19 Aprel 2017
Mətni dəyiş
nə qədər yoxluq çəkdi
qışdan çıxana qədər bu ağaclar
artıq bahar gəlməsə də olar
Əziz oxucu! Sənə öz həyatımdan bir anektot danışaq istəyirəm. Bilirəm anektot oxumağa həvəslisən, başqa nə edəsən; dövlətini qurmusan, azadlığını qazanmısan, neft buruqları da işləyir, indi bircə qalır anektot danışıb vaxtı yola vermək.
1989-cu ildə düz 10 illik “mübarizədən” sonra Məmməd İsmayılın redaktoru olduğu “Gənclik” jurnalında şeirlərimi çap etdirmişdim. 100 min tirajla çap olunan, ən ucqar kəndlərə qədər yayılan bu jurnalda çap olunmağa dəyərdi... Lakin bu çap olunmaq nə əziyyətlər bahasına başa gəlmişdi. Üniverstetə daxil olduğum vaxtdan – 1978-ci ildən başlayaraq qəzet və jurnal redaksiyalarına həmlələr edirdim. O vaxtın ədəbi mətbuatında; “Ulduz”, “Azərbaycan”jurnallarında, “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmaq istəyirdim, bu təbii istəyimi gerçəkləşdirmək mümkün deyildi, qarşımda YOX adlı bir divar vardı. Şeir və hekayələrimi bəyənirdilər, gözümün içinə deyirdilər, sən istedadlısan, amma çap oluna bilmirdim.
O vaxtın ədəbiyyat avtoritetlərilə, jurnal redaktorlarıyla ayrı-ayrılıqda görüşlərimi xatırlayıram. Baş redaktorlara, - Əkrəm Əylisli, Yusif-Vaqif Səmədoğlu, Anar... – irəli görüşlü sandığım hər kəsə şeirlərimi göstərirəm, xoş cavablar alıram, hətta şeirlərimi və ya hekayələrimi çap olunmaq üçün qəbul edirlər, ancaq nədənsə onlar itə-bata düşür, jurnal səhifələrinə gedən yolda qeyb olurlar. Bir dəfə Məmməd Orucun məsləhətilə (85 və ya 86-cı illərdə) Yazıçılar ittifaqının sədri İsmayıl Şıxlıya müraciət edirəm, Cahandar ağa kimi zəhmli bu insan Cabir Novruza, Cabir Novruz, İsa İsmayılzadəyə tapşırır, nəhayət 2 şeirimi, bəli cəmi-cümlətanı 2 şeirimi çap etmək üçün qəbul edirlər, gələn ilin 4-cü nömrəsində çap olunacaq deyirlər, tam 11 ay gözləməliyəm. Həmin vaxt yetişəndə “Azərbaycan” jurnalını alıram, mündəricatda adım yoxdur, bəlkə səhv ediblər, adımı mündəricata yazmayıblar, olur belə şeylər deyib vərəqləri çevirirəm, ancaq şeirlərim jurnalın içində də yox idi.
1984-cü il, gündəliyində Ramiz Rövşənlə bağlı qeydlər var. Çap imkanları olmasa da nədənsə onunla görüşə ehtiyac duymuşam. Bəlkə ondan mənəvi dəstək alıb, bir az özümə gəlmək istəmişəm. Kinostudiyanın küçə qapısında, qarovulçu budkasında Ramizlə görüşümü və onun dediyi bu sözləri xatırlayıram: “cavan azərbaycanlı balasısan, get özünə başqa bir iş tap, evlən ailə qur...” Şair bəlkə də irəlidə məni gözləyən çətinlikləri bildiyi üçün halıma acıyaraq bu sözləri deyib, şübhəsiz bu belədir. Lakin bu “cavan azərbaycanlı balası” söz birləşməsi sancağın ucundakı kəpənək kimi, yaddaşıma pərçimlənib.
Çap olunmaq nədir? Bir insanın özünü ifadə etməsi. Cavan azərbaycanlı balalarını onillər boyunca özünü ifadə imkanlarından məhrum ediblər. Səslər batırılıb. Səslər batırılıb. Səslər batırılıb...
İndi millət olaraq nə üçün bu qədər cılız olmağımızın səsəblərini axtarırıq. Səbəb uzaqlarda deyil, özümüz öz səsimizi batırmışıq. Sovet quruluşu hər hansı iki parça lirik şeiri çap etməyə yasaq qoymamışdı, təkcə Azərbaycanda belə eybəcər mənzərə vardı. Halbuki, bu gün şeir yazan cavan sabah kitab oxuyacaq, yazı mədəniyyətinə yiyələnəcəkdi, özünü yazaraq ifadə etməyi öyrənəcəkdi, şifahi düşüncədən qopacaqdı. Şeir yazanları masqaraya qoymaq, şair adını ucuzlaşdırmaq gənclərin son özünüifadə qaynağını da qurutmaq demək idi, dolayısıla bir cinayət idi.
Gerçək ziyalı aşıb-daşan bu gənclik qaynağını daha da genişləndirməli, bədii yaradıcılığı böyük industriya halına gətirməliydi, gələcək naminə, artıq gəlib çatmış həmin o gələcək naminə bunu etməliydi. Əsl ziyalı gələcəyi, yəni bu günü görməliydi. Lakin, iddiası özündən böyük ədəbiyyat generalları bunu görmədilər və etmədilər.
Nə qədər “cavan azərbaycanlı balası” susdurulmuş, bezdirilmiş, yolu bağlanmış, bilmirəm, bəlkə yüz minlərcə. Ancaq mənim kimi nə qədər inadkar, dəyirmanın boğazından diri çıxmış insan var? Artıq özünüz barmaq hesabı yapın.
Rasim Qaraca