Bu il Rusiyada Romanovlar sülaləsinin devrilməsinin və həmçinin bolşevik, sovet idarəçiliyinin qurulmasının 100 illiyidir.
Mən indi, Rusiyada monarxiyanın devrilməsinin və sonra 20-ci əsr boyu baş verən hadisələrin imperiyanın idarəçilyi altında olmuş bəzi xalqların taleyinə necə təsir etdiyini yada salmaq istəyirəm.
Çox səthi şəkildə, başlıca nəticəni xatırlatmaqla bəsit bir müqayisə aparacağam.
Beləliklə, 1917-ci ilin sonunda Finlandiya müstəqilliyinin bərpasını elan edərək, Rusiyadan ayrıldığını bildirir. Birinci Dünya Müharibəsinin qurtarmasından dərhal sonra isə Polşa da respublika elanı ilə müstəqilliyini rəsmən bərpa etmiş olur.
Həmçinin eyni dövrdə Baltikyanı və Cənubi Qafqaz xalqları da Rusiyadan qoparaq müstəqil respublikalar yaradırlar.
Təbii ki, 1917-ci ilin oktyabrından sonra hakimiyyətə gəlmiş bolşeviklər bu ərazi itkilərilə razılaşmırdılar.
İmperiyanı "xalqlar həbsxanası" adlandırıb lənətləsələr də, fərqli şüarlarla itirilmiş imperiya ərazilərini qaytarmağa cəhd edirdilər və müstəqillik yolunu tutanlara qarşı hərbi müdaxiləyə əl atırdılar.
Lakin imperiya boyunduruğundan qurtulmaq istəyənlərə qarşı aparılan bu müharibələrin, müdaxilələrin müxfəlif nəticələri olmuşdur.
1920-ci illərin əvvəllərində Finlandiya, Polşa, Baltik respublikaları Rusiya ilə müharibələrdə müstəqilliklərini qoruya bilmiş, Cənubi Qafqaz isə yenidən, bu dəfə bolşevik Rusiyası tərəfindən ələ keçirilmişdi.
Burada haşiyədən çıxaraq qeyd etmək lazımdır ki, xeyli tarixçilərin fikrinə görə Cənubi Qafqaz xalqları suverenliklərini əvvəl de-fakto, sonra de-yure itirsələr də, onların sovetləşməyə qədərki müstəqillyi SSRİ adlanan ittifaqın yaranmasının əsas səbəblərindın biri idi.
Yəni, əgər bu respublikaların müstəqilliyi olmasa idi, SSRİ də yaradılmayacaqdı.
Bolşeviklərin geri qaytarmağa müvəffəq olduğu bütün sabiq imperiya əraziləri Rusiya Federasiyasının tərkibinə qatılacaqdı. Hərçənd faktiki olaraq SSRİ özü də Rusiya dövlətinin sadəcə yeni adı idi.
Polşa, Baltik respublikaları və Finlandiya
Əsas mövzumuzu davam edərək, yada salaq ki, İkinci Dünya Müharibəsi dövründə Rusiya, Baltik respublikalarını da öz birbaşa rəsmi idarəçiliyi altına qaytarmağa nail oldu.
Polşa isə bu müharibədən sonra formal müstəqilliyini itirməsə də, faktiki olaraq tamamilə Rusiyanın nəzarəti altına düşdü, onun diktəsi altında oxşar idarəçilik sistemində yaşamaq məcburriyyətində qaldı.
Amma Finlandiya bu dəfə də yalnız ərazi itkisi ilə canını qurtardı və Rusiya onun nə formal müstəqilliyinə son qoya bildi, nə də faktiki birbaşa təsiri altına salmağı müvəffəq oldu.
Nəticədə Finlandiya Moskvanın diktəsindən kənarda qala bildiyi üçün inkişaf edərək rifah səviyyəsinə görə nəinki Rusiyanı qat-qat geridə qoydu və hətta dünyanın ən nümunəvi ölkələrindən birinə çevrildi.
Polşa və Baltik respublikaları bir də yalnız 40 ildən sonra, SSRİ-nin zəifləyib çöküşü dönəmində, Rusiyanın birbaşa diktəsindən və təsirindən tamamilə üzülüşərək, öz həyatlarını öz arzuladıqları kimi qurmaq şansı qazandılar.
Ən əsası, bu üzülüşmə sadəcə formal xarater daşımadı, onlar xeyli ölçüdə Rusiyanın təsirindən ayrılmağı bacardılar. NATO və Avropa İttifaqına inteqrasiya etdilər.
Nəticədə, doğrudan da o vaxtdan keçən üç onilliyə yaxın dövr ərzində bunlar da normal inkişaf yolu ilə rifah və azadlıqlara görə keçmiş metropoliyanı, yəni Rusiyanı geridə qoyub, daha yaşamalı yerə çevrilməyi bacardılar.
Bu müqayisəni digər misallarla da davam etdirmək mümkündür. Misal üçün, İkinci Dünya Müharibəsindən sonra Rusiyanın sistem təsirinə düşmüş Koreyanın şimalında qorxunc bir rejim qurulsa da, bu təsirdən tamamən kənarda qala bilmiş Cənubi Koreya iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi.
Yaxud, eyni dövrdə Almaniyanın Rusiyanın təsiri altlna düşmüş şərq hissəsi sanki bu ölkənin klassik ənənələrini də unudaraq "Trabant" adında rişxənd obyektinə çevrilmiş bir avtomibil istehsal edirdisə, Qərbi Almaniya tarix üçün çox qısa müddətdə yenidən Avropa və dünyanın iqtisadi cəhətdən ən güclü, ən rifahlı ölkələrindən biri oldu.
Cənubi Qafqaz bu gün
Rusiyanın təsirindən, ambisiyalarından yaxa qurtarmaq asan iş deyil. Təəssüf ki, Cənubi Qafqaz bir sıra mürəkkəb səbəblərin təsiri ilə buna nail olmaqda indi də çətinlik çəkir. Yuxarıda haqqında danışılan ölkələr kimi adekvat inkişaf yolu tuta bilmir.
Amma bu istiqamətdə irəliləyə bilmiş istənilən ölkə dərhal bəhrəsini də görür. Qonşumuz Gürcüstanın bu sahədəki qibtəolunası nailiyyətləri də əyanı misaldır.
Avropa İttifaqına vizasız gediş hüququnun əldə edilməsi, bu nailiyyətlərin ibarəli desək, tanınmasından, göstəricilərindın biridir. Təəssüf ki, bu yol təhlükəli yoldur və Gürcüstana da asan başa gəlmədi.
Elə vaxtilə Finlandiya da boyunduruğu atmaq istədiyi üçün qonşunun təcavüzü ilə üzləşmiş və ağrılı itkiləri olmuşdu. Fəqət yenidən boyunduruq altına düşməmiş, ondan yaxa qurtara bilmiş və beləliklə, tərəqqinin yolunu özü üçün aça bilmişdi.
Nəhayət, sonda əlavə edim ki, idarəçilik üsullarının mahiyyətindən doğan bu cür siyasəti ilə, qeyri-düzgün istiqamətə yönləndirilmiş ambisiyaları ilə Rusiya yalnız qonşularının deyil, elə özünün də adekvat inkişafına mane olur.
Böyüklüyün əhalinin rifahından kənar müstəvilərdə axtarılması, ona normal tərəqqi relslərinə çıxmağa imkan vermir.