9 Aprel 2017
Mətni dəyiş
Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirov azadlığa buraxılıb. General Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad olunub.
Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general 2005-ci il iyulun 8-dən həbsdə idi. O, Hacı Məmmədovun dəstəsinə rəhbərlik etməkdə suçlanaraq, həbs olunmuşdu.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Zakir Nəsirov martda Prezidentin sərəncamı ilə əfv olundu - onun ömürlük cəzası 15 illə əvəz edildi.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, əfv sərəncamından dərhal sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.
Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də müraciəti təmin edib, Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.
Zakir Nəsirov ittihamları qəbul etmir, günahsız olduğunu bildirir. General hələ məhkəmədə çıxışında da bildirirdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq üçün onu həbs etdirib. Lakin tələb olunan ifadəni vermədiyinə görə əvvəlcədən də xəbərdarlıq edildiyi kimi, ömürlük həbslə cəzalandırılıb.