27 Aprel 2017
Mətni dəyiş
“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin səhhəti yenidən pisləşib.
Bu haqda onun həyat yoldaşı Lalə Əmirli məlumat verib.
Abzas.net xəbər verir ki, onun bildirdiyinə görə, F.Əmirlinin səhhətindəki problemlər daha da ciddiləşib.
“Öd kisəsinin ağrıları şiddətlənib. Üstəlik, ürəyində də ağrılar baş qaldırıb. Qaytarma halları da çoxalıb”, o, deyib.
F.Əmirlinin səhhətində problemlərin əvvəldən də olduğu deyilirdi. L.Əmirlinin bildirməsinə görə, həbsxana şəraitində onun ağrıları bir az da kəskinləşib.
“F.Əmirli müalicə altında idi və həbs edilməsi ilə müalicəsi yarımçıq kəsilib. O, pəhriz yeməkləri qəbul etməlidir. Həzm sistemində pozğunluq var və yediyi qidanı tez-tez qaytarır ”, - deyə xanımı vurğulayıb.
Lalə Əmirlinin bu açıqlamasına, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
F.Əmirli 2 həftə öncə səhhətindəki problemlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilib. Vəkilləri onda bildirmişdilər ki, bu müayinə nəticəsində də Faiq Əmirlinin səhhətində yaranan problemlər aşkarlanıb. Sadəcə cəza evində müalicə ciddi nəticə vermir.