İstefaya göndərilən generalların adları niyə açıqlanmır? [Qeyri-rəsmi siyahı]

İstefaya göndərilən generalların adları niyə açıqlanmır? [Qeyri-rəsmi siyahı]
1 Aprel 2017
Mətni dəyiş
Martın 28-də prezident İlham Əliyevin sərəncamı ilə bir qrup yüksək rütbəli hərbçi istefaya və ehtiyyata göndərildi. Həmin hərbçilərin adları rəsmi şəkildə açıqlanmasa da, bəzi saytlar general və polkovniklərin adlarını açıqladı. Amma bir neçə saatdan sonra həmin adlar saytlardan götürüldü. 
Abzas.net olaraq mövzu ilə bağlı ekspertlərdən və Müdafiə Nazirliyindən münasibət aldıq.
Müdafiə Nazirliyinin keçmiş xidmət rəisi, hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, general-leytenant Eyvaz Cəfərov, general-mayor Elbrus Orucov, polkovnik Murad Həmidov və polkovnik Rüfət Əmirov xidmətdə olmanın son yaş həddinə çatdıqları üçün ehtiyyata buraxılıblar.
Eskpertin sözlərinə görə, ehtiyyata buraxılanların hər biri ali zabit rütbəsi və vəzifəsi daşıdıqları üçün prezident İlham Əliyevin müvafiq sərəncamı ilə xidmətlərin başa vurublar.
“Bir neçə yeni yerdəyişmələr də var. Düşünürəm ki, Müdafiyə Nazirliyi nə zaman lazım bilsə, bununla bağlı məlumatları açıqlayacaq. Onu da deməliyik ki, o zabitlərin hər birinin dövlətimizə çox böyük xidmətləri olub. İstər general-mayor Elburus Orucuv, istər general-leytenant Eyvaz Cəfərov, istərsə də digərləri çox savadlı və bacarıqlı adamlardır. Bu gün ehtiyyata buraxılıblar. Gələcəkdə zərurət yaranacağı halda yenidən orduya qayıdıb xidmətlərini davam etdirəcəklər” – deyə Ü.Cəfərov bildirib.
Üzeyir Cəfərov deyir ki, hər hansısa ciddi durum gözlənilsəydi, yəqin ki, belə təcrübəli zabitləri ehtiyyata buraxmazdılar.
“Hal-hazırda da kifayət qədər zabit resursumuz var, ona görə də hər hansısa bir narahatlığa əsas görmürəm. Amma eyni zamanda onu da bildirim ki, onların yerinə olacaq yeni təyinatlar da uğurlu olmalıdır. Həmin postlar çox vacib və Azərbaycanın taleyini həll edəcək postlardır. Ona görə düşünürəm ki, həmin postda daha bacarıqlı, savadlı şəxslər oturmalıdır” – deyə eksper Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəisi bildirib.
Hərbi ekspert Azad İsazadə isə deyir ki, sözsüz ki bu adi bir addım deyil, səbəbsiz şəkildə belə bir qərar ola bilməz.
“Bunun əsaslı səbəbləri var, ancaq mən də yalnız rəsmi məlumatı bilirəm. Bu adamlar ordu yaranandan orduda xidmət göstərirlər, ciddi xidmətləri olub. Gənc zabit kimi gəlib generala kimi yüksəliblər. Yəqin ki, hansısa səbəblərə görə çıxarılıblar. Dəqiq bir şey deyə bilmərəm” – deyə ekspert Azad İsazadə bildirib.
Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışsaq da, mətbuat xidmətinin rəhbəri Vüqar Dərgahlı bildirdi ki, ehtiyac olacağı təqdirdə nazirlik mətbuata geniş məlumat verəcək.
Martın 28-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə prezident İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun