5 Aprel 2017
Mətni dəyiş
Aprelin 4-də Suraxanı rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun vəkilə göndərdiyi məktubların Bakı İstintaq Təcridxanası tərəfindən oxunaraq vəkillə ünsiyyətinin konfedensiallığının pozulması ilə bağlı şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Süleyman Ağayevin sədrliyi ilə keçirlən prosdə Qiyas İbrahimov iştirak etməyib.
Prosesdə təcridxananın əməkdaşları ifadə veriblər. Onlar bildiriblər ki, təcridxanada məktubların zərfdə göndərilməsi mümkün deyil və məhbuslara zərf paylanılmır.
Q. İbrahimovun vəkili Elçin Sadıqov isə Qiyas İbrahimovun məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb. Buna səbəb kimi hakim bildirib ki, Qiyas İbrahimovun məhkəmədə iştirakının təmin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsindən icazə alınmalıdır.
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə ötən il mayın 10-da saxlanmışdı. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb. Q.İbrahimov və B.Məmmədov 2016-cl ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar ittihamı qəbul etmir və həbslərini Heydər Əliyevin heykəlini yazmaqları ilə əlaqələndirirlər. Hər iki gənc siyasi məhbus kimi tanınır.