29 Aprel 2017
Mətni dəyiş
Aydan Məmmədova
Yaxınlarda Qaxa qatar bileti almaq üçün Dəmir Yol Vağzalına getmişdim. Köhnə Dəmir Yolu Vağzalı təmirə dayanandan bilet satışı üçün balaca bir otaq ayrılmışdı. Bu balaca qaranlıq otaqda əziyyətsiz rahat bilet almaq olurdu. Bu dəfə ordan dedilər ki, vağzal artıq təmirdən çıxıb ona görə bileti ordan almalısınız.
Geri qayıdıb vağzalın binasına daxil oluram. Doğrudan da yenilənmiş vağzal yaxşı görünür. Kassaların olduğu yerə gələndə çoxlu adam olduğunu gördüm. Düşündüm öz qatarlarının gəlmə vaxtını gözləyən adamlardı. Ancaq dəmir yolu işçisi bilet almaq üçün yaxındakı aparatdan gözləmə nömrəsini götürməli olduğumu bildirəndə bu adamların da bilet üçün növbəyə dayanmış adamlar olduğunu öyrəndim.
Nömrəmi götürüb boş yer tapıb əsəbi, qaşqabaqlı adamların içində otururam. İndi 50-ci adamın nömrəsi ekranlarda elan olunub, mənim nömrəm isə 132-dir. Satış çox ləng gedir, insanlar hamısı ah-uf deyinir.
Təzə təmirdən çıxmış yerdə 14 kassa var. Ancaq kassalardan yalnız 3-ü, bəzən 4-ü işləyir. Digər pəncərələr bağlıdır. Oturan hər kəs əsəbidir. İşləyən kassalar azdır, işləyənlər ləng işləyir, camaat isə çoxdan gözləyirlər. Az qala hamı bir nəfər kimi bu qədər növbəni gözləməli olduğunu görəndə sifəti gərilir, narazı halda gedib oturur, vaxt keçdikcə isə şikayətlənməyə başlayır. Hamı gərgindir, hətta bilet almaq istəyənlər kassa işçilərini də gərginləşdiriblər.
Ancaq heçnəyə baxmayaraq bir positivlik hər şeyə rəğmən dayanmadan insanların gözünə batır. Vağzalda quraşdırılmış sonsuz sayda (saymaqla bitmir) ekranlarda video rolik fırlanır. Bu videoda isə prezidentin vağzalın açılışında iştirakı, vağzal işçilərinin onu gülərüzlə qarşılaması, onun yeni təmirdən çıxmış vağzalı gəzməsi, təzə gətirilmiş surətli qatara baxış keçirməsi və sair təsvir olunur. Təkrar-təkrar. Bu pozitiv video heçnəyə baxmayaraq qaş-qabaqlı insanların başı üstündəki ekranlarda vağzalda olan hər kəsi özünün tamaşaçısına çevirir.
Təptəzə müasir vağzal heç kimi maraqlandırmır. Bu səliqə və parlaqlığa çox biganədir insanlar.
Burda otura-otura fikirləşirəm ki, bu yeni Vağzalda hökm sürən ab-hava elə bütöv ölkənin mənzərəsidir. Ölkənin mümkün hər yerində binalar təzələnir, nəsə yeni tikinti təqdim olunur, onun təm-təraqlı açılışı olur, amma insanlar buna çox biganədilər. Niyə? Çünki görülən işlərin heç biri səmərəliyə, insanların həyat və yaşayış səviyyəsini yaxşılaşdırmağa hesablanmır və onların həyatına heç bir rifah qatmır. Vağzal gözəl, səliqəli, müasir olsa da heç bir effektivlik gətirməyib. Əksinə insanlar əvvəl olduğundan daha çox növbədə dayanır, daha çox vaxt itirir, gərgin olur.
İş görənləri isə başqa şeylər maraqlandırır. İnsanların həyat şəraitinə, rifahına təsiri olmayan, effektsiz işlərin təkrar-təkrar ekranlarda nümayişi, təbliğat, təbliğat, təbliğat. İnsanlar isə vağzalda olduğu kimi şəxsi həyatlarında, güzəranlarında təsirini hiss etmədiklərinə ekranlara və orda göstərilənlərə biganə, qaşqabaqlı və gərgin.
Ekranda nömrəm elan olunur. Bileti alıb saata baxıram. Bir saat olub gözlədiyim...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.