Bu gün Demokratik Qüvvələrin Milli Şurası Bakıda yerləşən "Məhsul" stadionunda "Talana son!", "Monarxiyaya yox!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə etiraz aksiyası keçirib. Başlama saatı 15:00 olaraq qeyd edilsə də mitinq bir neçə dəqiqə gec başlayıb.
Abzas.net xəbər verir ki, mitinqin açılışını və aparıcılığını AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn edib.
İlham Hüseyn çıxış üçün sözü AXCP sədri Əli Kərimliyə verib. Partiya sədirinin çıxışı zamanı stadionda işıqlar sönüb. Əli Kərimli bu cür üsullarla hakimiyyət qarşılarını kəsmək istədiyini, ancaq buna nail ola bilməyəcəyini bildirib. Bir neçə dəqiqə sonra stadiona elektik enerjisinin verilməsi bərpa olunub. Əli Kərimli çıxışı zamanı diqqəti siyasi məhbusların çoxluğuna və ölkədə artan korrupsiya hallarına çəkib.
"Bu ölkənin onlarla ləyaqətli insanı həbsdədir. Onları düşüncələrinə, görə həbs ediblər. Onlara azadlıq tələb etməyə bilməzdik!"- deyə AXCP sədri bildirib.
Mitinqdə AXCP sədrinin müavini Nurəddin Məmmədli də çıxış edib. O ölkədə milyonlarla insanın kredit girovuna çevrildiyini deyib. Nurəddin Məmmədli hakimiyyəti korrupsiyada ittiham edib: "150 milyardlıq neft pulunu mənimsədilər. Ölkəni korrupsiya bataqlığına saldılar. Ləyaqətli oğulları həbsxanalara doldurdular. Biz xalqın bu duruma düşürülməsinə heç vaxt biganə qalmadıq, qalmayacağıq".
Daha sonra Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli və AXCP Gənclər Komitəsinin fəalı Emil Səlimov çıxış ediblər.
Sonda isə Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. Cəmil Həsənli çıxışında ölkədə 100-dən artıq siyasi məhbus olduğunu bildirib və hakimiyyətdən onları dərhal azadlığa buraxılmasını tələb edib. Milli Şuranın sədri konstitusiyada edilən dəyişiklikdən sonra Mehriban Əliyevanın vitse-prezident postuna gətirilməsini də tənqid edib.
"Konstitusiyada dəyişiklik etmək hakimiyyətin bir ailənin əlində toplanmasına hüquqi əsalar yaratmaq idi. Hələ onu da deyirlər ki, “biz idarəçilik sahəsində dünyaya nümunə veririk”. XXI əsrdə bir prezident sərəncam verib, öz həyat yoldaşını vitse-prezident təyin edirsə, bu dünyaya hansı nümunədir? Hamısının məqsədi Əliyevlər xanədanının hüquqlarını daha da genişləndirməkdir"- deyə o bildirib.
Cəmil Həsənli prezident İlham Əliyevi korrupsiyada ittiham edib: "Bu korrupsiyanın başında prezident İlham Əliyevin özü dayanır. Ölkədə monopoliya qurulub. Hər şeyə, ixraca, idxala, bütün qiymətlərə özləri nəzarət edirlər. Monopoliyaya ilə tədbirlər görüntüsü yaradırlar. Ancaq heç bir faydası yoxdur. Çünki monopoliyanın başında da İlham Əliyevin özü dayanır".
Mitinq qətnamənin oxunması ilə insidentsiz başa çatıb.