Pedro Aqramuntu rüsvaycasına istefa gözləyir

Pedro Aqramuntu rüsvaycasına istefa gözləyir
24 Aprel 2017
Mətni dəyiş
Çox güman ki, AŞPA sədri Pedro Aqramuntu yaxın vaxtlarda vəzifəsindən çıxaracaqlar. Bu gün AŞPA-nın yaz sessiyasının açılışında baş verən qalmaqal belə qənaətə gəlməyə əsas verir.
Bir ay öncə Aqramunt Moskvanın köməyilə Suriyaya gedib və Rusiyanın Xmeymim bazasına baş çəkib, sonra Əsədlə görüşüb. Aqramuntun bu hərəkəti AŞPA üzvlərinin çoxunu qəzəbləndirib və sessiyanın açılışında bununla bağlı ondan açıqlama tələb ediblər.
Aqramunt anlaşılmaz şəkildə izahat verməyə çalışıb və səhvə görə üzr istəyib. O, Rusiya KİV-ni onun səfərindən öz məqsədi üçün istifadə etməkdə suçlayıb. Bu barədə Turan-a sessiya iştirakçılarından biri bildirib.
Ancaq bu, AŞPA üzvlərini qane etməyib. Onlar Aqramuntun öz hərəkəti ilə bağlı açıqlama verməsi üçün xüsusi iclasın keçirilməsini tələb ediblər. Aqramunt bu məsələyə AŞPA bürosunda baxılması üçün onları razı salmağa çalışıb. Ancaq müxtəlif ölkələrdən olan deputatlar və qruplar ayağa qalxaraq deyiblər ki, “ya səfərə aydınlıq gətirilməsi ilə bağlı dinləmələrə razı olmalısınız, ya da elə buradaca sizə etimadsızlıq məsələsini qaldırmaq lazımdır”.
Bu bəyanatlar o qədər sərt olub ki, Aqramunt 10 dəqiqəlik fasilə elan edib, ancaq 10 dəqiqədən sonra sədrlik kürsüsünə qayıtmayıb.
Kürsünü tutan AŞPA-nın vitse-prezidentlərindən biri, britaniyalı Rocer Geyl  deyib ki, Aqramuntun faktiki olaraq dindirilməsi ilə bağlı dinləmələr sabah olacaq, hələlik iclası o idarə edəcək.
Aqramunt rəsmi Bakının böyük dostudur. Bundan öncə Monitorinq Komitəsinin məruzəçisi olub. Onun fəaliyyəti hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar Aqramuntu korrupsiyada və Azərbaycanda insan hüquqlarnın pozulması faktlarının gizlədilməsində ittiham ediblər.
Bir ay öncə AŞPA baş katibi Yaqland da Aqramunta qarşı çıxıb. O, 2013-cü ildə digər deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hesabatının baş tutmaması üçün Azərbaycan nümayəndələrinin italiyalı deputat Volonteyə rüşvət verməsi faktının araşdırılmasından imtina etməsindən qəzəblənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun