15 May 2017
Mətni dəyiş
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Qaradağ rayon Məhkəməsinin onun barəsində çıxardığı hökmündən apellyasiya şikayəti verib.
Bu barədə Trend-ə açıqlamasında Ə.İnsanovun vəkili Toğrul Babayev bildirib.
Vəkil qeyd edib ki, şikayət artıq Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Apellyasiya şikayətində hökmün ləğv edilməsi və Ə.İnsanova bəraət verilməsi istənilib.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan Ə.İnsanov apellyasiya şikayəti verib.
Qeyd edək ki, ötən il avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Ötən il oktyabrın 11-də Ə.İnsanov barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 11-də prokurorluğun təqdimatı ilə Qaradağ rayon Məhkəməsi Ə.İnsanov barəsində həbs qətimkan tədbirinin daha 2 ay, martın 3-də isə daha bir ay uzadılması barədə qərarlar çıxarıb.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.