10 Aprel 2017
Mətni dəyiş
Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində ANS-in şikayətinə baxılıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "Abşeron" serialının çəkilişi üçün ANS-ə verilmiş 160 min manatın geri qaytarılması haqda qərar çıxarıb. ANS də həmin qərardan apellyasiya şikayəti verib.
Teleradio Şurası müqavilə öhdəliyinə əməl olunmadığını, "Abşeron" əvəzinə "Sevgi naminə" adlı başqa bir serial təhvil verildiyini iddia edərək, 160 min manatın geri qaytarılmasından ötrü məhkəməyə müraciət etmişdi. ANS isə qarşılıqlı iddia qaldırıb, Şuradan serial çəkilişi üçün ödənilməmiş 40 min manatı da tələb edirdi.
ANS-in baş direktoru Mirşahin Ağayev deyib ki, "Abşeron" serialının çəkilişi məsələsi onunla Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli arasında müzakirə olunub: "Bu məsələ mənim yox, onların təşəbbüsü olub. Nuşirəvan müəllim zəng eləyib dedi ki, ‘bütün telekanallar ayrılan məbləği alıb, siz qalmısız, vaxt da bitir’. Dedim ki, ‘hazır ssenarimiz yoxdur’. Dedi ki, ‘əlinizdə nə varsa, gətirin, sonra lazım olsa, dəyişərik’. Yəni əvvəlcədən anlaşmışdıq ki, müəyyən dəyişikliklər ola bilər. Bu söhbəti dəqiqləşdirmək üçün müvafiq quruma müraciət edib, danışıqlarımızı ala bilərsiniz".
Azərbaycanda qanunun aliliyinə inandığını deyən Mirşahin Ağayev də, ANS-in digər nümayəndəsi Sevda Məhərrəmova da prosesə kino mütəxəssisinin dəvət olunub dindirilməsini istəyiblər.
“MTRŞ BUNDAN HƏZZ ALIRSA...”
"MTRŞ ANS telekanalının, "ANS ÇM" radiosunun lisenziyasını ləğv edib, onların fəaliyyətini dayandırmasından, ANS-in tikdiyi binanın xarabalığa çevrilməsindən həzz alırsa, bütün bunlardan sonra ‘donuzdan bir tük çəkmək də qənimətdir’ prinsipi ilə yanaşıb, 160 mini almaq istəyirsə, o zaman mən bu məsələdə çəkişmirəm. Amma mən ANS-in baş direktoru kimi, əminəm ki, o serial yaxşı reytinq gətirərdi", – Mirşahin Ağayev məhkəmədə belə deyib.
Sevda Məhərrəmova da bildirib ki, əvvəlcədən Nuşirəvan Məhərrəmli ilə şifahi şəkildə anlaşıldığı kimi, ssenariyə dəyişikliklər Teleradio Şurasına göndərilib. Onlardan da bir ay ərzində etiraz məktubu alınmayıb.
MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə mütəxəssisin dəvət olunması haqda vəsatətin də, ümumiyyətlə, apellyasiya şikayətinin də təmin olunmamasını xahiş edib.
Məhkəmə də vəsatəti təmin etməyib. Bu da ANS təmsilçilərini narazı salıb, onlar Vidadi Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz ediblər. Etiraza Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev baxıb qərar verməlidir deyə, bu iş üzrə məhkəmə aprelin 13-nə qədər təxirə salınıb.