"Deputatların səlahiyyəti hansısa bir etik məsələyə görə bitməməlidir". Bu sözləri Abzas.net-ə açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.
Milli Məclisin daxili nizamnaməsinə dəyişikliklərlə bağlı yeni layihə hazırlanıb. Məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli deyir ki, cinayət başında yaxalanmaq və s. istisnalar olmaqla, deputatların səlahiyyəti hər hansısa bir etik məsələyə görə bitməməlidir.
"26 sentyabr 2016-da konstitusiyaya dəyişikliklər edilən zaman ora bir də deputatların etik məsuliyyətlərə görə mandatlarının alınması məsələsini də gətirdilər. Bu, təbii ki texniki tənzimləməni də zəruri edirdi konstitusiyaya uyğun şəkildə. Ona görə də düşünürəm ki, bu texniki bir dəyişiklikdir. Konstitusoin bir normadır və bunun müzakirəsi referendumda aparılmalı idi ki, bu lazımdır yoxsa yox? Əslində o müddəa konstision bir müddəa deyil və deputatların səlahiyyəti hansısa bir etik məsələyə görə bitməməli idi" - deyə Ə.Məmmədli bildirib.
"Bir sıra müddəalarda yeniliklər var ki, bu da deputatların hüquqlarının məhdudlaşdırılmasına xidmət edir"
Bu sözləri isə millət vəkili Fazil Mustafa deyib. Deputatın sözlərinə görə, bir sıra müddəalar da var ki, bunlar tamamilə absurd və yolverilməzdir:
"Bu qanunda əslində yenilik yoxdur, burada bir sıra məsələlər elə köhnə qanundan götürülüb qoyulub. Sadəcə referendumda bu məsələlər konstitusion hüquqa malik olandan sonra, Milli Məclisin daxili nizamnaməsində də dəyişikliklər etmək lazım idi. Burada əsas məsələlər deputatların hüququnun məhdudlaşdırılmasına xidmət edən məsələlərdir. Məsəl üçün, deputatların hədiyyə almasının məhdudlaşdırmaq və ya deputatın 3 dəfə töhmət aldıqdan sonra deputatlıq statusuna xitam verilməsi absurddur. Ümumilikdə bütün qanun layihələrinin siyasi tərəfi var. Elə bu məsələnin də. Sadəcə bu məsələdə deputatların hüququnun məhdudlaşdırılmasından söhbət getdiyi üçün, qəbul olunması yolverilməzdir".