1 saylı Bakı İstintaq Təcridxanasında vəfat edən siyasi məhbus Mehman Qələndərov bu gün dəfn olunub. Dəfndən ictimaiyyət nümayəndələrinin xəbəri olmayıb.
Bu barədə hüquqmüdafiəçisi Oqtay Gülalıyev saytımıza məlumat verib. Onun bildirdiyinə görə, bu gün dəfndən sonra ictimaiyyət nümayəndələri, siyasi fəallar, jurnalistlər Mehman Qələndərovun məzarının başına toplaşıb.
Abzas.net-in məlumatına görə, Oqtay Gülalıyev bildirib ki, vəfat edən siyasi məhbus ölkədə daxilində və ölkə xaricində bir neçə etiraz aksiyasının iştirakçısı və təşkilatçısı olub:
"Referendumla konstitusiyaya edilən mürtəce dəyişikliklərə etiraz əlaməti olaraq Tiflisdə keçirilən "Biz kral istəmirik" aksiyasının təşkilarçılarından olub. Bakıya qayıdandan sonra isə fevralın 7-də Facebookda "Hamımız Qiyas olaq! Qul olma!" yazıb. Bundan sonra Heydər Əliyevin heykəlininin önünə gedərək orada tək başına aksiya keçirib, şüarlar səsləndirib".
Hüquq müdafiəçisinin dediyinə görə, son aksiyadan sonra Mehman Qələndərov həbs edilib.
"Dünən əldə etdiyim məlumata görə, həbsindən sonra polis bölməsində ona çox ağır işgəcələr verilib, qeyri-insani münasibət göstərilib. Və ona orada deyiblər ki, sən həbs olunacaqsan və oradan sağ çıxmayacaqsan. Biz Mehman Qələndoruv barəsində məlumatlar toplayıb onu siyasi məhbus siyahısına əlavə etmişdik. Təəssüf ki, biz onu daha çox müdafiə edə bilmədik. İnanırıq ki, onun ölümünə səbəb olanlar gec-tez öz cəzasını alacaqlar" - deyə O.Gülalıyev bildirib.