“Polkovnik bildirdi ki, oğlumun maşınından silah və ya narkotik çıxa bilər"

“Polkovnik bildirdi ki, oğlumun maşınından silah və ya narkotik çıxa bilər"
29 Aprel 2017
Mətni dəyiş
MTN işində zərərçəkənlər arasında paytaxtın Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Ələkbər Heydərov da var. Onun adı MTN-in Antiterror Mərkəzinin keçmiş rəhbəri, general Elçin Quliyevlə bağlı ayrılmış cinayət işində keçir.
Amma Ələkbər Heydərov ondan tələb olunan 300 mini Elçin Quliyevin müavini, həbsindən təxminən iki ay sonra – 2015-ci ilin dekabrında Kürdəxanıdakı istintaq təcridxanasında özünü asaraq intihar etmiş MTN polkovniki İlqar Əliyevə verdiyini deyir.
Azadlıq Radiosu xəbər verir ki, Ələkbər Heydərovun ifadəsinə görə, onu MTN-ə çağırıb 500 min tələb olunanda icra başçısının müavini idi. O, 2001-ci ildən 2013-cü ilə qədər bu vəzifədə işləyib. Hadisə isə 2011-ci ilin mayında baş verib. MTN-də ona deyiblər ki, saxta sərəncamlar verib, bir vətəndaşa məxsus torpaq sahəsini başqasına satılıb. Heydərovun sözlərinə görə, o da MTN əməkdaşlarına sərəncam vermək səlahiyyətlərinin olmadığını deyib, amma onun söylədiklərinə əhəmiyyət verən olmayıb. Heydərov deyir ki, ona Abşeron rayon İcra Hakimiyyəti başçısının sabiq müavininin başına gələnləri misal çəkiblər. Eşitdiriblər ki, tələblərinə əməl olunmasa, onun özü və oğlu da eyni aqibətlə üzləşə bilər.
“Dedilər ki, bir müddət əvvəl onu da MTN-ə çağırıblar. O da əvvəlcə törətdiyi əməlləri etiraf eləmək istəməyib. Amma sonradan məsuliyyətdən azad edilmək üçün pul verməyə razılaşıb. Buraxılandan sonra aradan çıxıb, söz verdiyi məbləğı gətirməyib. Bir müddət sonra onun özünü narkotik qaçaqmalçılığı ilə həbs ediblər.
MTN əməkdaşları bunu mənə danışandan az sonra məni polkovnik rütbəli İlqar Əliyevin otağına apardılar. Məni ora aparanlar özləri çıxıb getdilər, ikimiz qaldıq. İlqar Əliyev bildirdi ki, MTN-ə nazir Eldar Mahmudova məruzə olunmaqla çağrılmışam. İlqar Əliyev də məni saxta sərəncam verməklə torpaq sahələri satmaqda ittiham etdi. Ona da bu məsələlərə adiyyətim olmadığını bildirdim”, – Heydərov ifadəsində belə yazıb.
Onun sözlərinə görə, mərhum polkovnik söhbətin davamında onun özünün və ya oğlunun həbs oluna biləcəyinə işarə edib. Ona gənc yaşda övladının olduğunu xatırladıb, onun siqaret çəkib-çəkmədiyini, silahı olub-olmadığını soruşub: “Oğlumun maşınından silah və ya narkotik çıxa biləcəyini bildirdi, özümdən çox oğlumu nəzərə almağımı istədi. İlqar Əliyevin bu sözündən həyəcanlandım. Fikirləşdim ki, dediklərini eləyərlər, məni və ya ailə üzvlərimi şərləyərlər”.
Ələkbər Heydərov deyir ki, ona görə də onların tələblərini yerinə yetirmək qərarına gəlib. İlqar Əliyev ondan əvvəlcə 500 min istəyib, amma o, həmin məbləğə gücü çatmadığını bildirib. Bundan sonra məbləğ 300 minə düşüb və həmin pulu toplayıb gətirmək üçün ona bir həftə vaxt verilib: “İlqar Əliyev dedi ki, o pulun böyük hissəsi nazirə və idarə rəisinə (Elçin Quliyev-red.) çatacaq, onun özünə az qalacaq”.
Ələkbər Heydərov deyir ki, MTN-dən çıxandan sonra qardaşı Abbasəli Heydərov da ona deyilən pulu toplayıb çatdırmağı məsləhət görüb. Deyib ki, MTN çox təhlükəlidir, istədiklərini eləyərlər: “Ona görə də qardaşımın, oğlumun dostlarından borc alıb, 300 mini düzəltdim, İlqar Əliyevin kabinetində şəxsən onun özünə verdim”.
Heydərov başına gələnlər barədə heç yerə şikayət etməməsini isə belə izah edib: “O dövrdə MTN-dən şikayət etməyin heç bir mənası yox idi...”
Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub.
Elçin Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun