''Mehman Qələndərovun nəşi yaxınlarına verilmir''

''Mehman Qələndərovun nəşi yaxınlarına verilmir''
30 Aprel 2017
Mətni dəyiş
"Penitensiar Xidmətin Mehmanın hazırda öz kamerasında sağ- salamat olması ilə bağlı yaydığı biabırçı yalan məlumatdan sonra onun nəşinin yaxınlarına verilməsindən imtina olunub".
Abzas.net xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Oqtay Güləliyev sosial şəbəkədə yazıb. Hüquq müdafiəçisi bildirib ki, Penitensiar Xidmət öz yalanının üstündən xətt çəkmək üçün bu yola əl atıb:
"Aldığım məlumatlara görə, Penitensiar Xidmətin Mehmanın hazırda öz kamerasında sağ- salamat olması ilə bağlı yaydığı biabırçı yalan məlumatdan sonra onun nəşinin yaxınlarına verilməsindən imtina olunub. Hökumət Mehman Qələndərovu gizlicə dəfn etmək istəyir. Mehmanın atası, anası və öz ailəsi yoxdur. Qohumlarına ciddi təzyiqlər var və onlar nəzarət altındadır. Hətta əldə etdiyim məlumata görə, ona yas vermək də qadağan olunub. Bütün bunlar isə Mehmanla bağlı bu gün sosial şəbəkələrdə onun müəmmalı intihar xəbərinin yayılması və Penitensiar Xidmətin biabırçı təkzibidir. Hökumət təkzibinin girovuna çevrilib. İstəyir ki, Mehman haqqında heç kim heç nə yazmasın və soruşmasın. Bu olayı gizlicə yola versin. Əslində baş verənlər- ölümün təkzibi, nəşin verilməməsi, gizlincə dəfn istəyi, qohumlara və bizlərə təzyiq Mehmanın intihar olayının arxasında daha ciddi məqamların dayandığını deməyə əsas verir".
O.Güləliyev təzyiqlə üzləşdiyini də deyir:
"Onun intiharı barədə məlumatı ictimailəşdirdikdən sonra mənə çoxsaylı müraciətlər və zənglər, eyni zamanda təzyiqlər edilir. Ola bilər ki, mənim bu yazımdan sonra onun bəzi qohumlarını yazdıqlarımı təkzib, məni isə ittiham etməyə qaldırsınlar. Olsun, önəmlisi Mehmanla bağlı baş verənlərə bizim adekvat münasibətimizin olmasıdır".
Hüquq müdafiəçisi ictimaiyyətə çağırış edib:
"Dostlar, Mehman Qələndərov sıradan bir adam deyil. İctimai- siyasi fəal olub. "Kral istəmirik", "Gəlin hamımız Qiyas olaq" dediyinə və Heydər Əliyevin heykəli önünə gedərək Qiyasla Bayramın həbsi ilə bağlı təkbaşına etiraz aksiyası keçirdiyinə, çağırış etdiyinə, şüar səsləndirdiyinə görə narkotika ittihamı ilə şərlənərək həbs olunub. Az öncə aldığım məlumata görə, bu hərəkətinə görə onu həbs edən zaman ağır işgəncə veriblər, ona qarşı qeyri- insani münasibət göstəriblər. Təhdid edərək həbsxanadan sağ çıxmayacağını bildiriblər. Bu da son!!!
Əziz dostlar, sizləri Mehman Qələndərovla bağlı baş verənlərə biganə qalmamağa çağırıram. Gəlin ona son vəfa borcumuzu yerinə yetirək. Onun gizli dəfninə imkan verməyək, nəşinə baxış keçirilməsini, əsl ölüm səbəbinin ortaya çıxmasına nail olaq! Ölkədə bir layiqli vətəndaş, siyasi məhbus dünyasını dəyişib. Gəlin susmayaq. Hamımız bir yerdə Mehman Qələndərovun nəşini tələb edək və onun dəfnində iştirak edək! Mən hökumətin yanında olmayan bütün azad medianı, siyasi partiya rəhbərlərini, ictimai təşkilat rəhbərlərini, hüquq müdafiəçilərini, beynəlxalq təşkilatları Mehman Qələndərovla bağlı fəal vətəndaş cəmiyyəti mövqeyi nümayiş etdirməyə çağırıram!"
Mehman Qələndərovun aprelin 28-də saxlandığı kamerada intihar etdiyi bildirilir. Penitensiar Xidmət "Amerikanın səsi"-nə məlumatı təkzib edib və Mehman Qələndərovun sağ-salamat kamerasında olduğunu deyib. Məhbusun bacısı isə ölüm xəbərini təsdiqləyib.
Mehman Qələndərovun adı hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısına salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun