27 Aprel 2017
Mətni dəyiş
"The Daily Mail" yazır ki, Britaniya valideynlərinə Rusiyada 130 yeniyetmənin intiharına səbəb olduğu iddia edilən kompyuter oyunu barədə xəbərdarlıq edilib.
Polis bildirir ki, bu qorxulu oyun artıq Britaniyaya da gəlib çıxıb.
Oyun yeniyetmələrə 50 gün ərzində gecəyarı yuxudan oyanmaq və ya öz əl-ayaqlarını kəsmək kimi ən müxtəlif "tapşırıqlar" verir.
50 günün tamamında oyun onu oynayan yeniyetməyə özünü öldürmək əmrini səsləndirir.
"The Mail" yazır ki, bu sosial media "oyunu" barədə hazırda Rusiyada polis təhqiqatı aparılır.
İndi bu oyunun Britaniyaya da çatdığı xəbər verilir. Basildondakı Woodlands School məktəbinin direktoru xüsusi məktubla valideynləri övladlarından göz-qulaq olmağa çağırır.
Məqalədə deyilir ki, oyunla əlaqədar səs-küy Rusiyada ötən fevralda, 2 yeniyetmə qızın intiharından sonra qalxıb.
Ust-İlimsk şəhərinin sakinlıəri 15 yaşlı Yulia Konstantinova və 16 yaşlı Veronika Volkova özlərini çoxmərtəbəli binanın damından atıblar.
Krasnoyarsk şəhərinin sakini 15 yaşlı Yekaterina isə özünü damdam atarkən qar təpəsinin üstünə düşüb və sağ qalıb. Onun vəziyyəti son dərəcə ağırdır.
Bundan əvvəl Çita şəhərində 14 yaşlı başqa bir qız özünü binanın damından atmışdı.
Çitada baş vermiş bu hadisə ilə əlaqədar polis intihara səbəbin "Göy balina" adlı oyun olduğunu təsdiq edib.
Bu oyun zamanı yeniyetmələrə qollarında və ayaqlarında ülgüc və ya bıçaqla göy balinanın şəklini çəkmək əmr olunur.
Oyunçular həm də bütün gün qorxulu filmlərə baxmalıdırlar.
Britaniya polislərindən birinin təbirincə deyilərsə, "xəstə təxəyyülün məhsulu" olan bu oyunun "Göy balina" adlanmasının da mənası var.
Göy balinalar izahı olmayan səbəblərə görə özlərini sahilə ataraq intihar edirlər.