Aprelin 1-də 85 yaşında vəfat etmiş Yevgeni Yevtuşenko ötən əsrin ikinci yarısının ən məhsuldar və ən çox oxunan rus şairi idi. O, 20 poemanın, təxminən 200-dək şeir və mahnı mətnlərinin müəllifidir.
İncəsənət tarixçiləri deyirlər ki, şah əsərlər nəyəsə qarşı mübarizədən yaranır və bu mənada mədəniyyətin inkişafı üçün ən yaxşı vaxt sənətkarın "sıxışdırıldığı", amma boğulmadığı vaxtdır.
Stalindən sonrakı epoxa liberal meyllərini və sovet reallığına tənqidi mövqeyini gizlətməsə də, şöhrət çələngi və firavan həyat qazanmış istedadlı şairlərin, yazıçıların və rejissorların xüsusi kateqoriyasını meydana gətirmişdi.
Vısotski, Voznesenski, Ryazanov, Qayday, Lyubimov, Struqatski qardaşları və əlbəttə, Yevtuşenko icazə verilənin sərhədində var-gəl edirdilər. Onlar deputat və ya Lenin mükafatı laureatları ola bilməsələr də, işləmələrinə imkan verilirdi. Belələrinin yüksək rəhbərliklə və senzura ilə kəllələşməsi barədə söz-söhbətlər isə cəmiyyətinin ürəyinə yağ kimi yayılırdı.
"Yevtuşenko klassik altmışıncılardandır. Yaxşı adamdır. Bir az əziz-avara olsa da, qorxulu illərdə çox xeyirxahlıqlar edib. O, ədalətsizliyi və qəddarlığı görəndə döyüşə atılırdı (Çexoslavakiya, Daniel və Sinyavskininin məhkəməsi, Brodskiyə divan tutulması, Soljenitsının taleyi).
Lakin o, ölümcül son həddi aşmırdı. Şeirlərində isə bu həddi də aşırdı. Senzorlar bəzən şeirləri başa düşmürdülər, çünki sətirlərin arasını oxuya bilmirdilər. Ya da oxumaqdan qorxurdular. Bu qədər məşhur şairə kim baş qoşmaq istərdi ki? Bunu Andropov da başa düşürdü. Soljenintsın, Valdimov, Aksyonov, Voynoviç, Qaliç yad idilər. Amma Yevtuşenkonu az-çox doğma hesab etmək olardı" - yazırdı Valeriya Novodvorskaya.
Sibirdən Moskvaya
Gələcək klassik 1932-ci ilin 18 iyulunda İrkutsk vilayətinin Nijneudinsk qəsəbəsində Baltikyanıdan çıxmış alman əsilli Aleksandr Qanqnusun ailəsində dünyaya göz açmışdı. Atası hidrogeoloq idi və onun ixtiralarından sonralar Bratsk SES-in tikintisində istifadə emişdilər. O poeziyanı sevirdi.
"…İnanırsız inanın, inanmırsız yox, mən Sibir şairiyəm, fəxr edirəm çox..." - yazırdı Yevtuşenko, hərçənd Sibiri hələ körpə ikən tərk etmişdi.
Müharibə illərində etnik almanlara olan münasibət bəlli idi. Buna görə də ailə Moskvaya köçəndən sonra anası Jenyanın soyadını dəyişərək ona özünün qızlıq familiyasını vermişdi.
Berlin hasarı ucaldılandan sonra Ulbrixt Xruşşova gileylənmişdi: Sizin Yevtuşenko ADR-də olanda deyib ki, bir gün Almaniya vahid olacaq.
"Yaxşı mən indi onunla nə edim? - deyə soruşmuşdu sovet lideri, - Sibirə göndərim? O elə orada doğulub da!"
Erkən şöhrət
Yevtuşenkonun ilk şeiri 1949-cu ildə "Sovetski sport" qəzetində dərc olunmuşdu. Bundan üç il sonra Yevtuşenko o vaxtlar icbari olan Stalinə sevgi ruhunda yazılmış "Gələcəyin kəşfiyyatçıları" şeirlər toplusundan sonra SSRİ Yazıçılar İttifaqının ən gənc üzvü ola bilmişdi.
"Mən bunun bədəlini bilirdim və başqa cür yazmaq istəyirdim" - yazırdı Yevtuşenko sonralar xatirələrində.
Lakin tezliklə qulaqbatırıcı şöhrət gəldi. "XX qurultayın uşaqları" - gənc şairlər - Yevtuşenko, Rojdestvenski, Voznesenski, Okucava, Axmadulina "istiləşmə" zəmanəsinin ruhunu və əhvalını əks etdirən şeirlərini çoxminli auditoriyalarda oxuyurdular və buna görə də tarixə "stadion şairləri" kimi düşmüşdülər.
Moskva Politexnik Muzeyinin Böyük zalında keçirilən poeziya axşamları xüsusilə populyar idi. Yevtuşenko ömrünün sonuna qədər hər il özünün ad günlərində burada çıxış edirdi.
Əsl siyasətin və sahibkarlığın olmadığı bir ölkədə adamların mədəniyyətlə maraqlanmaq üçün kifayət qədər vaxtları vardı. Ədəbiyyat və poeziya parlament debatlarını və publisistikanı əvəz edirdi. 1990-cı illərdən fərqli olaraq cəmiyyət açıqlıq və pafosdan utanmırdı.
Yevtuşenkoda məhəbbət lirikası yaxşı alınsa da, o öz həmqələmləri arasında ən siyasiləşmiş şair idi. "Rusiyada şair çox böyük sözdür" - Yevtuşenkonun həyat devizinə çevrilmişdi.
O, Mayakovskidən nümunə götürdüyünü gizlətmirdi. Amma bu, poetik formada yox, carçı rolunda zühur edirdi.
Bir sıra tənqidçilərin fikrincə, Yevtuşenko "Günəşlə qardaşlıq edən Mayakovskinin" özünəməftunluğunu götürmüşdü. "Jenya istəyir ki, onu hamı sevsin: qızlar da, Brejnev də.." - yazırdı rejissor Andrey Tarkovski.
Eyhamla və birbaşa
[caption id="attachment_30045" align="alignnone" width="1500"]
Moskva, Çaykocski Konsert Zalı - 28 dekabr 1962 - AP Photo[/caption]
Yevtuşenko Ezop dilindən ustalıqla istifadə edirdi. O, məhdudiyyətsiz hakimiyyəti, polis dövlətini, xəbərçiliyi, senzuranı, mütiliyi qamçılayır, amma özünü elə aparırdı ki, guya söhbət yalnız çarizmdən və ya okeanın o tayındakı Düvalye tonton-makutlarından gedir.
O, Vyetnam müharibəsini və neytron bombasını tənqid edir, lakin bunu sinfi deyil, ümumbəşəri mövqedən edirdi. O, eyni qaydada "Qazan Universiteti" poemasında Leninə yazdığı mərsiyyənin arasında belə sözlər də işlədirdi: "Yalnız düşünən xalqdır, qalanı əhalidir..."
Bəzən isə birbaşa vururdu.
O, 1961-ci ildə "Babiy Yar" poemasını yazmış və bu əsər 72 dilə tərcümə olunmuşdu. Poema bu sətirlərlə başa çatırdı: "Yəhudi qanı axmır mənim damarlarımda, amma yəhudi kimi antisemitlərə mən, yaman nifrət edirəm, çünki əsl rusam mən".
Şairi bəzən tənqidlə darmadağın edirdilər. Bunu, məsələn Xruşşovun özü də edirdi. "Babiy Yar" poemasını çap etmiş "Literaturnaya qazeta"nın baş redaktoru Valeri Kosolapovu vəzifəsindən atmışdılar.
1962-ci ildə "Pravda" qəzeti "Stalinin varisləri" şeirini dərc etmişdi.
"Biz onu çıxardıq o Mavzoleydən, amma necə çıxaraq onun varislərini?"
Uçurumun ucunda
Yevtuşenkonun həyatının bəzi epizodları onun üçün çox pis qurtara bilərdi.
1961-ci il, dekabrın 11-də Xruşşovun ziyalılarla görüşündə Yevtuşenko heykəltəraş Ernst Neizvestnının müdafiəsinə qalxmışdı. Halbuki bu heykəltəraşa MK-nın birinci katibi açıq şəkildə demişdi ki, "ölkəmiz xoşuna gəlmirsə, rədd olub gedə bilərsən".
"Qozbeli qəbir düzəldər" - deyə Xruşşov yumruğunu masaya çırpmışdı.
"Ümid edirəm ki, insanları yalnız qəbirin düzəltdiyi vaxt birdəfəlik keçib" - demişdi Yevtuşenko.
İştirakçıların arasına sükut çökmüş, amma birinci katibin özü əl çalmışdı.
1963-cü ilin martında Parisdə olarkən şair nəzmlə yazılmış tərcümeyi-halını "Ekspress" məcmuəsinə vermişdi.
Yuxarıların ən çox qəzəbinə səbəb olan bu idi ki, Yevtuşenko bu şeirdə ölkədə heç də hər şeyin qaydada olmadığını hələ 20-ci qurultaydan əvvəl başa düşdüyünü yazmışdı.
Bundan sonra sovet qəzetləri bir-neçə ay ərzində "xlestakovçuluqdan", "siyasi maymaqlıqdan", "Avropada özünü kəndçi qızı kimi aparmaqdan" bəhs edən tənqidi yazılar dərc etmişdi. Pravda qəzeti Sergey Mixalkovun "Arıquşu xaricdə" adlı təmsilini çap etmişdi. Təmsil bu misra ilə qurtarırdı: "Xaricə göndərməyək belə arıquşunu".
Yevtuşenkonu bir müddət doğrudan da xaricə buraxmamışdılar. Heç onu çap da etmirdilər. O vaxta qədər ki, axırda ideya baxımından düzgün olan "Bratsk SES" poemasını yazmışdı.
"Praqada tanklar gəzir" şeirini o 1968-ci ilin 23 avqustunda birnəfəsə yazmışdı. Bu şeiri samizdat yaymışdı, amma şeirin özü yalnız yenidənqurma illərində dərc olunmuşdu.
Yeri gəlmişkən, Yevtuşenko xaricə başqa qələm yoldaşlarından daha tez-tez gedirdi və 100-dək ölkədə olmuşdu. Təbii ki, gömrükdə onun baqajını yoxlamırdılar.
Lakin o, 1972-ci ildə ABŞ-da Nixon-la görüşdən sonra qayıdanda şairi Şeremetyevo hava limanında dördsaatlıq alçaldıcı yoxlamaya məruz qoymuş, çemodanından qadağan olunmuş 124 kitab və jurnal tapmışdılar.
Əslində Sovet qanunlarına görə, Yevtuşenkonu həbsxana cəzası gözləyirdi. Lakin o, izahatında yazmışdı ki, guya bu ədəbiyyatı "düşmənin ideologiyasını" daha yaxşı başa düşmək və onunla daha yaxşı mübarizə apara bilmək üçün gətirirmiş.
Ertəsi gün Yevtuşenkonu DTK-nın Kuznetsk körpüsündəki qəbul otağına çağırmışdılar.
Yüksək rütbəli çekist onunla mülayim söhbət etmiş və demişdi ki, onu yaxın çevrəsindən olan birisi "baqaja qoyub" və gələcəkdə dostlarını seçəndə diqqətli olmalıdır.
Maraqlıdır ki, müsadirə olunmuş kitabların çoxunu üç aydan sonra qaytarıb özünə vermişdilər.
İosif Brodski dövlət təhlükəsizliyinin belə lütfkarlığını onunla izah etmişdi ki, onun qələm yoldaşı Lubyankanın xəbərçisidir. O, belə bir ifadə işlətmişdi: "Əgər Yevtuşenko desə ki, o, kolxozların əleyhinədir, mən deyəcəyəm ki, kolxoz tərəfdarıyam".
Amma buna baxmayaraq Brodskinin özünü "tüfeyliliyə" görə dama basanda, Yevtuşenko italyan kommunistlərinin vasitəsilə ona kömək etmək istəmişdi.
Siyasətin içində
1989-cu ildə SSRİ xalq deputatlarının qurultayında yaradıcı ziyalıların qaymağı toplaşmışdı.
Yevtuşenko böyük səs çoxluğu ilə Xarkovun seçki dairələrindən birində qalib gəlmişdi.
O, "Memorial" cəmiyyətinin və yenidənqurmaya yazıçı dəstəyi verən "Aprel" hərəkatının yaradılmasında iştirak etmişdi.
Şair Rusiyada biznesmen və siyasi texnoloqların zəmanəsi gələndə ABŞ-a dərs deməyə getmişdi, amma öz vətənində çap olunmaqda davam edirdi.
O, 2010-cu ildə özünün şəkil kolleksiyasını dövlətə bağışlamışdı. Burada ona Picasso və Şaqal tərəfindən şəxsən bağışlanmış qiymətsiz tablolar da vardı.
"Altmışıncılar" sözü vaxt keçdikcə məsxərə predmeti olmuş, sağdan və soldan tənələrə məruz qalmışdı. Amma Yevtuşenko həyatının son günlərinə qədər deyirdi ki, bu adla fəxr edir.