30 Aprel 2017
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirib.
Bunu Abzas.net-ə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli deyib. Onun sözlərinə görə, bundan əvvəl də İlkin Rüstəmzadəyə DTX tərəfindən əməkdaşlıq təklif edilsə də, artıq bu təhdid müstəvisinə keçib.
"DTX-nın əməkdaşları bir neçə dəfə onunla görüşüb onu da əməkdaşlığa vadar etmək istəyiblər, amma İlkin imtina edib. Sonuncu dəfə də gəlib açıq-aşkar deyiblər ki, bizimlə əməkdaşlıq etməsən nə müalicə müəssisəsinə gedəcəksən, nə müalicə olunacaqsan, nə də həbsdən azad olunacaqsan, elə bu vəziyyətdə burda öləcəksən. İlkini də həbsxanada əməkdaşlıq söhbətləri ilə bezdiriblər, əl çəkmirlər"- deyə Ülvi Həsənli bildirib.
Məlumat istirahət günü verildiyi üçün Dövlət Təhlükəsizlik Xidmətindən münasibət almaq mümkün olmayıb.
2013-cü ildə “Əsgər ölümlərinə son” mitinqlərinin təşkilatçılarından biri olan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilib.
Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb. 6 may 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq Amnistiya Təşkilatı İlkin Rüstəmzadəni “vicdan məhbusu” kimi tanıyır.