Zaur Qurbanlı
Son bir neçə gündə məlum olub ki, 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan orta məktəb dərsliklərində dini təbliğat var. Bu məsələ barədə diqqətin kifayət qədər olmadığını düşünürəm. Bu, elə bir təhlükədir ki, azı respublikanın müstəqilliyi, ərazi bütövlüyü qədər önəm daşıyır. Azərbaycan Xalq Cümhuriyyətindən indiyə qədər qalan yeganə dəyər sekulyarizmdir. Biz sekulyar diktaturayıq. Bu, çox təhlükəli bir şey olsa da (çünki diktatura şəriət rejimi təhlükəsi ilə manipulyasiya edir həmişə), dini rejimlərdən bir üstünlüyü var – sekulyarizm.
Azərbaycanda din dövlətdən ayrıdır. Bu, həm dindar, həm də qeyri-dindar əhali üçün ən ideal seçimdir. Çünki insanların hansı dinə etiqad edib-etmədiyindən asılı olmayaraq, din qarışmış dövlət idarəçiliyi cəmiyyət üçün fiaskodur. Bunun mübahisəsini də aparmaq olar, ən azı tarixdəki və hazırda dünyada mövcud olan nümunələr üzərindən bu mübahisədə asanlıqla qalib gəlmək də olar. Amma bunu mübahisə səviyyəsinə endirmək lazım deyil.
Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsinə görə, “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır”. Bu maddənin III hissəsinə görə isə, “Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”.
Konstitusiyanın 152-ci maddəsinə görə, “Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər”. Konstitusiya Azərbaycanda bütün aktlardan üstün qüvvəyə malikdir. Təhsilin sekulyar (dünyəvi) olması, dinin dövlətdən ayrı olması konstitusiyada imperativ şəkildə qeyd olunub və bunu mübahisə obyektinə çevirmək lazım deyil. Əksini iddia edənlərlə yox, Konstitusiyanı pozanlarla mübahisə etmək, onların bu pozuntusunun qarşısını almaq lazımdır.
Hətta qeyd edilə bilər ki, Konstitusiyanın özünün bəzi maddələri qeyri-legitim sayılmalıdır, saxta referendumlarla qəbul edilib. Amma bu, 18-ci maddəyə aid deyil. Bu maddə bəşəriyyətin əsrlər uzunu apardığı mübarizə və tökülən qanlar nəticəsində əldə etdiyi möhtəşəm uğurlardan biridir. Şəriətin hakim olduğu bir neçə islam ölkəsi istisna olmaqla, dünyanın heç bir ölkəsində təhsildə din elmi üstələmir. Ümumiyyətlə, din mifoloji dünya görüşünün sistemləşdirilmiş forması olmaqla, elmlə yaxından-uzaqdan əlaqəsi olmayan uydurma və fantastik nağıllar toplusundan başqa bir şey deyil. Ona görə də elmlə din rəqabətdə sayılmır.
Bəlkə orta məktəb dərsliklərinə əslində doktorluq (PhD) səviyyəsində öyrənilməli şeylər olan hipotezləri salmaq istəyirlərsə də, bu zaman seçim din deyil. Əslində burada “hansı din?” sualı meydana çıxır, çünki Konstitusiyanın bayaq qeyd etdiyim 18-ci maddəsinin II hissəsində deyilir ki, “Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. Hətta hansısa qeyri-ənənəvi dinin cəmi 1 nəfər də etiqad edəni olsa, o adam iddia edə bilər ki, onun dininin təbliğatına azı islam qədər yer verilməlidir. Bu zaman dərsliklərimiz başdan-başa müxtəlif dinlərin moizələrindən ibarət olar.
Ümumiyyətlə isə, hətta belə bir hal olmasa da, hətta ölkə əhalisinin istisnasız hər bir fərdi islamın dərsliklərdə təbliğatının əleyhinə çıxmasa da, bu, qadağandır, qadağan olunmalıdır. Çünki dinin iddiaları elmi deyil. Hazırda elmin qəbul etdiyi həqiqətlərlə yanaşı araşdırdığı, üzərində təcrübələrin, analizlərin davam etdiyi çoxlu elmi nəzəriyyələr və çoxlu elmi hipotezlər var. Mütləq bir hipotez, nəzəriyyə yazılmalıdırsa, bu, məhz elmi nəzəriyyə və hipotezlər olmalıdır. Dinin iddialarının heç biri heç bir halda bu elmi hipotezlər arasında yer almır. Elm səhv edə bilər, amma din səhv etmir, din bilə-bilə, qəsdən yalan danışır. Din elmin yox, siyasətin bir hissəsidir, kütlələri manipulyasiya sənətidir, sistemləşdirilmiş mövhumatdan sui-istifadədir, başqa heç nə.
Kimin hansı yalana nə qədər inanması onun öz işidir, amma bunu başqasına təlqin etməsi artıq problemlidir. Bu təlqin hədləri aşıb gələcəyimizi təhlükə altında qoyursa, o zaman bu, qadağandır, hüquqazidd əməldir və təhlükəlilik dərəcəsinin yüksəkliyinə görə qarşısı dərhal alınmalıdır.
Cümhuriyyətimizdən qalan yeganə dəyərimiz sekulyarizmdir. Bu, romantik cümhuriyyətçilik sevdası deyil. Sekulyarizm bizim gələcəyimiz üçün son dərəcə vacib olan məsələdir. Bunu qoruyub saxlamaq övladlarımız, cəmiyyətimiz qarşısında borcumuzdur. Yadda saxlamaq lazımdır ki, məhdud demokratik (meritokratik) dini dövlətdənsə, sekulyar diktatura yaxşıdır. Dərsliklərimiz təmizlənməli, uşaqlarımız bu dəhşətli təbliğatdan uzaq qalmalıdırlar.