmır. Hansı səbəblərə görə gəlmədikləri haqda sualı biz onlara verə bilmərik”.
İdmançılar ağır atletikadan tutmuş bədii gimnastikaya qədər 21 müxtəlif idman növlərində yarışacaqlar.
Hakimiyyət İslam oyunlarına Azərbaycanın ev sahibliyini növbəti uğur sayır. Rəsmi Azərbaycan qəzeti bugünkü buraxılışında “İlham Əliyev İslamiadası” sərlövhəli yazıda İslam oyunlarının Bakıda təşkilini prezidentin imza atdığı “ilk”lərdən biri kimi dəyərləndirilir.
Sonda isə bir az İslam Oyunlarının tarixinə qısa nəzər salaq. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. İkinci oyunların İranda keçirilməsi planlaşdırılsa da sonradan tədbir ləğv olunub. Media yazır ki, İran medalların üzərinə İran körfəzi yazmaq istəyib. Ərəbistan isə buna etiraz edib. Növbəti Oyunsa 2013-cü ildə İndoneziyada baş tutub.
Bakıdan sonra isə oyunlara Türkiyənin ev sahibliyi edəcəyi açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun