ABŞ prezidenti Donald Trump Suriyanın şimalında onlarla dinc sakinin ölümünə səbəb olmuş ölkənin hərbi hava qüvvələri tərəfindən törədildiyi iddia edilən kimyəvi silah hücumunu pisləyib.
O, hadisəni "insanlığa təhqir" adlandırıb. "Siz günahsız uşaqları, günahsız körpələri, balaca körpələri öldürəndə, bir çox xətti keçmiş olursuz", o deyib. Cənab Trump çıxışı zamanı kimyəvi qazın üsyançıların silah anbarında olmasilə bağlı Rusiyanın iddiaları barədə heç nə deməyib. Lakin BMT-dəki Amerika nümayəndəsi Rusiyanı Dəməşqin etdiklərini ört-bastır etməkdə ittiham edib. BMT Təhlükəsizlik Şurasında çıxış edən Nikki Haley ABŞ tərəfindən birtərəfli hərəkətin mümkünlüyünə işarə edib. Suriya hökuməti öz qoşunlarının kimyəvi silah hücumu həyata keçirməsi barədə deyilənləri təkzib edib. Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu bildirib ki, çərşənbə axşamı İdlib vilayətinin Xan Şeyxun şəhərinə hücumda 20 uşaq da daxil olmaqla 72 nəfər həlak olub. Hadisə yerində çəkilən videoda təngnəfəs insanların (onların çoxu uşaqdır) ağzında köpüyün əmələ gəlməsini görmək olar. Şahidlərin sözlərinə görə, xəsarət alanların müalicə olunduğu klinikalar hava zərbələrinin hədəfinə çevrilib. ABŞ Dövlət Katibi Rex Tillerson Rusiyanı "Suriya prezidenti Bəşər Əsədə dəstək vermək barədə diqqətli düşünməyə" çağırıb. Yalnız ötən həftə Nikki Haley ABŞ-ın daha Suriya prezidenti Bəşər Əsədin vəzifəsindən getməsini prioritet saymadığını demişdi. Rusiya, Suriya təyyarələrinin Xan Şeyxuna hücumunu etiraf etsə də deyir ki, təyyarələr İraqdakı yaraqlıların istifadəsi üçün nəzərdə tutulmuş kimyəvi silahla təchiz edilmiş silah-sursat istehsal edən anbarı bombalayıblar. Qərb qüvvələri Suriya hökumətini 2013-cü ilin avqustunda Dəməşq yaxınlığındakı Ghouta (Ğuta) regionuna zəhərli maddələrlə zənginləşdirilmiş raketlərburaxmaqda və yüzlərlə insanın ölümünə səbəb olmaqda ittiham edib. Prezident Əsəd ittihamı təkzib edib və üsyançıları günahlandırıb. Lakin sonralar o, Suriyanın kimyəvi arsenalının məhv edilməsinə razılaşıb. Suriyanın vətəndaş müharibəsində 250 mindən artıq adam həlak olub.