29 Aprel 2017
Mətni dəyiş
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Sülymanova daxili işlər naziri Ramil Usubova müraciət edərək həbsdəki bloqqer Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi ilə təmin olunmasından ötrü zəruri addımların atılmasını xahiş edib.
Bu haqda AzadlıqRadiosuna bloqqerin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, bununla bağlı onu Ombudsman Aparatı məlumatlandırıb.
Elçin Sadıqovun deməsinə görə, Ombudsmanın daxili işlər nazirinə ünvanladığı məktubda ona istinadən qeyd edilir ki, M.Hüseynovun şəxsiyyət vəsiqəsini 2012-ci ildə Səbail rayon Polis İdarəsi götürüb. Bloqqer dəfələrlə müraciət etsə də onun şəxsiyyət vəsiqəsini geri verməyiblər.
E.Süleymanova R.Usubovdan xahiş edib ki, bloqqerin şəxsiyyət vəsiqəsi ilə bağlı durum araşdırılsın və müvafiq tədbir görülsün.
Ombudsman Aparatı Mehman Hüseynovun sağlıq durumunun araşdırılmasından ötrü də müvafiq addım atıb.
Aparat rəhbəri Aydın Səfixanlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məktub göndərib.
İdarənin rəisinə ünvanlanan məktubda M.Hüseynovun müayinə edilməsi, əməliyyata ehtiyacının olub-olmamasının araşdırılması və Ombudsman Aparatına məlumat verilməsi xahiş olunur.
M.Hüseynovun 5 ilə yaxındır ki, şəxsiyyət vəsiqəsi yoxdur.
Qeyd edək ki, həbsdəki bloqqerin sağlıq durumunda da problem olduğu deyilir. Vəkilinin açıqlamasına görə, venasında problemlər olan bloqqerin ağrıları artıb, o, əməliyyat edilməlidir.