Ər-Riyad görüşündən nə gözlənilir? [Analitika]

Ər-Riyad görüşündən nə gözlənilir? [Analitika]
23 May 2017
Mətni dəyiş
"Bu sövdələşmə krallıqda ümid olunan ABŞ-ın İrana qarşı hərbi və ya güc siyasətinin başlaması üçün əsas olmayacaq"
Mayın 21-də Səudiyyə krallığının paytaxtı Ər-Riyadda keçirilən, radikal islama qarşı mübarizə və müsəlmanların dünyagörüşündə mülayim xəttin qurulması üzrə ortaq səylərin birləşdirilməsinə yönəlmiş Ərəb-İslam-Amerika sammiti ümumilikdə Birləşmiş Ştatların qarşıya qoyduğu vəzifələri artıq həll edib.
İrandan başqa heç bir müsəlman ölkəsinin təşəbbüskarı Vaşinqton olan sammitdə iştirakdan imtina etməməsi faktı bu tədbirin bütün iştirakçılarının radikal islamçı qruplara qarşı mübarizə üzrə qərarların qəbuluna və tədbirlərin görülməsinə hazır olduqlarını göstərir. Amma bu, o demək deyil ki, gücləndirilmiş rejimdə dünya KİV-lərinin anons etdiyi NATO-nun islam analoqu yaradılacaq.
Bəzi siyasətçilər, o cümlədən Səudiyyə Ərəbistanında, ABŞ-ın İranda rejimin cilovlanması üçün hansısa hərbi həllə hazırlaşdığını və Ər-Riyadda islam liderlərinin birgə görüşünün buna yönəldiyini düşünməklə yanılırlar. "İran burada əsas mükafatdır. Qalan hər şey xırda detallardır", deyə sammit ərəfəsində “The Guardian” Səudiyyə Ərəbistanının kral ailəsinin adını açıqlamaqdan imtina edən bir üzvünə istinadla bildirib.
Bəli, həqiqətən İran təhlükəsi amerikalıların və səudiyyəlilərin rəhbərlik etdiyi sammitin əsas mövzusu idi. Prezident Donald Tramp prezidentlik uğrunda mübarizə zamanı və sonradan İranı dünyada terrorizmin əlbiri adlandırırdı. Səudiyyə krallığının vəliəhdi Məhəmməd bin Salman da onu təsdiq edir, "İranın islam dünyasına nəzarət etmək ambisiyaları ilə əlaqədar onunla dialoqun yeri yoxdur", deyə qeyd edirdi.
Trampın səfəri zamanı ABŞ və Səudiyyə Ərəbistanında 110 mlrd. dolları silahların payına düşən 350 mlrd. dollar məbləğində sövdələşmə iki ölkə arasında səudiyyəlilərin terrorizmlə əlbir olduğunu deyən Obamanın prezidentliyi dövründə soyumuş münasibətləri yaxınlaşdırıb. Amma bu sövdələşmə krallıqda ümid olunan ABŞ-ın İrana qarşı hərbi və ya güc siyasətinin başlaması üçün əsas olmayacaq. Əlbəttə, Səudiyyə Ərəbistanı Yəməndə şiə hutilər qruplaşmasına qarşı mübarizəsində ABŞ-ın dəstəyini gözləyə bilər. Orada Səudiyyə ordusu Körfəz ölkələrindən ibarət müttəfiqləri ilə birlikdə artıq bir neçə ildir dəyişikliyə nail ola bilmir.
Bu Yaxın Şərq oyununda Vaşinqtonun əsas vəzifəsi radikalizmin aradan qaldırılması və Ərəb dünyası və İsrail arasında konsensusun axtarışıdır. Onlar arasında münaqişə gizli xarakter daşıyır və İran təhlükəsi ilə bir qədər kamuflyaj edilib. Bu gün ərəblər və yəhudilər arasında müəyyən anlayış formalaşdırılması üçün ortaq platforma İranın ortaq təhlükə kimi qəbul edilməsidir. Uzunmüddətli və hətta ortamüddətli perspektivdə anti-İran koalisiyasının formalaşması şansı yoxdur. Bunun öz səbəbləri var. Həsən Ruhaninin prezident seçkilərində qələbəsi - nüvə (hərbi) layihələrinin işlənib hazırlanmasından imtinanı nəzərdə tutan Nüvə Sazişi onun prezidentliyi dövründə imzalanıb, Qərb dünyası ilə konstruktiv dialoq və İranda mülayim islam fəlsəfəsinin inkişafı başlayıb, - İran xalqı ölkənin həm dünya səviyyəsində, həm də regional səviyyədə təcrid vəziyyətindən çıxmaq məqsədi güddüyünü göstərdi.
İlk 100 günlük proqramında və sonrakı 4 illik prezidentliyi dövründə Ruhani İranın daha da açıq olmasına, terrorizmə qarşı mübarizəyə və ABŞ və digər qəlb ölkələri ilə münasibətlərin tədricən inkişafına, habelə islam qonşuları ilə fikir ayrılıqlarının aradan qaldırılmasına üstünlük verirdi.
ABŞ paralel olaraq İranın energetika və digər layihələrində iştirak haqqında İranla danışıqlar aparır. "Amerikanın Pall şirkəti İrana texnologiyalar vermək və neft avadanlığının istehsal xəttinin işə salınmasına investisiya etmək niyyətindədir", deyə İranın Panid mühəndis şirkətinin direktoru Nedu Musavizadeqan bildirib. Söhbət 1979-cu ildə İran İslam İnqilabından sonra Amerikanın ilk investisiyalarından gedir.
ABŞ-ın energetika ilə zəngin regionda maraqları məntiqindən Tramp administrasiyasının 2030-cu ilə qədər qeyri-neft iqtisadiyyatının inkişafı proqramı həyata keçirən Səudiyyə Ərəbistanı kimi, əməkdaşlığa və islahatlara yönəlmiş İranla ciddi gərginliyə getməyəcəyini gözləmək olar. Ümumilikdə, dağınıq islam dünyasında bütün tərəflərlə əməkdaşlıqdan mümkün qədər çox dividend əldə etmək məqsədilə Amerikanın regionda tarazlaşdırılmış siyasətinin formalaşmasını gözləmək olar.
Turan Analitik Xidməti

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun