29 Aprel 2017
Mətni dəyiş
Kürdəxanı təcridxanasında saxlanılan bloger Mehman Qələndərov dünən intihar edib. O, kamerada özünü mələfə ilə asıb. Bunu Turan-a hüquq müdafiəçiləri bildiriblər.
Penitensiar Xidmətdən və Sabunçu Rayon Prokurorluğundan şərh almaq mümkün olmayıb.
2017-ci il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, CM-in 234.2-ci maddəsilə ittiham olunub.
Həbs günü M.Qələndərov Facebook səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib) kimi olaq. Qul olma!”
Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.
Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.
M.Qələndərov 1977-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. Fəlsəfə, Sosiologiya, Politologiya Kollecində 10 ildən çox dərs deyib.
Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.
2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.
Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək Facebook səhifəsində dərc edib.