22 Aprel 2017
Mətni dəyiş
Sivilizasiyaların toqquşması haqqında deyilənlər nağıl deyil, gerçəklikdir və reallaşmaqdadır. Buna əmin olmaq üçün CNN kimi transmilli telekanallara baxmaq kifayətdir.
Firavan Avropadan müsəlman Şərqinə keçən kimi mənzərə dəyişir, ekranları partlayış, dağıntı, qəzəbli kütlə tutur, arada cır-cındır içindəki uşaqlarını yanına yığmış çadralı qadın və əlində silah “Alllahu-əkbər” deyən saqqallı kişi də görünür. Əfqanıstan, Suriya, İraqdan olan süjetlər, adətən bu şəkildə verilir və beyinlərə müsəlmanların geridə qalmış və həm də qorxunc obrazı sızdırılır. Təəssüf ki, müsəlman ölkələri də bu yanaşma üçün əsas verir.
* * *
Hələ bir əsr əvvəl Üzeyir bəy müsəlman aləminin məzlumluğundan, Sabir və Mirzə Cəlil cahilliyindən, F.Köçərli yarımçıqlığından, İ.Qaspiralı fikir və zehniyyət donuqluğundan şikayətlənirdi. Şərqin “mürgülü” təbiətindən gileylənən Ə.Ağağoğlu da, onun müəllimləri H.Zərdabi və S.C.Əfqani də müsəlmanların sivilizasiydan kənarda qalmasının bir səbəbini ifrat dindarlıqda görürdülər. Onlardan çox-çox əvvəl isə zülmətdə işıq axtaran Mirzə Fətəli müsəlman Şərqində nadanlığı və mövhumatı nəfəs dərmədən qamçılayırdı.
Millətə ürək yanğısı ilə deyilən tənqidlər öz yerində, amma doğrudanmı, bir toplumun geriliyində dini mənsubiyyət bu qədər həlledici rol oynayır? Elədirsə, bəs onda Latın Amerikası və ya Afrikada başqa dünyəvi dinlərə mənsub olan xalqların zillət çəkməsinə səbəb nədir? Nəyə görə bu məmləkətlər yoxsulluğun, cəhalətin, korrupsiya və terrorun cəngindən xilas ola bilmir? Deməli, cəmiyət həyatına və insan taleyinə dinlə yanaşı başqa amillər də təsir edir. Siyasi rejim, iqtisadi şərait, ümumi mədəni səviyyə, mentalitet və s. bu amillər sırasındadır.
Şübhəsiz ki, İslam dininin təşəkkülü bəşər tarixində yeni era açdı, insanların Yaradanla, cəmiyyətlə, bir-birləri ilə ünsiyyətinə yeni rəng gətirdi. Həyatın mənası haqqında yeni düşüncələr yeni əxlaq və yeni davranış tərzi formalaşdırdı. “Quran” insanları ədalətə, mərhəmətə, sülhə və barışığa səslədi, elmə yiyələnməyin vacibliyini göstərdi. Lakin zaman keçdikcə İslamın yayıldığı ölkələrdə tərəzinin gözü əyildi, yerli hakimlər bu dindən insanları itaətdə saxlamaq, onlara mütilik aşılamaq vasitəsi kimi istifadə etməyə başladılar.
Nəticədə hələ orta əsrlərdə dini dövlətdən ayırıb ELMƏ qucaq açmış Avropadan fərqli olaraq, müsəlman Şərqinin istibdad rejimləri islam dininin lövbərini daha dərinlərə buraxdı. Din xadimləri islamdakı yasaqları qabardaraq insan beynini, şüuru, düşüncəni də çəpərləməyə çalışdılar. Əlbəttə, elm və zəka sahibi kimi irəli çıxanlar tapıldı, amma bütövlükdə müsəlman aləmi bu şəraitdə dünyaya dar qəfəsdən baxmağa məhkum edildi. Bir tərəfdən Şərq müstəbidlərinin amansızlığı, digər tərəfdən dinin məişətdəki rolu yüz illər boyu hüquqsuz və məzlum kütlələr yetişdirirdi. Bu kütləyə yalnız yaxşı rəiyyət olmaq fikri aşılanırdı. Bax, müsəlman dünyasının bügünkü naqislıkləri, inkişafa mane olan fəsadlar əsrlər boyu iliyə hopmuş o mütilik psixologiyasından qaynaqlanır. Həmin psixologiyanı incələyən alimlər çağdaş dünyada müsəlmanların geriliyinin beş səbəbini göstərirlər.
Əsas səbəb təhsilsizlik və elmsizlik, bunun nəticəsi kimi elliklə savadsızlıq, cahillik və nadanlıqdır. Bunun çarəsi, təbii ki, keyfiyyətli təhsildədir.
İkincisi, kasıblıq və kütləvi yoxsulluqdur. Bunun da çarəsi azad biznesin inkişaf etdirilməsi, sərbəst bazar iqtisadiyyatının qurulmasıdır.
Üçüncü problem fərdlərdən tutmuş, ta dövlətlərarası münasibətlərə qədər hər yerdə konfliktlərin, aramsız ziddiyyət və münaqişələrin tüğyan etməsidir. Bunun çarəsi isə dialoqda, xoş niyyətdə və barışdadır.
Geriliyin dördüncü səbəbi müsəlman əhlinin hədsiz mütiliyi, öz haqqını müdafiə edə bilməməsi, hər şeydən çəkingənliyi və qorxaqlığıdır. Düzü, bunun çarəsinin nədə olduğunu deməyə adam çətinlik çəkir.
Beşinci səbəb kimi müsəlman toplumunda ölçü hissinin gözlənilməməsi, insanların heç bir məsələdə öz nəfslərinə hakim kəsilə bilməməsidir. Bu halın çarəsi əvvəldəki iki səbəbin aradan qaldırılmasındadır.
Əlbəttə, bu fikirləri oxuyanda ağlınıza geriliyə səbəb olan daha çox amillər gəlir, amma indiki halda elə bunlar üzərində düşünmək də kifayət edər.
Bilirəm, bəzilərinizin ürəyindən keçir deyəsiniz ki, bu gün nizamı pozulmuş dünyada müsəlmanların bir problemi də onların qüsurlu idarəçilik sistemində yaşamaları, yəni islam ölkələrinin çoxunda monarxiya və avtoritarizmin hökm sürməsidir. Təbii ki, ortada ərəb şeyxləri, M.Qəddafi, S.Hüseyn, H.Mübarək, hələ də hakimiyyət üçün çarpışan B.Əsəd kimi “nümunələr”in olması adamlarda bu qənaəti gücləndirir. Amma gəlin, razılaşaq ki, hakimiyyət hərisliyi dini mənsubiyyətlə yox, insan xisləti ilə bağlıdır. Oturduğu kreslodan yapışıb qopmaq istəməmək, ömür boyu hakimiyyətdən sallaşıb qalmaq xasiyyəti Amerika, Afrika və Asiya qitələrində müsəlman olmayan bir çox ölkələrin liderlərinə də xasdır. Yəni burada bir səmavi din olaraq İslamı günahlandırmaq doğru deyil.
* * *
P.S. Yazının sonuncu abzasının müsəlman dünyasında yeganə demokratik ölkə sayılan Türkiyə Cümhuriyyətində siyasi sistemin dəyişdirilməsi, yəni parlament idarəçiliyinin prezident üsul-idarəsi ilə əvəzlənməsi üçün keçirilmiş referenduma heç bir aidiyyəti yoxdur…