Fuad Əhmədlinin məhkəməsi başladı

Fuad Əhmədlinin məhkəməsi başladı
13 Aprel 2017
Mətni dəyiş
AXCP fəalının cinayət işi üzrə hazırlıq iclası başlayıb
Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə hazırlıq iclası başlayıb.
Məhkəmənin tərkibi və Fuad ƏIhmədlinin anket məlumatları elan edildikdən sonra məhkəmə aprelin 25-i saat 10-dək təxirə salınıb. Buna məhkəmə iclasının vaxtı ilə bağlı Fuad Əhmədli və vəkilə gec məlumat verilməsi səbəb olub.
Məhkəmə zalında şüşə qəfəsdə olan Fuad Əhmədli Amerikanın Səsinə bildirib ki, saxlanma şəraiti normaldır, amma səhhətində problemlər var.
O cinayət işini qəbuil etmir və istintaqdan narazıdır. “Ssenari pis qurulub”, Əhmədli qeyd edib.
Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, Fuad Əhmədlinin əməlində cinayət tərkibi yoxdur.
“Biz hazırlıq iclasına bir neçə vəsatət hazırlamışıq. Məhkəmə obyektiv olarsa bu işə ümumiyyətlə baxılmamalıdır, cinayət işinə xitam verilməlidir”, o qeyd edib.
Vəkil Fuad Əhmədlinin səhhətində ciddi problemlərin olduğunu deyib.
“Fuad Əhmədli həbsə qədər də səhhətindəki problemlərdən əziyyət çəkirdi. Həbsdə problemlər bir az da artıb. Mən həm məhkəmə, həm də istintaq orqanı qarşısında tibbi eksperiza keçirilməsi və Əhmədlinin bu vəziyyətdə həbsdə saxlanıb-saxlanılmaması ilə bağlı rəy verilməsi barədə vəsatətlər qaldırmışam. İstintaq və məhkəmələr vəsatətlərə, təqdim etdiyim tibbi arayışlara məhəl qoymadı. Onun yanına dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəlib, onlar da səhhətində problemlərin olmasını təsdiq edib”, Mustafayev deyib.
Fuad Əhmədlinin bacısı Fidan Əzizova ittihamı qondarma adlandırır.
“Fuadı qondarma ittihamla həbs etməklə problemlər həll olunmur. Əksinə Fuadların sayı günbəgün artır. Axır-əvvəl haqq qalib gələcək. Qalın bir xətlə bildirirəm ki, bir nəfərin, on nəfərin ağzını bağlamaq olar. Amma, bu milləti susdurmaq mümkün olmayacaq. Haqq nəhayət yerini tutacaq”, o Amerikanın Səsinə bildirib.
Məhkəmə prosesinə qatılan AXCP sədri Əli Kərimli deyib ki, Azərbaycanda prokurorluğun düzüb-qoşduğu saxta ittihamlardan imtina edən bir məhkəmə yoxdur.
“Sadəcə bu mərhələnin keçməsini gözləyirik ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilsin. Fuad Əhmədli Azərbaycan gəncliyinin ən parlaq nümayəndələrindən biridir. Onu Xalq Cəbhəsinə qarşı kampaniya kontekstində şərləyiblər. Türkiyədə məlum dövlət çevrilişinə cəhddən sonra Azərbaycan hokuməti Xalq Cəbhəsinə qarşı kampaniya başlasmaq üçün bir fürsət tapdı.Bu kampaniya zamanı Fuad Əhmədliyə qarşı qondarma ittiham irəli sürülüb. Fuad Əhmədli heç bir cinayət törətməyib. O “vicdan məhbusu”dur. O bunu həbs müddətində də nümayiş etdirib. Biz də sonadək onu və bütün vicdan məhbuslarını müdafiə edəcəyik”, o qeyd edib.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətülla Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Martın 6-da F.Əhmədlinin barəsində ittiham Cinayət Məcəlləsinin 302.1-ci maddəsindən (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) 308.1-ci maddəyə (vəzifə səlahiyyətlərindən sui-istifadə) tövsif edilib.
F.Əhmədli ittihamı rədd edir. Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs cəzası gözləyirdisə, yeni maddələrlə 8 ilədək həbs cəzası gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun