Faiq Əmirli həkim müayinəsindən keçib

Faiq Əmirli həkim müayinəsindən keçib
14 Aprel 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli vəkili ilə görüşüb. 
Məlumatı Trend-ə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev  verib.
O, F.Əmirlinin səhhəti ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirildiyini deyib:
"Öd kisəsi və qara ciyərində problem var. Təcridxananın tibb müəssisəsində müayinə olunub, xəstəliyi təsdiqlənib. Hazırda müalicəsi davam etdirilir".
Vəkil F.Əmirlinin saxlanma şəraitindən narazılığı olmadığını söyləyib.
2017-ci il martın 11-də F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri başa çatırdı. İstintaq orqanının təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi F.Əmirli barəsində olan həbs qərarının müddətini iyun ayının 2-dək uzatmışdı. F.Əmirlinin vəkili qərardan apelyasiya şikayəti vermişdi.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.
O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun