Əli Kərimli: "Ölkə rəhbərliyinin hər şeydən xəbəri olub"

Əli Kərimli: "Ölkə rəhbərliyinin hər şeydən xəbəri olub"
24 May 2017
Mətni dəyiş
"Azərbaycan Beynəlxalq Bankı (ABB) rəsmi dövlət bankıdır, böyük maliyyə kapitalına nəzarət edir, hakim ailə ölkəyə xarici bankları buraxmamaqla bu və özünə yaxın digər bankların əli ilə xalqa yüksək faizlə kreditlər verərək milyardlar qazanıblar".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bunu Beynəlxalq Bank ətrafındakı durumu şərh edərkən bildirib.
AXCP sədri bankı müflisləşməsini sıradan bir hadisə hesab etmir və deyir ki, bu bank faktiki tar-mar edilib, iri həcmli kredit adı ilə götürülən vəsaitlər hakim ailənin ətarfındakı şirkətlərə verilib, hələ indiə kimi də bu kreditləri götürənlərin kimlikləri bəlli deyil və hələ də adları çəkilmir:
"Belə çıxır ki, üst-üstə bu bankla bağlı 16 milyard manata yaxın vəsaiti uzun illər bizlər və övladlarımız ödəməli olacağıq".
Ə.Kərimli bankın keçmiş rəhbərliyi üzərində gedən məhkəmə prosesində həmin rəhbərliyin bankdan ofşor hesablara 5 milyard dollar keçirdiyi haqqında danışıldığını xatırladır və bunun inandırıcı olmadığını bildirir:
"5 milyard dollar vəsait bu az vəsait deyil, bankın dövlət bankı olduğunu nəzərə alsaq ölkə rəhbərliyinin xəbəri olmadan bu qədər vəsaitin ölkədən kənara çıxması mümkün deyil, əgər olubsa, deməli bundan ölkə rəhbəliyinin xəbəri olub, çünki bu banka nəzarət paketi dövlətin ixtiyarındadır".
AXCP sədri hesab edir ki, bank müflisləşsə də ətrafında qaranlıq məqamlar hələ də qalmaqdadır və indiyə kimi bu iri həcmli kreditləri kimlərin götürdüyünün məlum olmamasıdır:
"Adamları 10-15 min manat krediti qaytara bilmədiyinə görə, sıxırlar, inzibati cəzaya məruz qoyurlar, intihar həddinə çatdırırlar, amma 100 milyonlarla, milyardlarla vəsaitləri mənimsəyənlərin adları belə ortaya gəlmir".
Ə.Kərimli bu kreditlər verilərkən daşınmaz əmlaklar qoyulduğunu, bu haqda məhkəmə prosesində də danışıldığını deyir: "Amma həmin əmlaklar satılaraq bankın borclarının ödənməsinə yönəldilməli ikən hərraclarda belə əmlakların satılmasının şahidi olan yoxdur. Odur ki, bu bankın ətafında baş verənlər korrupsiyanın ifşasıdır və hakimiyyətin korrupsiyalaşmasının göstəricisidir".
Xatırladaq ki, 2015-ci ildə Beynəlxalq Bank kredit qalmaqalları ilə bağlı diqqət mərkəzinə gəlib. Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və daha bir qrup şəxs 2016-cı ildə uzunmüddətə azadlıqdan məhrum edilib. Bankın sağlamlaşdırılması ilə bağlı dövlət 10 milyarda qədər bu banka vəsait xərc edib. İndi məlum olur ki, bank 3,7 milyard dollarlıq xarici borclarını ödəyə bilmir və bu bocların taleyilə bağlı mayın 23-dən Azərbaycan tərəflı xarici kreditorlar arasında müzakirələr gedir .

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun