Ekspert: "İdxalda 17% azalmanın olması ciddi siqnaldır"

Ekspert: "İdxalda 17% azalmanın olması ciddi siqnaldır"
16 Aprel 2017
Mətni dəyiş
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 4,119 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur.
Abzas.net-ə açıqlamasında mövzu ilə bağlı iqtisadçı ekspert Məhəmməd Talıblı deyib ki, 1,1 milyard dollarlıq müsbət saldo müsbət mənada nəyisə ifadə etmir.
"Yeni ilin 3 ayı üzrə göstəricidir. Məlumat üçün qeyd edim ki, son 2 ayda (yanvar-fevral) xarici ticarət dövriyyəsində müsbət saldo 1,4 milyard dollar olub. O məntiqlə son iki ayla müqayisədə geriləmələr var? Bu səthi yanaşma olardı. Nəzərə alsaq ki, son 3 ayda 4,1 milyardlıq xarici ticarət dövriyyəsi baş veribsə, bu o deməkdir ki, ayda yuvarlaq olaraq 1,33 milyard dollarlıq xarici ticarət dövriyyəsi olmalı idi" - deyə Məhəmməd Talıblı bildirib.
İqtisadçının sözlərinə görə, yanvar - fevral aylarında bu səviyyə 2,7 milyard, mart ayında isə 1,4 milyard dollar olmalı idi.
Bayramla bağlı vətəndaşların xərcləri daha çox xaricə axıb
"Yanvar - fevral aylarında xarici ticarət dövriyyəsi 3,3 milyard dollar olub, mart ayında isə demək, 800 milyon dollar olub. Bu aspektdən yanaşanda isə mart ayında ümumi konteksdə xarici ticarət dövriyyəsi azalıb. İdxalın strukturuna baxanda isə məlum olur ki, 1,513 mlrd. dollarlıq alış səviyyəmiz olub. Müqayisə üçün deyim ki, yanvar-fevral aylarında isə idxalın dəyəri 972 milyon dollar təşkil etmişdi. O zaman gəlin başqa bir xarici ticarət balanasının ixracatın strukturuna diqqət edək. Yanvar - fevral ayların ixracatın həcmi 2,3 milyard dollar olub. Bir rüblük hesabata görə isə, ixracatımız cəmi 2,6 milyard dollar təşkil edib. Belə çıxır ki, 1 aylıq ixracatımız cəmi 300 milyon dollar olub. Demək, son 1 aylıq xarici ticarət dövriyyəsinin artmasının əsas mənbəyi idxal səviyyəsinin yüksəlməsi hesabına baş verib" - deyə M.Talıblı bildirib.
Məhəmməd Talıblı deyir ki, 2017-ci ilin yanvar - fevral aylarında xarici ticarət dövriyyəsi real ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz azalmışdır. Bu azalmada ixrac 13,5 faiz, idxal isə 11,8 faiz təşkil etmişdir. Deməli, aylar üzrə müqayisədə mart ayında xarici ticarət dövriyyəsinin və xüsusilə idxalın artması istehlak mallarına daxili bazarda tələbin artması Novruz bayramı ilə bağlı olub. Ekspertin sözlərinə görə, Mart ayında istehlak malları bazarında ilin ən intensiv alış-veriş dövrü və xüsusilə milli istehsal və idxal diapazonun genişlənməsi üçün ən münasib aydır.
"İnsanların bayramla bağlı istehlak etdiklərinin əhəmiyyətli bir hissəsi idxal hesabına əldə edilib. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları mart ayında xərclədikləri pullar daha çox xarici və ya tərəfdaş ölkələrin iqtisadiyyatlarının güclənməsinə xidmət edib. Bu isə ölkədən kənara daha valyuta axınına, xüsusilə dolların çıxmasına gətirib çıxarıb" - deyə iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, ixracatda keçən ilin müvafiq dövrünə nisbətən 15% artımın olması neft qiymətləri ilə əlaqədardır. Onun sözlərinə görə, birinci rübə nəzər salsaq görərik ki, neftin keçən ilki qiymətləri ilə bu ilki qiymətləri arasında 60-65% fərq var.
"Neft qiymətlərinin 60-65% artması, Azərbaycanda neft ixracatının və hasilatının 9% aşağı düşməsinə baxmayaraq, ixracatda 15%-lik artım olmasına gətirib çıxardıb. Bunun qeyri-neft sektoru ilə əlaqəsi yoxdur. Qeyri-neft sektorundan 18 milyon manat gəlirimiz olub, bu da çox kiçik göstəricidir" - deyə N.Cəfərli bildirib.
Natiq Cəfərli deyir ki, idxalda 17% azalmanın olması ciddi siqnaldır. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi aktivliyin zəifləməsi belə rəqəmlər ortaya çıxardır.
"Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, iqtisadi aktivliyin olmaması, əhalinin ticarətdə iştirakının zəifləməsi idxalda 17%-lik geriləməyə gətirib çıxardır. Bu, ticarət dövriyyəsində 15%-lik artıma səbəb olsa da, müsbət saldo yaransa da, ümumi iqtisadi proseslərə pis təsir edir" - deyə iqtisadçı Natiq Cəfərli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun