London və Madrid müharibə edə bilərmi?

London və Madrid müharibə edə bilərmi?
3 Aprel 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, Britaniya mühafizəkarlarının keçmiş lideri Michael Howard lazım gələrsə baş nazir Theresa May-in İspaniya ərazisində yerləşən torpaq parçası - 300 ildir ki Britaniya Cəbəllütariqə nəzarət edir və ona görə müharibəyə girə biləcəyini deyib.
Howard televiziya müsahibəsində xatırladıb ki, 35 il bundan əvvəl Britaniyanın başqa bir qadın baş naziri - Margaret Thatcher, Folklend adalarına görə başqa bir ispandilli ölkə - Argentina ilə müharibəyə başlamışdı.
Onun bu bəyanatı ölkənin digər siyasi partiyaları tərəfindən qızışdırıcılıq kimi tənqid olunub.
Bu bəyanatla eyni vaxtda verilmiş rəsmi bəyanatda bildirilir ki, London özünün ölkədən kənardakı ərazilərinin suverenliyini müdafiə etməyə hazırdır.
Downing Street bildirib ki, xanım May, Avropa dillərində Gibraltar kimi tanınan Cəbəllütariqin böyük naziri Fabian Picardo-ya zəng edib və ərazinin iqtisadiyyatına və adamlarına təhklükəsizlik qarantiyası verib.
O deyib ki, Britaniya, "sakinlərinin azad və demokratik şəkildə ifadə olunmuş arzularına rəğmən" bu ərazini hər hansı şəkildə İspaniyanın üsul-idarəsi altına verəcək sövdələşməyə daxil olmaq niyyətində deyil.
Britaniya müdafiə naziri, lord Michael Fallon da kifayət qədər sərt danışıb.
"Cəbəllütariq bizim tərəfimizdən müdafiə olunacaq, çünki onun suverenliyi, sakinlərinin razılığı olmadan dəyişdirilə bilməz" - deyib nazir.
Bununla yanaşı, Cəbəllütariq məsələsinin Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması danışqılarına daxil edilməsinə baxmayaraq, cənab Fallon deyib ki, İspaniya ərazinin suverenlyinin dəyişdirilməsi məsələsini rəsmən qaldırmayıb.
Britaniya Liberal Demokrat partiyasının lideri Tim Farron rişxəndlə deyib ki, ölkənin Aİ-dən ayrılmasını alqışlayanlar indi də qonşularla müharibə barədə danışırlar.
Bundan əvvəl Britaniya televiziyasında çıxış edən Cəbəllütariq lideri Picardo deyib ki, ərazi referendumda Aİ tərkibində qalmağa səs versə də, suverenlik məsələsində baş nazir Theresa May-in mövqeyini tam dəstəkləyir.
Lakin o əlavə edib ki, London Aİ ilə Brexit danışıqlarından elə nəticələr əldə etməlidir ki, Britaniyanın ayrı-ayrı hissələrinin Avropa ilə bağları qırılmasın.
Bu arada İspaniyadan alınan xəbərlərdə deyilir ki, Madrid gələcəkdə müstəqil Şotlandiyanın Avropa İttifaqına daxil olmasının qarşısını almaq məqsədi güdən vetosundan imtina edir.
Başqa sözlərlə, İspaniya indi Şotlandiyanın Britaniyadan ayrılaraq Aİ-yə qoşulacağını istisna etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun